Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1480/2023 16.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Maraqlı şəxsin iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2023-cü il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1045,9 (min qırx beş manat doxsan qəpik) manat vergi borcunun, ”C.M.V-1976” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 4491,84 (dörd min dörd yüz doxsan bir manat səksən dörd qəpik) manat vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 1554,7 (min beş yüz əlli dörd manat yetmiş qəpik) manat vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 7151,9 (yeddi min yüz əlli bir manat doxsan qəpik) manat vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - 22 avqust 1976-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək ərizədə qeyd olunanları qəbul etmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, o cümlədən hər hansı hüquqi şəxsin icra orqanının rəhbəri olmadığını, ərizədə adları qeyd olunmuş hüquqi şəxslərin adlarının ona tanış olmadığını bildirmişdir. Maraqlı şəxs həmçinin bildirmişdir ki, çalışdığı iş yerindəki digər fəhlələr vasitəsilə tanış olduğu Elman Hüseynov adlı şəxslə birlikdə 01 oktyabr 2022-ci və 07 oktyabr 2022-ci il tarixlərində Bakı şəhərində yerləşən, dəqiq xatırlamadığı “ASAN xidmət” mərkəzlərinə getmiş, həmin şəxs onu işə götürmək adı ilə aldadaraq orada bəzi sənədlərə qol çəkdirmiş, bunun müqabilində ona 150 manat məbləğində pul verilmiş, o, imza çəkdiyi sənədlərlə tanış olmamış, həmin vaxtdan sonra hər hansı işə çağrılmamış, ona vergi orqanından borc bildirişləri göndərildikdən sonra Elman adlı şəxslə 2 dəfə əlaqə saxlayıb bu barədə ona məlumat vermiş, sonuncu ona məsələnin ona aidiyyəti olmadığını, borc bildirişlərinin şəklini çəkib göndərməsini demiş, son vaxtlar isə həmin şəxsi tapa bilməmiş, o, telefonlara cavab verməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və işə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, vergi öhdəlikləri üzrə ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə 22 avqust 1976-cı il təvəllüdlü Maraqlı şəxs (ünvan: Şamaxı rayonu,Çarhan ərazi dairəsi, Nüydi kəndi) icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər "xxxx" MMC-nin 03 noyabr 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 1045,9 manat vergi borcu,”C.M.V-1976” MMC-nin dövlət büdcəsinə 4491,84 manat vergi borcu, "xxxx" MMC-nin dövlət büdcəsinə 1554,7 manat vergi borcu, "xxxx" MMC-nin dövlət büdcəsinə 7151,9 manat vergi borcu vardır və həmin vergi ödəyicilərinə borclarının ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC vergi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərindən ərizəçinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 03 noyabr 2023-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 1045,9 (min qırx beş manat doxsan qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, ”C.M.V-1976” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 4491,84 (dörd min dörd yüz doxsan bir manat səksən dörd qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 1554,7 (min beş yüz əlli dörd manat yetmiş qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7151,9 (yeddi min yüz əlli bir manat doxsan qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – 22 avqust 1976-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1480/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1480/2023
16.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver