Məhkəmə qərarları › İş №e-2-2(119)-1516/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1516/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1516/2024 23.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 20 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 06 noyabr 2023-cü tarixli 44 nömrəli alqı-satqı müqaviləsi üzrə 23513 (iyirmi üç min beş yüz on üç) manat məbləğində borc, 881,73 (səkkiz yüz səksən bir manat, yetmiş üç qəpik) manat məbləğində cərimə və 164 (yüz altmış dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 06 noyabr 2023-cü tarixli 44 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq cavabdehə həmin müqavilənin predmetini təşkil edən yuyucu vasitələrinin satışını həyata keçirməyə başlamış, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni həmin vasitələrin dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 23513 manat borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 881,73 manat faiz borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 21 sentyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin müdafiə edildiyini bildirmiş və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 06 noyabr 2023-cü tarixli 44 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya (Cavabdeh MMC-yə) satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlində öz əksini tapır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 (otuz) gündən gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları” tərtib edilə bilər. Həmin müqavilənin 5.1.1-ci yarımbəndinə əsasən, satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü yarımbəndinə əsasən, alıcı malların dəyərinin bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. İş materiallarında olan iddiaçının və cavabdehin nümayəndələri tərəfindən imzalanmış, o cümlədən cavabdehin möhürü ilə möhürlənmiş 10 yanvar 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən, akt tərtib edilən tarixə cavabdehin iddiaçıya borc qalığının məbləği 23613 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci, 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 06 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmetini təşkil edən malları cavabdehə satmış, müqavilə üzrə alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 23513 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 06 noyabr 2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 23513 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbində cavabdehdən 881,73 manat məbləğində cərimənin tutulması xahiş edilmiş və bu tələb Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırılmışdır. İşin bu halı ilə bağlı məhkəmə, ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq tələb edilən pul vəsaiti cərimə deyil, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanan faiz məbləğdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı iddia tələbinin bu hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, iddia tələbində cavabdehdən 881,73 manat məbləğində pulun tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd (maliyyə arayışı və s.) təqdim edilməmişdir. Digər tərəfdən, tərəflər aralarında bağlanmış müqavilənin 3.2-ci və 3.3-cü bəndlərinə əsasən, alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 (otuz) gündən gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları” tərtib edilə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 10 yanvar 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və akt tərtib edilən tarixə cavabdehin iddiaçıya borc qalığının məbləğinin 23613 manat təşkil etməsi razılaşdırılmışdır. Müqavilənin 3.2-ci bəndinin şərti nəzərə alınmaqla aktın tərtib edildiyi 10 yanvar 2024-cü il tarixindən 30 gün keçdikdən sonrakı müddətdə cavabdehdən ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Buna görə də gecikdirilmiş vaxt üçün 881,73 manat cərimənin cavabdehdən tutulmasının əsaslılığı sübut edilmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 164 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 12 avqust 2024-cü il tarixli **********83 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 163,18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 160,54 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 06 noyabr 2023-cü tarixli 44/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 23513 manat məbləğində borc və 160,54 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23673,54 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 23513 (iyirmi üç min beş yüz on üç) manat məbləğində borc və 160,54 (yüz altmış manat, əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23673,54 (iyirmi üç min altı yüz yetmiş üç manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar