Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1528/2023 27.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 20 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 9967,68 (doqquz min doqquz yüz altmış yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 3656,48 (üç min altı yüz əlli altı manat, qırx səkkiz qəpik) manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 250,45 (iki yüz əlli manat, qırx beş qəpik) manat pul vəsaiti, eləcə də ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 14084,61 (on dörd min səksən dörd manat, altmış bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı - İddiaçı MMC sürtkü yağları və filterləri alıcının - Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə cavabdehin 9967,68 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə, qiymət razılaşdırılması protokollarına, elektron qaimələrə və təhvil-təslim aktlarına əsasən cavabdehə təhvil aldığı məhsulların miqdarı və qiymətləri məlum olsa da, o, öhdəliyin icrasından boyun qaçırmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, cavabdehdən 9967,68 manat məbləğində əsas borc, 3656,48 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün 250,45 manat pul vəsaiti, eləcə də ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 14084,61 manat məbləğində pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 fevral 2022-ci il tarixli, FT18022022AV02 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri alıcının (Cavabdeh MMC) mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının sifarişinə əsasən satdığı malı qaimə-faktura və ya təhvil-təslim aktı əsasında alıcının Bakı şəhərindəki anbarlarında təhvil verir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər “X1”na əsasən həyata keçirilir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2 % həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. Həmin Müqavilənin 8-ci bəndinə əsasən müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin həcmini tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 12-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 31 dekabr 2023-cü il tarixinədək qüvvədə qalır. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli 2 141 nömrəli X1na əsasən 5740 manat, 19 may 2023-cü il tarixli 3 034 nömrəli X1na əsasən 1787,70 manat, 22 may 2023cü il tarixli 3 052 nömrəli X1na əsasən 672,60 manat, 09 iyun 2023-cü il tarixli 3 243 nömrəli X1na əsasən 3798,56 manat, 12 iyun 2023-cü il tarixli 3 255 nömrəli X1na əsasən 1638,01 manat məbləğində malın qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli, 2 141 nömrəli təhvil-təslim aktına əsasən 5740 manat, 19 may 2023-cü il tarixli 3 034 nömrəli təhvil-təslim aktına əsasən 1787,70 manat, 22 may 2023-cü il tarixli, 3 052 nömrəli təhvil-təslim aktına əsasən 672,60 manat, 09 iyun 2023-cü il tarixli 3 243 nömrəli təhvil-təslim aktına əsasən 3798,56 manat, 12 iyun 2023-cü il tarixli 3 255 nömrəli təhvil-təslim aktına əsasən 1638,01 manat məbləğində mal alıcı tərəfindən təhvil alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 5740 manat dəyərində malın satılması ilə əlaqədar 09 fevral 2023-cü il tarixli EBCO seriyalı 544070 nömrəli, 1787,70 manat dəyərində malın satılması ilə əlaqədar 19 may 2023-cü il tarixli EBDG seriyalı 030915 nömrəli, 672,60 manat dəyərində malın satılması ilə əlaqədar 22 may 2023-cü il tarixli EBDG seriyalı 116213 nömrəli, 3798,56 manat dəyərində malın satılması ilə əlaqədar 09 iyun 2023-cü il tarixli EBDH seriyalı 554188 nömrəli, 1638,01 manat dəyərində malın satılması ilə əlaqədar 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 717785 nömrəli elektron qaimələr təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehə 09 fevral 2023-cü il tarixli EBCO seriyalı 544070 nömrəli, 19 may 2023-cü il tarixli EBDG seriyalı 030915 nömrəli, 22 may 2023-cü il tarixli EBDG seriyalı 116213 nömrəli, 09 iyun 2023-cü il tarixli EBDH seriyalı 554188 nömrəli və 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 717785 nömrəli elektron qaimələr üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 9967,68 manat təşkil edir. Arayışa əsasən, həmin qaimələr üzrə ödənişlərin gecikdirildiyi günlər üzrə 3656,48 manat məbləğində dəbbə pulu və pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 250,45 manat məbləğində faiz hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 18 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan sürtkü yağlarını və filterləri cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 9967,68 manat məbləğində borcu yaranmışdır. Bu hal yuxarıda istinad edilən sübutlarla (xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, 09 fevral 2023-cü il tarixli, 19 may 2023-cü il tarixli, 22 may 2023-cü il tarixli, 09 iyun 2023-cü il tarixli və 12 iyun 2023-cü il tarixli elektron qaimələr, eyni tarixli qiymət razılaşdırılma protokolları və eyni tarixli təhvil-təslim aktları, maliyyə arayışı) tam sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 18 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9967,68 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddia tələbinin cavabdehdən 3656,48 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 3656,48 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq cavabdehdən cəmi 450 (dörd yüz əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 250,45 manat məbləğin tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Buna görə də gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 250,45 manat məbləğin tutulması barədə iddia tələbinin əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02376 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 (iki yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 9967,68 manat məbləğində əsas borc, 450 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 10627,68 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 121,25 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdən 9967,68 (doqquz min doqquz yüz altmış yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 450 (dörd yüz əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 10627,68 (on min altı yüz iyirmi yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən dövlət nəfinə 121,25 (yüz iyirmi bir manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1528/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1528/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver