Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1554/2022 20.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin 26 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 130645,79 (yüz otuz min altı yüz qırx beş manat 79 qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri - xx xxxx 1971-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etmədiyini bildirərək göstərdi ki, o, heç bir vaxt Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin rəhbəri olmamışdır. O, 2016-cı ildə torpaq sahələrində islahatlar aparılanda Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının göstərişi ilə işçi qrupunun rəhbəri olsa da, həmin hüquqi şəxsdə hər hansı bir səlahiyyətli vəzifəyə təyin olunmamış və əmək haqqı almamışdır. Həmin islahat komisiyası da İcra Başçısının sərəncamı ilə müəyyən edilmiş islahatı 2017-ci ildə bitirərək, öz işini yekunlaşdırmışdır. Vergi Orqanı tərəfindən vergi borcunun olması barədə məktub alandan sonra o, həmin İdarənin rəhbəri kimi qeydiyyatda olduğunu bilmişdir. Lakin o, həmişə dövlət qulluğunda olmaqla, dövlət idarələrində işləmiş və hal-hazırda da o, dövlət qulluqçusu olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında X6 X1 sektorunun müdiridir. Buna görə də, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına razı deyildir və məhkəmədən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş ərizənin təmin olunmamasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1971-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: Xaçmaz rayonu, Qusarçay kəndi) icra orqanının rəhbəri kimi qeyd olunmuş hüquqi şəxs Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin 26 iyul 2022-ci il tarixə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 130645,79 manat məbləğində borcu vardır. Lakin, məhkəmə araşdırması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş "E- Sosial" xidməti vasitəsi ilə əldə edilmiş Sosial Arayışın məzmunundan və Əmək Kitabçasının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, müvafiq ixtisas dərəcəli dövlət qulluqçusu olan Maraqlı şəxs 12 may 2016-cı ildən qüvvədə olan 32D6PN000204 nömrəli Əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 X1 sektorunun müdiri vəzifəsində işləyir. Eyni zamanda, həmin sənədlərlə müəyyən olunur ki, o, bundan əvvəl də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 İnkişaf Mərkəzinin və yaxud, Xaçmaz rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmiş 2006-cı ildən hal-hazıradək işlədiyi həmin dövlət qrumlarından əmək haqqı almışdır. Maraqlı şəxs Əmək Kitabçasında və "E-Sosial" xidməti vasitəsi ilə əldə edilmiş Sosial Arayışda vergi ödəyicisi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsində hər hansı bir vəzifədə işləməsi və həmin İdarədən əmək haqqı alması barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. Beləliiklə də, təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmir. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs məhkəməyə, onun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə malik olmamasını və Kənd Təsərrüfatı Nazirliyi yanında X6 İnkişaf Mərkəzi ilə əmək müqaviləsi bağlamasını təsdiq edən Əmək Kitabçasının surətini və "E-Sosial" xidməti vasitəsi ilə əldə edilmiş Sosial Arayışı təqdim etmişdir. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, əmək müqaviləsinin bağlanması, bununla bağlı bildirişin qeydiyyatı, əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə gəlir vergiləri və həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən ərizəçi Vergi Orqanı Maraqlı şəxs ərizəsi olmasa belə, sonuncunun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin qanuni təmsilçisi olmamasından məlumatlı olmalı idi. Eləcə də, Maraqlı şəxs özü də ərizə ilə vergi orqanına müraciət edərək, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin icra orqanının rəhbəri olmaması barədə məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin qanuni təmsilçisi olmadığı təqdirdə, Maraqlı şəxs adının yalnız dövlət reyestrində formal olaraq hüquqi şəxsin qanuni təmsilçisi olaraq qeyd olunması əsası ilə “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” ərizəçinin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə, müəssisənin rəhbəri "xxxx" olmaqla, onunla Müəssisə arasındakı əmək münasibətləri yaranması, dəyişməsi, habelə xitamı yalnız əmək qanunvericiliyi ilə tənzimlənir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsi). Şəxsin "xxxx" olaraq işə qəbul edilib, Müəssisənin direktoru (icra orqanının rəhbəri) təyin edilməsi və yaxud, tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirildiyi üçün, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bundan başqa, maraqlı şəxsin Müəssisənin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin borclarının vaxtında ödənilməsindən yayınmasına, Maraqlı şəxs isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Lakin, hazırkı işin müəyyən edilmiş hallarına görə Maraqlı şəxs borclu hüquqi şəxsə (vergi ödəyicisinə) heç bir aidiyyəti yoxdur. Belə olan halda, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Göründüyü kimi, əmək müqaviləsi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X6 X1 sektorunun müdiri vəzifəsində işləyən Maraqlı şəxs həqiqətən də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin qanuni təmsilçisi (icra orqanının rəhbəri) olması öz təsdiqini tapmadığından, həmin vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 02 noyabr 1999-cu il tarixli 27 saylı X3 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hal-hazırda vergi ödəyicisi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin icra orqanının rəhbəri, yəni qanuni təmsilçilik funksiyasına malik direktoru olmadığına görə Maraqlı şəxs Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Dənizçi” X4 İdarəsinin məlum borcunun ödənməməsi ilə əlaqədar ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1554/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1554/2022
20.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver