Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1479/2023 07.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Nümayəndə tərəfindən Cavabdehə qarşı verilmiş “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən əsassız hesablanmış 719 (yeddi yüz on doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən tərtib olunaraq iş materiallarına əlavə edilmiş və məhkəməyə təqdim olunmuş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədin məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasında məktubla cavabdehə müraciət edərək hesablanmış borcun 10 gün ərzində silinməsini xahiş etmiş, bu baş vermədiyi təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin sənəd cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə göndərilmişdir. Bununla belə, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminin proses iştirakçıları bölməsindəki məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı sözügedən informasiya sistemində xx.xx.2023-cü il tarixində qeydiyyatdan keçərək elektron kabinet yaratmışdır. Yəni, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəddə göstərilən müddəti (yuxarıda istinad edilən məktuba əsasən 10 gün) gözləmədən elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu isə mübahisənin məhkəməyə qədər nizama salınmasının mümkünlüyünü istisna edən haldır. Göstərilənlər, yəni iddiaçının cavabdehə göndərdiyi pretenziya məktubunu elektron kabinetə öz adından daxil etməsi, elektron kabinetin xx.xx.2023-cü il tarixində yaradılması, eyni zamanda iddia ərizəsinin də həmin tarixdə cavabdehə göndərilməsi belə nəticəyə gəlməyə əsas verir ki, mübahisənin nizama salınması üçün pretenziya məktubunda göstərilən müddətə riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməsinə baxmayaraq, mübahisənin həlli üçün həmin sənəddə nəzərdə tutulmuş müddət başa çatmadığından hazırkı vəziyyətdə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Nümayəndə tərəfindən Cavabdehə qarşı verilmiş “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1479/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1479/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver