Məhkəmə qərarları › İş №e-2-2(119)-1518/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1518/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1518/2024 23.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti) 20 avqust 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la aralarında bağlanmış 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 18085,75 (on səkkiz min səksən beş manat, yetmiş beş qəpik) manat məbləğində borcun və 145 (yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh1 2013-cü il buraxılışlı, “Lexus GS350” markalı, JTHCE1BL105017886 ban nömrəli nəqliyyat vasitəsi 22 % dərəcəsi ilə 13 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar onunla və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər Cavabdeh2 ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 29 oktyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının adının dəyişdiyini və hazırda yeni adla - "MONETRİ” Bank olmayan Kredit Təşkilatı olaraq fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verdi. Bundan başqa, o, Cavabdeh2 lizinq predmeti olan avtomobilin zədəli vəziyyətdə təhvil verilməsi, iddiaçı təşkilatın əməkdaşları tərəfindən müxtəlif vədlər verilməsi barədə göstərdikləri barədə bildirdi ki, cavabdehə təmsil etdiyi təşkilatın hansısa əməkdaşı tərəfindən vədlər verilməsi barədə məlumata malik deyildir. Üstəlik, cavabdehlə bağlanmış lizinq müqaviləsində avtomobilin zədəli vəziyyətdə verilməsinin cavabdehi müəyyən ödənişlərdən azad etdiyi ilə bağlı bənd yoxdur. Həmçinin cavabdeh öz iddialarını təsdiq edən hər hansı yazılı sənəd, digər sübut təqdim etməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi avtomobil normal vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan qiymətləndirmə rəyi avtomobilin üçüncü şəxsə satışından əvvəl alınmışdır. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şirkətə avtomobilin şəkilləri göndərilmiş və həmin şirkət tərəfindən avtomobilin satışı üçün qiymət müəyyənləşdirilmişdir. Alqı-satqı müqaviləsində avtomobilin 47600 manat məbləğinə alındığı qeyd edilməsinə baxmayaraq ödəniş cədvəlində məbləğlərin cəminin 27000 manat qeyd edilməsinin səbəbi barədə budur ki, cavabdeh 47600 manat məbləğində dəyəri olan avtomobili almaq üçün özü müəyyən məbləğdə xərc çəkmiş, çatışmayan məbləğ üçün iddiaçı tərəfindən cavabdehin adına kredit ayrılmışdır. Avtomobilin dəyərinin 11500 manat məbləğinə düşməsinin səbəbi onun üçüncü şəxsə satılarkən qəzalı vəziyyətdə olması olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında gecikdirilmiş əsas borc dedikdə, kreditin verildiyi tarixdən 2024-cü ilin aprel ayına qədər yığılan borc, gecikmədə olmayan əsas borc dedikdə isə 2024-cü ilin aprel ayından həmin ilin oktyabr ayına qədər olan gecikməyə düşməyən borc nəzərdə tutulur. Cavabdehlərə 27754 manat məbləğində kredit ayrılmış, avtomobil üçüncü şəxsə satılana kimi 1831,75 manat məbləğində faiz borcu yığılmışdır. Avtomobil satıldıqdan sonra faiz borcunun hesablanması dayandırılır. Avtomobilin satışından əldə edilən 11500 manat məbləğ 8668,25 manat əsas borcdan, 1831,75 manat isə faiz borcundan silinmiş və iddia tələbində qeyd edilən yekun məbləğ əldə edlmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixində tarixində keçirilmiş iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, işin halları ilə bağlı digər Cavabdeh2 daha ətraflı məlumata malikdir, o, sadəcə olaraq təqdim olunan sənədləri imzalamışdır. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixində tarixində keçirilmiş iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, lizinq müqaviləsinin predmeti olan avtomobil zədəli vəziyyətdə olmuş, iddiaçı təşkilatla danışıqlar apararaq avtomobilin təmiri üçün ona müəyyən müddət vaxt verilməsini xahiş etmiş, təmir etdikdən sonra satışa çıxaracağını bildirmişdir. Lizinq müqaviləsi 2023-cü ilin oktyabr ayında onun əmisi oğlu olan hazırkı iş üzrə digər Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış və ona maşının lizinq fəaliyyəti ilə bağlı etibarnamə veriləcəyi deyilsə də, sonradan bu fəaliyyətə icazə verilmədiyi bildirilmişdir. Atası avtomobili iddiaçı təşkilata qaytarmağını məsləhət görmüşdür. Avtomobil təxminən 28 gün onda qalmış, sonra o, həmin avtomobili iddiaçı təşkilata təhvil vermişdir. Müqavilədə avtomobilin ona saz vəziyyətdə verildiyi qeyd edilsə də, avtomobil saz vəziyyətdə deyil, zədəli vəziyyətdə olmuşdur və bunu təsdiq edən videogörüntüləri təqdim edə bilər. İddiaçı təşkilat özbaşına olaraq avtomobili 11500 manat məbləğində satışa çıxarmışdır, lakin həmin avtomobilin dəyəri 22000 ABŞ dollardır. Avtomobil satışa çıxarılan zaman iddiaçı təşkilatın ona bu barədə məlumat verməsinin əhəmiyyəti barədə bildirir ki, ona tanışları izah etmişdir ki, müqavilə üzrə öhdəlikləri var, o, avtomobili təhvil verdikdən sonra müqavilənin adından çıxarılmasını xahiş etmişdir, lakin müqavilə adından çıxarılmamışdır. Buna görə də avtomobili təhvil versə də, iddiaçı təşkilatla mütəmadi olaraq əlaqə saxlamışdır. İddiaçı təşkilatın işçisi olan Vüsal adlı şəxsə təşkilatın razılaşmaya uyğun davranmadığını, həmçinin avtomobilin xərclərini qarşılaya bilməyəcəyini bildirmiş və avtomobili aparıb iddiaçı təşkilatın Xırdalan filialının qarşısına qoymuşdur. 2023-cü ilin oktyabr ayında müqavilə bağlanılmasına və həmin ilin dekabr ayına qədər avtomobil onun istifadəsində olmasına baxmayaraq lizinq ödənişi edilməməsinin səbəbi müqavilə bağlanılmamışdan əvvəl şifahi qaydada ona təmir üçün 2 ay vaxt verilməsinin bildirilməsi olmuşdur. O, müqavilə bağlayarkən öhdəlikləri barədə məlumatlı olmadan müqaviləni imzalamışdır. Sonradan tanışlardan belə problemlərin yarana biləcəyini öyrənmişdir, yəni bu ana qədər bu qədər məbləğdə borc yaranacağından məlumatı olmamışdır. Ona müqavilə bağlayarkən 2 ay ərzində təmir üçün vaxt veriləcəyi bildirilmiş, həmin müddət ərzində ödəniş tələb edilməyəcəyi və təmirdən sonra “rent a car” fəaliyyətinə icazə veriləcəyi deyilsə də, sonradan etibarnamə verilə bilməyəcəyi bildirilmişdir. Avtomobilin ona zədəli vəziyyətdə təhvil verildiyini, avtomobilin dəyərinin 22000 ABŞ dollarında olduğunu, iddiaçı təşkilatın Xırdalan filialın tərəfindən verilmiş vədlərə uyğun davranılmadığını təsdiq edən sənədlər təqdim edə bilər. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş 2013-cü il buraxılışı olan “Lexus GS350” minik markalı JTHCKİBLİ05017886 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə elməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, lizinq obyekti lizinq verən tərəfindən alqısatqı müqaviləsi əsasında lizinq alanın müstəqil olaraq seçdiyi satıcıdan alınır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, alqı-satqı müqaviləsi üzrə əldə edilən, lizinq obyektinin qiyməti 47600 manat təşkil edir. Həmin müqavilənin 3.3.1-ci yarımbəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlər qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 31445 manat 22 faiz dərəcəsi ilə 13 ay müddətinə təşkil edir. Bu məbləğdən 3691 manat lizinq verənin mükafatı təşkil edir. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə ödəniş öhdəliklərinin ləğvinə səbəb olmur. İş materiallarında olan həmin lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən cavabdehin 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə aylıq ödəniş məbləği 2418,85 manat olmaqla, son ödəniş tarixi 20 noyabr 2024-cü il tarixidir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçıya məxsus “Lexus GS350” minik markalı, JTHCE1BL105017886 ban nömrəli, **- PB-*** qeydiyyat nişanlı avtomobil cavabdehə təhvil verilmişdir. İş materiallarında olan iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış (lizinq alan Cavabdeh1 tərəfindən də imzalanmış) 20 oktyabr 2023-cü il tarixli 6565 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə iddiaçı ilə borcalan (Cavabdeh1) arasında bağlanmış 20 oktyabr 2023-ci il tarixli 6565 nömrəli lizinq müqaviləsi üzrə BOKT (iddiaçı) qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, bu müqavilə borcalanın BOKT qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. İş materiallarında olan “X1 Consulting Services” MMC tərəfindən təqdim edilən ekspert rəyindən görünür ki, verilmiş avtomobilin qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən, “Lexus GS350” minik markalı avtonəqliyyat vasitəsinin 09 fevral 2024-cü il tarixinə olan bazar dəyəri 8500 manat (5000 ABŞ dolları) təşkil edir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli 07 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı İddiaçı BOKT MMC “Lexus GS350” minik markalı JTHCEİBLİ05017886 ban nömrəli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, avtomobilin satış qiyməti 11500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli 1125/24 nömrəli maliyyə arayışından görünür ki, lizinqin məbləği 27754 manat, lizinq borcu üzrə son ödənilmiş borc məbləği 11500 manat təşkil edir. Arayışa əsasən, gecikdirilmiş vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 11456,52 manat, gecikdirilmiş əsas borcun məbləği 6629,23 manat və hazırda mövcud olan ümumi borcun məbləği 18085,75 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla məhkəmə müəyyən etdi ki, iddiaçı və Cavabdeh1 arasında 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmış, bu müqavilə ilə “Lexus GS350” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 lizinqə verilmişdir. Avtomobilin dəyərinin 27754 manatlıq hissəsinin lizinq dəyəri təşkil etməsi tərəflər arasında razılaşdırılmış, Cavabdeh1 20 noyabr 2023-cü il tarixdən başlayaraq 20 noyabr 2024-cü il tarixədək hər ay 2418,85 manat məbləğində lizinq ödənişi etməli olmasına baxmayaraq hər hansı ödəniş etməmiş, avtomobil təxminən 1 ay müddətində, yəni müqavilənin bağlandığı və təhvil-təslim aktı əsasında avtomobilin təhvil verildiyi 20 oktyabr 2023-cü il tarixindən həmin ilin noyabr ayının sonunadək cavabdehin istifadəsində olduqdan sonra avtomobil iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən həmin avtomobil xx.xx.2024-cü il tarixində üçüncü şəxsə 11500 manat məbləğinə satılmış və həmin məbləğ cavabdehin ödəməli olduğu lizinq ödənişlərindən çıxılmışdır. Beləliklə, Cavabdeh1 lizinq ödənişlərini ödəmək vəzifəsini vaxtında və ardıcıl olaraq ödəməyərək üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Sözügedən müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da iddiaçı qarşısında lizinq alan ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Cavabdeh2 məhkəmənin 11 sentyabr 2024-cü il tarixində keçirilmiş hazırlıq iclasında verdiyi izahatda iddiaçı tərəfindən avtomobilin zədəli vəziyyətdə təhvil verilməsini, avtomobilin üçüncü şəxsə satılarkən dəyərinin 11500 manat deyil, 22000 ABŞ dollarında olmasını, iddiaçı təşkilatın Xırdalan filialı tərəfindən verilmiş vədlərə uyğun davranılmadığını qeyd etmiş və bu halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Həmin iclasdan sonra 23 sentyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etsə də, qeyd etdikləri ilə bağlı hər hansı sübut təqdim etməmiş, 07 oktyabr 2024-cü il tarixli, 29 oktyabr 2024-cü tarixli və 23 noyabr 2024-cü il tarixli iclaslarda isə iştirak etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM - 14.2-ci maddə) və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM - 77.1-ci maddə). Digər tərəfdən, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin predmetini təşkil edən “Lexus GS350” markalı avtomobil təhvil-təslim aktı əsasında 20 oktyabr 2023-cü il tarixli cavabdehə təhvil verilmişdir. Həmin akta avtomobilin zədəli və ya nasaz vəziyyətdə olması barədə cavabdeh tərəfindən hər hansı qeyd daxil edilməmişdir. Üçüncü bir tərəfdən, Mülki Məcəllənin 748-1.2-ci maddəsində göstərilir ki, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Cavabdeh lizinq obyekti olan avtomobilin ona zədəli vəziyyətdə təqdim edildiyini iddia etsə də, öz iddiasını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Avtomobilin üçüncü şəxsə satılarkən dəyərinin 11500 manat deyil, 22000 ABŞ dollarında olmasına gəldikdə, iş materiallarına əlavə edilmiş iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 01 aprel 20240-cü il tarixli alqı-satqı müqaviləsinin məzmununda avtomobilin 11500 manata satılması bilavasitə təsbit edilmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, sözügedən avtomobilin 09 fevral 2024-cü il tarixinə olan bazar dəyəri 8500 manat məbləğində qiymətləndirilmişdir. Başqa sözlə, cavabdehin göstərdiyi dəlillər iş materialları ilə təsdiq edilmir, o, özü də dəlilləri ilə bağlı məhkəyə hər hansı sübut təqdim etməmişdir və bunlara əsasən, məhkəmə bu dəlillərlə cavabdehin mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi güddüyü qənaətinə gəlir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə 18085,75 manat borcun tutulması hissəsində təmin edilməli və cavabdehlərdən müştərək qaydada 18085,75 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 145 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair hissəsinə gəldikdə, iş materiallarında olan 13 avqust 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsinə əsasən 18085,75 manat məbləğində borc və 145 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18230,75 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20 oktyabr 2023-cü il tarixli ML/6565 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 18085,75 (on səkkiz min səksən beş manat, yetmiş beş qəpik) manat məbləğində borc və 145 (yüz qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18230,75 (on səkkiz min iki yüz otuz manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı: "xxxx" Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar