Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1510/2025 15.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi Vəkil iştirakı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 24 iyul 2025-ci il tarixə hesablanmış dövlət büdcəsinə olan 26099,19 (iyirmi altı min doxsan doqquz manat on doqquz qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 6,56 (altı manat əlli altı qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 0,75 (yetmiş beş qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxx 1975-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Vəkil 13 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq ərizə əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, vergi orqanının tələbində Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 6,56 manat və İcbari Tibbi Sığorta Fonduna 0,75 manat, dövlət büdcəsinə isə maliyyə sanksiyası üzrə 26099,19 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Halbuki, ərizəçinin tələbini əsaslandırmaq üçün ərizəsinə əlavə etdiyi 30 səhifəlik maliyyə cədvəlindən 25 oktyabr 2024-cü il tarixə sahibkarlıq fəaliyyəti göstərən Maraqlı şəxs dövlət büdcəsinə 1690,81 manat artıq ödəməsi olduğu müəyyən edilir. Yəni həmin tarixə vergi orqanının sahibkara borcu olmuşdur. İş üzrə Maraqlı şəxs fərdi sahibkar olaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Şahanə” şadlıq sarayını icarə müqaviləsi əsasında işlətmişdir. 2024-cü ilin oktyabrın 5-də keçirilən toy məclisində hazırda ərizəçi olan vergi orqanın nümayəndəsi iştirak edərək toy məclisində iştirak edən və sahibkarın göstərdiyi fəaliyyətə aidiyyatı olmayan şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 14 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 28000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə akt tərtib etmiş və həmin akt əsasında vergi orqanının “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 22 noyabr 2024-cü il tarixli **********0244 nömrəli qərarı ilə sahibkara 28000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarın mövcud olmasından tətbiq edilən cərimə məbləğinin ödənilməsinin tələb edilməsi vaxtı, yəni dekabr ayının əvvəlində Maraqlı şəxs məlum olmuş və o, vergi orqanına müraciət edərək ona aktın və qərarın surətinin verilmədiyini bildirdikdən sonra qərarın surəti təxminən 2024-cü ilin dekabr ayının 10-da şadlıq sarayında ona verilmişdir. Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22 noyabr 2024-cü il tarixli, **********0244 nömrəli Qərarı”ndan məhkəməyə şikayət verilmiş və inzibati iş hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Tətbiq edilən maliyyə sanksiyası ilə bağlı məhkəmə mübahisəsi başa çatmadan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdəsi tərəfindən Maraqlı şəxs poçt vasitəsi ilə xəbərdarlıq məktubu göndərilərək 26160,5 manat vergi borcunun (26099,19 maliyyə sanksiyasına görə 6,56 manat DSMF-na və 0,75 manat İcbari Tibbi Sığorta Fonduna) 15 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görüləcəyi bildirilmişdir. Həmin xəbərdarlığa cavab olaraq Maraqlı şəxs tərəfindən vergi orqanının ünvanına 05 avqust 2025-ci il tarixdə ərizə göndərilərək ödənilməsi tələb olunan vergi borcunun yaranması üçün əsas olmuş 22 noyabr 2024-cü il tarixli qərarın məhkəmədə mübahisələndirildiyi və qərarın ləğv edilməsinə dair inzibati şikayətin hazırda Sumqayıt İnzibati Məhkəməsinin icraatında olması bildirilmiş və məhkəmə işi üzrə yekun məhkəmə qərarı çıxarılana qədər hər hansı tədbirin tətbiq edilməməsi xahiş edilmişdir. Lakin buna baxmayaraq ona qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsassızdır və borc məbləği onun tərəfindən mübahisələndirilərək məhkəmənin icraatında olduğuna görə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi qanuna zidd və əsassızdır. Həmin ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsi Vəkil dinləyib, ərizəni, etirazı nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xx xxxx 1975-ci il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs 24 iyul 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 26099,19 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 6,56 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 0,75 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 iyul 2025-ci il tarixinə hesablanmış 26099,19 (iyirmi altı min doxsan doqquz manat on doqquz qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 6,56 (altı manat əlli altı qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 0,75 (yetmiş beş qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxx 1975-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1510/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1510/2025
15.08.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver