Məhkəmə qərarları › İş №e-2-2(119)-1483/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1483/2023

16.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1483/2023 16.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2023-cü il tarixə hesablanmış dövlət büdcəsinə olan 2138,57 (iki min yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 3,66 (üç manat altmış altı qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 0,11 (on bir qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəçinin ərizəsində qeyd etdiyi məbləğlərdə vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərindən xəbərdar olduğunu, maddi sıxıntılarının olması səbəbindən həmin borcu vaxtında ödəyə bilmədiyini, mümkün olduğu təqdirdə, həmin borcların aylıq əmək haqqına yönəldilməsini, 2 ay ərzində ödəyəcəyini və ölkədən getmək hüququnun məhdudlaşdırılmamasını xahiş etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs – xx xxxxxxxx 1980-ci il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs (ünvan: ünvan 1krorayon, ev 22, mənzil 19) 18 sentyabr 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 2138,57 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 3,66 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 0,11 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, maraqlı şəxsin izahatında qeyd etdiyi hal, yəni ölkədən getmək hüququ məhdudlaşdırılmadan borclarının əmək haqqına yönəldilməsi mülki-prosessual qanunvericiliyin tələbləri və baxılan işin xüsusiyyətləri baxımından mümkün deyil. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 sentyabr 2023-cü il tarixinə hesablanmış 2138,57 (iki min yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 3,66 (üç manat altmış altı qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 0,11 (on bir qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi – xx xxxxxxxx 1980-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar