Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1540/2025 04.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə 279,24 (iki yüz yetmiş doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 14 noyabr 2022-ci il tarixli 05/23-177 nömrəli alğı-satqı müqaviləsinə əsasən, cavabdeh Bərdə rayonu, Mollalı kəndi ərazisində 3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5734,26 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 56 manat məbləğində çöp doğrama, 190 manat məbləğində şum, 120 manat məbləğində mala, 84 manat məbləğində kanal çəkmə, 51 manat məbləğində çiyid səpini, 243 manat məbləğində kultivasiya, 190 manat məbləğində gübrə kultivasiya, 384 manat məbləğində dərman səpini, 810 manat məbləğində pambığın maşınla yığımı, 2400 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1088 manat məbləğində gübrə və dərman, 397,5 manat məbləğində lifsiz çiyid olmaqla, ümumilikdə 6013,5 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, çəkisi 7184,78 kq olan 5734,26 manat dəyərində xam pambıq təhvil vermiş,çəkilmiş xərcdən bu günədək iddiaçıya 279,24 manat məbləğində borcu qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli 05/23- 177 nömrəli xam pambığın alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini alıcı (iddiaçı “P-Aqro MMC) tərəfindən satıcıya (Cavabdeh) məxsus (mülkiyyətində və ya istifadəsində olan) Bərdə rayonu, Mollalı kəndində yerləşən 3 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Həmin müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, satıcıya məxsus torpaq sahəsində görülmüş işlər növbəti gündən gec olmayaraq satıcının, iş icraçısının və alıcının məsul şəxsinin iştirakı ilə üç nüxsədən ibarət aktlaşdırılır. Nüsxələrdən biri satıcıya, biri alıcıya, üçüncü nüsxə isə "xxxx" MMC-nin mühasibatlığına təqdim olunur. Həmin müqavilənin 2.1.7-ci yarımbəndinə əsasən, alıcı satıcının yetişdirdiyi pambığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam-pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və satıcının bütün borcları, ilk növbədə 2017- 2022-ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra 15 bank günündən gec olmayaraq dəyərini ödəyir. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini alıcıya ödəmək üçün (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair" Təlimatın tələblərinə müvafiq qaydada 30 noyabr 2021-ci il tarixədək alıcıya təhvil verir; təhvil verilən xam-pambığın dəyəri alıcıdan alınan avans məbləğin (hər hansı formada göstərilən xidmətin dəyəri də daxil olmaqla) dəyərindən az olarsa, o zaman alıcıya həmin yaranan fərqi ödəyir. İş materiallarına əlavə edilmiş həmin müqaviləyə 1 nömrəli Əlavə olan X1 tərəflər göstəriləcək aqrotexniki xidmətlərin adlarını, texnikaların modellərini və hər hektar üçün xidmətin dəyərini razılaşdırmışdırlar. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 25 yanvar 2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından (qarşılıqlı hesablaşma üzrə üzləşmə aktından) görünür ki, fermer Cavabdeh yekun borcu 279,24 manat məbləğində təşkil etmişdir. İş materiallarına, həmçinin göstərilmiş xidmətlər barədə aktlar, iddiaçı tərəfindən cavabdehin hesabına ödənişlər həyata keçirildiyini təsdiq edən ödəniş tapşırıqları və təhvil-qəbul aktları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında bağlanılmış 14 noyabr 2022-ci il tarixli 05/23-177 nömrəli xam pambığın alqısatqısına dair müqaviləyə əsasən, iddiaçı cavabdehə məxsus (mülkiyyətində və ya istifadəsində olan) Bərdə rayonu, Mollalı kəndində yerləşən 3 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində cavabdehə təhvil verilməsini, cavabdeh isə iddiaçının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə öhdəlikləri iddiaçı tərəfindən icra edilsə də, cavabdeh öhdəliklərini lazımi qaydada həyata keçirməmiş və iddiaçının ödədiyi avans məbləğlərinə müvafiq olaraq xam pambıq təhvil verməmiş, eyni zamanda onun dəyərini də ödəməmişdir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından (qarşılıqlı hesablaşma üzrə üzləşmə aktından) görünür ki, cavabdehin yekun borcu 279,24 manat məbləğində təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 279,24 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 30 iyun 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 279,24 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 309,24 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 279,24 (iki yüz yetmiş doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 309,24 (üç yüz doqquz manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “P-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1540/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1540/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver