Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-148/2025 14.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 05 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli lizinq müqaviləsi üzrə 7326 (yeddi min üç yüz iyirmi altı) manat məbləğində əsas borc, 2554,89 (iki min beş yüz əlli dörd manat, səksən doqquz qəpik) manat məbləğində cərimə, 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində əsas borc, 3914,11 (üç min doqquz yüz on dörd manat, on bir qəpik) manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli və 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli müqavilələrə əsasən, cavabdeh dəyərini ödəmək şərtilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 15 oktyabr 2024-cü il tarixinə 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli lizinq müqaviləsi üzrə 7326 manat məbləğində əsasborcu yaranmış, 2554,89 manat məbləğində cərimə hesablanmış, 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsi üzrə isə 2990 manat məbləğində əsas borcu yaranmış, 3914,11 manat hesablananmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 27 noyabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəf qarşılıqlı razılaşma olmadan könüllü müqaviləni poza bilməz. İddiaçı pul tələbi barədə yox, müqavilənin ləğvinə dair iddia ilə məhkəməyə müraciət etməli idi. Tərəflər arasında bağlanmış müqavilələrdə müddət göstərilmədiyinə və həmin müqavilələr qüvvədə olduğuna görə, iddia ərizəsində göstərilən cərimələr silinməlidir. "xxxx" ASC-nin icraatında olan işlərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təhvil verilməsi barədə məlumatı olmamışdır. Lizinq predmeti olan texnikalar üzrə ödənişlər etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikində olan imzalar ona aid deyildir. Bu səbəbdən ekspertiza təyin olunmasını xahiş etmiş və 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi 14 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 28 dekabr 2024-cü il tarixli və 24 yanvar 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdi ki, hazırkı iddia tələbi cavabdehlə təmsil etdiyi təşkilat arasında bağlanmış müqavilələrin ləğvi ilə yox, borcun ödənilməsi ilə bağlıdır. Cavabdeh texnikaları götürdüyünü qəbul edir. Hətta ona zəng edərək borc məbləğini ödəyəcəyini bildirmiş, iddia ərizəsinin geri götürülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 25 noyabr 2019-cu il tarixdə həyata keçirilmişdir. Məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən hansısa ödəniş həyata keçirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdə müddət göstərilməsə də, müqavilənin müddəti ödəniş qrafiki ilə məhdudlaşır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 29000 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 2900 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 19 fevral 2015-ci il tarixli 544/ü nömrəli əmrindən və ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 26 fevral 2015-ci il tarixli aktdan görünür ki, 1 ədəd “Belarus-892” markalı traktor cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 23 dekabr 2024-cü ildir. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışından və 24 dekabr 2014-cü il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehinin həmin müqavilə üzrə 7326 manat məbləğində əsas borcu vardır, 2554,89 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 9880,89 manat təşkil edir. İş materiallarında olan 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 10450 manat olan kənd təsərrüfatı texnikasını (“AG-TS24” markalı gübrəsəpənlə taxılsəpən) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 2332 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 sentyabr 2021-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 02 oktyabr 2018-ci il tarixli 4922/ü nömrəli əmrindən və ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 03 oktyabr 2018-ci il tarixli 659 nömrəli aktdan görünür ki, 1 ədəd “AG-TS24” markalı gübrəsəpənlə taxılsəpən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışından və 02 oktyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 2990 manat məbləğində əsas borcu vardır, 3914,11 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 6904,11 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 24 dekabr 2014-cü il tarixli və 02 oktyabr 2018-ci il tarixli lizinq müqavilələri bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, nəticədə onun 24 dekabr 2014-cü il tarixli tarixli müqavilə üzrə 7326 manat, 02 oktyabr 2018-ci il tarixli müqavilə üzrə 2990 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli lizinq müqaviləsi üzrə 7326 manat, 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2990 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iş üzrə iki müqavilədən biri olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli lizinq müqaviləsinin ödəniş qrafikində olan imzaların ona məxsus olmadığını bildirsə də, məhkəmə iclaslarında iştirak etməmiş, o cümlədən etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən etirazda göstərilən digər hallar - müqavilənin müddətsiz olması, cavabdehə borc barədə məlumatın verilməməsi, iddiaçının ödənişlərin tələb edilməsi ilə bağlı deyil, müqavilənin ləğvi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu barədə dəlilləri əsaslı olmadığından təmin edilməməlidir. Hazırkı iddia tələbinin cavabdehdən 24 dekabr 2014-cü il tarixli lizinq müqaviləsi üzrə 2554,89 manat, 02 oktyabr 2018-ci il tarixli lizinq müqaviləsi üzrə 3914,11 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 24 dekabr 2014-cü il tarixli müqavilə üzrə 367 manat, 02 oktyabr 2018-ci il tarixli il tarixli müqavilə üzrə 150 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 30 oktyabr 2024-cü il tarixli 866593/01977 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 122,5 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli müqavilə üzrə 7326 manat məbləğində əsas borc, 367 manat məbləğində cərimə, 02 oktyabr 2018-ci il tarixli 1532- L/18 nömrəli müqavilə üzrə 2990 manat məbləğində əsas borc, 150 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 11333 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 122,5 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24 dekabr 2014-cü il tarixli 1970-L/14 nömrəli müqavilə üzrə 7326 (yeddi min üç yüz iyirmi altı) manat məbləğində əsas borc, 367 (üç yüz altmış yeddi) manat məbləğində cərimə, 02 oktyabr 2018-ci il tarixli 1532-L/18 nömrəli müqavilə üzrə 2990 (iki min doqquz yüz doxsan) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 11333 (on bir min üç yüz otuz üç) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 122,5 (yüz iyirmi iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-148/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-148/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver