Məhkəmə qərarları › İş №e-2-2(119)-1534/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1534/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1534/2022 07.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat məbləğində borcun və 60 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 iyun 2020ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə-fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişləri qəbul etməyi və alıcıya təhvil verməyi öz üzərinə götürür. Alıcı malı müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə-fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür. Elektron qaiməfakturalar satıcı və alıcı arasında əlavə olaraq razılaşdırılır, bu müqavilənin ayrılmaz hissəsi sayılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin və ya malın qiyməti müqavilənin ayrılmaz hissəsi olan elektron qaimə-fakturalarda göstərilmişdir. Elektron qaimə-fakturalar hər iki tərəfdən razılaşdırılır və onun qiyməti manatla müəyyən edilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı satıcıdan bilavasitə təhvil almazdan qabaq və ya təhvil aldıqdan sonra ödəməlidir. Müqavilədə malın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Ödəniş hesaba köçürmə qaydası ilə aparılır. 07 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 851115 nömrəli elektron qaiməyə əsasən 10000 manat məbləğində (ƏDV ilə birlikdə) malı İddiaçı cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən 10 mart 2021-ci il tarixdə 2500 manat (2118,64 manat + 381,36 manat ƏDV), 17 may 2021-ci il tarixdə 1200 manat (1016,95 manat + 183,05 manat ƏDV), 24 iyun 2021-ci il tarixdə 1200 manat (1016,95 manat + 183,05 manat ƏDV), 26 iyul 2021-ci il tarixdə 1200 manat (1016,95 manat + 183,05 manat ƏDV) olmaqla cəmi 6100 manat (5169,49 manat + 930,51 manat ƏDV) məbləğində pul vəsaiti İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüşdür. Lakin müqavilə üzrə 3900 manat (3198 manat + 702 manat ƏDV) məbləğində pul vəsaiti cavabdeh tərəfindən bu günədək satıcının hesabına ödənilməmişdir. Göstərilənlərə və Cavabdeh göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq borc ödənilməmiş, həmin məktublara cavab verilməmişdir. İddiaçı tərəfindən Mediasiya şurasına müraciət olunmuş, İddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilmiş və cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən 09 avqust 2022ci il tarixli, MŞB/6-4490 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli e-2-2(119)- 1534/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, 01 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin tərəflərin imzaladığı nüsxəsini tapmadıqlarından məhkəmə təqdim edə bilmədiklərini, müxtəlif növ ayaqqabıların satılması ilə əlaqədar cavabdehə üç dəfə elektron qaimə təqdim edildiyini, malların tərəflər arasında yaranmış işgüzar münasibətlərə əsasən təhvil-təslim aktı olmadan Cavabdeh verildiyini, birinci və ikinci elektron qaimələr üzrə satılan malların dəyərinin cavabdeh tərəfindən tam ödənildiyini, 07 oktyabr 2020-ci il tarixli elektron qaimə üzrə üzrə isə 6100 manat ödəniş edildiyini, 3900 manat borc qaldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında tərəflər arasında alqı-satqı münasibətləri olduğunu etiraf etmiş, lakin 01 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsini tapmadığından məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Həmçinin o, müxtəlif növ ayaqqabıların satılması ilə əlaqədar iddiaçının ona üç dəfə elektron qaimə təqdim etdiyini, 01 iyun və 23 iyun 2020-ci il tarixli elektron qaimələrdə göstərilən mallar təhvil verildiyindən onların dəyərini ödədiyini bildirmişdir. 07 oktyabr 2020-ci il tarixli elektron qaimədə göstərilən 10000 manat dəyərində olan maldan ona 6100 manat dəyərində olan hissəsi təqdim olunmuş və həmin məbləği iddiaçının hesabına ödəmişdir. Lakin 3900 manat dəyərində mal ona təqdim olunmamış, həmin elektron qaimə təqdim olunduqdan bir il sonra bir neçə dəfə, sonuncu dəfə 2022-ci ilin avqust ayında iddiaçıya malların qismən geri qaytarılması barədə elektron qaimə göndərsə də, sonuncu həmin qaimələri təsdiq etmədiyindən sistemdən həmin qaimələr silinmişdir. Malların təhvil verilməsi ilə bağlı əvvəllər aralarında təhvil-təslim sənədi imzalanmamışdır. 3900 manat dəyərində ayaqqabılar ona təqdim edilməmişdir. Buna görə o, iddiaçıdan həmin dəyərdə malın ona təhvil verilməsi barədə sənədin təqdim olunmasını tələb edir. Sonda iddianı qəbul etmədiyini bildirmiş və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 iyun 2020-ci il tarixli EBAL seriyalı 491097 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) tərəfindən alıcı Cavabdeh (VÖEN **********) 6001,01 manat dəyərində müxtəlif növ ayaqqabıların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuş və qaimənin təqdim olunma əsası kimi 01 iyun 2020-ci il tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan 01 iyul 2020-ci il tarixli EBAL seriyalı 849850 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 10000,50 manat dəyərində müxtəlif növ ayaqqabıların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuş və qaimənin təqdim olunma əsası kimi 01 iyun 2020-ci il tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 01 iyun 2020-ci ildən 31 avqust 2020-ci il tarixə olan hesabından çıxarışdan görünür ki, malların satılması ilə əlaqədar təqdim olunan hər iki elektron qaimədə göstərilən məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İş materiallarında olan 07 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 851115 nömrəli qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh 10000 manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuş və qaimənin təqdim olunma əsası kimi 01 iyun 2020-ci il tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən 07 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş “E-qaimə” altsistemdən yaxud çıxarışdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 07 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 851115 nömrəli elektron qaimə cavabdehin özü tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 10 mart 2021-ci il tarixli 000İPX1210691D9E nömrəli ödəniş tapşırığı əsasında 2118,64 manat, 17 may 2021-ci il tarixli 000İPX121137073C nömrəli ödəniş tapşırığı əsasında 1016,95 manat, 24 iyun 2021-ci il tarixli 000İPX121175100C nömrəli ödəniş tapşırığı əsasında 1016,95 manat və 26 iyul 2021-ci il tarixli 000İPX1212071C0D nömrəli ödəniş tapşırığı əsasında 1016,95 manat məbləğində ödəniş həyata keçirilmişdir və həmin ödənişlərin təyinatı və əsası bölməsində EBAQ seriyalı 851115 nömrəli elektron qaimə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 10 mart 2021-ci il tarixdə 381,36 manat, 17 may 2021-ci il, 24 iyun 2021-ci il və 26 iyul 2021-ci il tarixlərin hər birində isə 183,05 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və işin konkret halları ilə müəyyən edilmişdir ki, hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin məhkəməyə təqdim edilməməsinə baxmayaraq tərəflər arasında alq-satqı münasibətləri mövcud olmuş, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh müxtəlif dəyərdə ayaqqabılar satılmış və bununla əlaqədar cavabdehə üç dəfə elektron qaimə təqdim olunmuşdur. Ayaqqabıların satılması ilə əlaqədar verilmiş 23 iyun 2020-ci il tarixli EBAL seriyalı 491097 nömrəli və 01 iyul 2020-ci il tarixli EBAL seriyalı 849850 nömrəli elektron qaimələrdə göstərilən məbləğlər cavadeh tərəfindən iddiaçının hesabına ödənilmişdir. Eyni zamanda İddiaçı tərəfindən alıcı Cavabdeh 10000 manat dəyərində ayaqqabıların satılması ilə əlaqədar təqdim edilmiş 07 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 851115 nömrəli elektron qaimə Cavabdeh özü tərəfindən təsdiq olunmuş və həmin elektron qaimə üzrə 6100 manat məbləğində ödəniş edilmişdir. Qalan 3900 manat məbləğində borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçı ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdehdən 3900 manat məbləğində borcun tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən alıcı Cavabdeh 10000 manat dəyərində ayaqqabıların satılması ilə əlaqədar təqdim edilmiş 07 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 851115 nömrəli elektron qaimə cavabdehin özü tərəfindən təsdiq edilmişdir. 3900 manat dəyərində mal təhvil verilmədiyi halda o, iddiaçı tərəfindən ona göndərilmiş həmin elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirə bilərdi. Lakin hazırkı işdə bu hal mövcud olmadığına görə bu hal cavabdehin iddiaçının göndərdiyi malları təhvil alması və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən müəyyən olunur ki, Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, buna görə iddia tələbi əsaslıdır və ödənilməmiş 3900 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 3900 manat məbləğində borc tutulmalıdır. Həmçinin mediasiya ilə əlaqədar İddiaçın tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eləcə də, Cavabdeh dövlət nəfinə 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh (VÖEN **********) 3900 (üç min doqquz yüz) manat məbləğində əsas bоrc və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 3960 (üç min doqquz yüz altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar