Məhkəmə qərarları › İş №e-2-2(119)-156/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-156/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-156/2020 16.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, iddiaçı “xxxxxxxxx” X2 nümayəndəsi Hüseynov Yaqub Hüseynağa oğlunun, Cavabdeh nümayəndəsi X11 oğlunun iştirakı ilə, iddiaçı “xxxxxxxxx” X2 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” X4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxxxxxxx” X2 xeyrinə Cavabdeh 15149,36 (on beş min yüz qırx doqquz manat 36 qəpik) manat məbləğində əsas borcun, 16225,65 (on altı min iki yüz iyirmi beş manat 65 qəpik) manat məbləğində dəbbə borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxx” X4 ilə Cavabdeh arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən iddiaçı “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh bitki mühafizə vasitələri satılmışdır. Həmin Müqavilənin xx xxx 2016-ci il tarixli 1 saylı Əlavəsinə və xx xxxx 2016-cı il tarixli 2 saylı Əlavəsinə əsasən alınmış mallara görə xx xxxxxx 2016cı il tarixədək Cavabdeh iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödəməni tam şəkildə həyata keçirilməli idi. Sonuncu dəfə cavabdeh xx xxxxxx 2017-ci ildə 5000 manat məbləğində ödəniş həyata keçirmiş olsa da, qalan borcunu ödəməmişdir. “xxxxxxxxx” MMC müqavilə əsasında satdığı malları xarıcı ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1 saylı Əlavə Razılaşmaya əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Hal-hazırda Cavabdeh xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə üzrə almış olduğu dərmanlara görə cəmi 15149,36 manat məbləğində əsas borcu qalmışdı. Müqavilənin 4.1-ci bəndinə əsasən malların dəyəri vaxtında ödənilmədiyi halda, cavabdeh satılan malların dəyərinin ödənilməməsinin hər gününə görə ümumi dəyərin 0,1% məbləğində əlavə cərimə ödəməlidir. Tərəflər arasında bağlanmış xx xxx 2016-cı il tarixli 60 nömrəli müqavilə üzrə ödənişin son müddəti xx xxxxxx 2016-cı il tarixidir. Ona görə də, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək hesablanan dəbbə borcu 16225,65 manat təşkil edir (15149,36 AZN x 0,1%=15,15AZN, xx.xx.2017xx.xx.2019=1071 gün, 1071 gün x 15,15AZN=16225,65 AZN). xx xxxx 2016-cı il tarixli BNR seriyalı 290173 saylı Qaimə-Fakturaya əsasən iddiaçının anbarından sənəddə göstərilən malları Cavabdeh 3 saylı Notariat Kontoru tərəfindən xx xxxxx 2016-cı il tarixli 7E-5458 nömrəsi ilə reyestrdə qeydə alınmış etibarnamə (ƏN-İ № 568781) üzrə nümayəndəsi X9 təhvil almış və bununla bağlı həmin sənədi imzalamışdır. Lakin həmin aldığı mallara görə tam ödənişin edilməsi cavabdeh tərəfindən bu günə kimi həyata keçirilməmişdir. Ona görə də, Cavabdeh ödənilməmiş əsas borc 15149,36 manat, dəbbə borc isə 16225,65 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxx” X2 nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh iddiaçı “xxxxxxxxx” X2 xeyrinə 15149,36 manat məbləğində əsas borcun, 16225,65 manat məbləğində dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçı “xxxxxxxxx” X2 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, xx xxx 2016-cı il tarixli 60 nömrəli müqavilə üzrə Cavabdeh müxtəlif adda dərmanlar, yəni bitki mühafizə vasitələri satılmışdır. Həmin malların pulu hissə-hissə olmaqla xx xxxxxx 2016-cı ilə kimi ödənməli idi. Müqavilə üzrə satılan malların ümumi məbləği təxminən 42058 manat həddində olmuş və cavabdeh tərəf həmin pulun yarısından çoxunu ödəmişdir. Sonuncu dəfə isə cavabdeh xx xxxxxx 2017-ci ildə 5000 manat məbləğində ödəniş həyata keçirmişdir. Bundan sonra aparılan çoxsaylı danışıqlara baxmayaraq, qalan 15149,36 manat məbləğində əsas borc isə ödənilməmişdir. Buna görə də, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə ödənilməyən məbləğə görə dəbbə pulu da hesablanmışdır. Hazırda məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi çıxış edən şəxs cavabdehin atasıdır və sonuncu məlum Müqavilə üzrə bütün əməliyyatları müvafiq etibarnamə əsasında oğlunun adından şəxsən aparmış və bütün sənədləri imzalamışdır. Cavabdeh tərəfə satılan dərmanların adı və qiymətləri müvafiq qaydada tərtib edilərək imzalanmış Qaimə-Fakturada göstərilmiş və həmin sənəd əsasında alqı-satqı olmuşdur. Əgər Qaimə-Fakturada göstərilən hər hansı bir dərman verilməsəydi, cavabdeh tərəf həmin Qaimə-Fakturanı imzalamazdı. Cavabdehin adından həmin sənədləri imzalamış şəxs Şirkət prezidenti olaraq, bu sahədə kifayət qədər təcrübəsi olan X9 olmuşdur və o, almadığı dərmana görə hər hansı bir sənədi imzalamazdı. Qaimə-Fakturada göstərilən bütün dərmanlar cavabdeh tərəfə verilmişdir. Cavabdeh tərəf borcunu ödəmədiyi üçün hazırkı mübahisə üzrə daha əvvəl də məhkəməyə müraciət olunmuş və həmin müraciət əsasında qəbul edilmiş məhkəmə qətnaməsi ilə cavabdehdən əsas borc və dəbbə pulu tutulmuşdur. Lakin, apelyasiya məhkəməsi hazırkı mübahisənin cavabdehlə pretenziya qaydasında həll edilməsi qaydasına riayət edilməməsi qənaətinə gəlmiş və buna görə də, həmin qətnamə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanmışdır. Bundan sonra iddiaçı tərəf yenidən cavabdeh tərəflə mübahisənin pretenziya qaydasında həll olunması tələblərini yerinə yetirərək, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı “xxxxxxxxx” X4 tərəfindən Cavabdeh qarşı verilmiş “15149,36 manat məbləğində əsas borcun, 16225,65 manat məbləğində dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” haqqında iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi X9 hazırkı iddia ilə əlaqədar cavabdeh tərəfin mövqeyini onunla əsaslandırdı ki, müvafiq qaydada verilmiş etibarnamə əsasında özünün təmsilçiliyi ilə fərdi sahibkar olan oğlu Cavabdehla “xxxxxxxxx” X4 arasında bağlanmış xx xxx 2016-cı il tarixli 60 nömrəli müqavilə üzrə müəyyən adlarda bitki mühafizə vasitələrini almış olsa da, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Qaimə- Fakturanın 1-ci və 7-ci bəndlərində qeyd olunan “İnseqar” dərmanını almamışdır. Yəni, o, Qaimə-Fakturanın 1-ci bəndində qeyd olunmuş 12580,2 manat dəyərində “İnseqar” dərmanını və 7-ci bəndində qeyd olunan 15183 manat dəyərində “İnseqar” dərmanını almamışdır. Eləcə də, həmin Qaimə-Fakturanın tərtib edildiyi dövrdə “İnseqar” dərmanı Respublikada qeydiyyatdan keçməmiş və iddiaçıda olmamışdır. Bu halda isə həmin dərmanın iddiaçı tərəfindən cavabdehə satılması mümkün deyildir. Qaimədə göstərilən qalan dərmanları isə almış və pulunu ödəmişdir. Məlum müqavilə üzrə alınmış dərmanlara görə iddiaçı tərəfin dediyi məbləğdə ödəniş edilmiş olduğu halda isə, cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. Hətta cavabdeh tərəfindən artıq ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - “xxxxxxxxx” X4 ilə “Alıcı” hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə bağlanmışdır (həmin Müqavilə «Alıcı» adlandırılan Cavabdeh əvəzindən ƏN-İ №-568781 saylı xx.xx.2016-cı il tarixli Etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X9 tərəfindən imzalanmışdır). Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı“ tərəfindən hazırki Müqavilə ilə adı, miqdarı, dəyəri və ödəmə müddəti əlavədə hər bir satışda ayrıca göstəriləcək malı (bitki mühafizə vasitələri) “Alıcı’ya satır, “Alıcı” isə öz tərəfindən hazırki müqavilənin əlavəsində nəzərdə tutulmuş malı “Satıcı”dan alır. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilə üzrə malın dəyərinin ödənilməsi Müqaviləyə əlavədə göstərilən şərtlərə əsasən aparılır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “Satıcı” malı “Alıcı”ya nəzərdə tutulmuş qablaşması, keyfiyyətinə görə istehsalçının texniki şərtlər və texniki təqdimatı əsasında təhvil verir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, “Alıcı” hazırki müqavilənin Əlavələrində göstəriləcək razılaşdırılmış qiymətlər əsasında və 2.2-ci bəndində nəzərdə tutulmuş şərtlər daxilində alınan malın dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, "Alıcı” bu Müqavilənin 2.2-ci bəndində göstərilən şərtləri pozarsa, yəni satılan malların dəyərinin ödənilməsini gecikdirərsə, hər gecikən günə görə ümumi dəyərin 0,1% -i məbləğində əlavə cərimə ödəyir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilə “Satıcı” və “Alıcı” tərəfindən bütün öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İş materiallarında olan xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə üzrə tərtib edilərək, hər iki müqavilə tərəfləri tərəfindən imzalanmış xx xxx 2016-cı il tarixli 1 nömrəli və xx xxxx 2016-cı il tarixli 2 nömrəli Əlavələrdən görünür ki, satıcı “xxxxxxxxx” X4 tərəfindən alıcı Cavabdeh ödəmə müddəti xx xxxxxx 2016-cı il tarixədək olmaqla müxtəlif adda (İnseqar, Captan, Envidor, Pyramite və Nurelle D) bitki mühafizə vasitələrinin satılması razılaşdırılmışdır (həmin Əlavələrdə satılan malların miqdarı, qiyməti, ödəmə qaydaları və s. göstərilmişdir). İş materiallarında olan xx xxx 2016-cı il tarixli BNR seriyalı 290173 nömrəli Qaimə- Fakturanın kötüyündən görünür ki, həmin sənəddə 9 bənddə sadalanan və ümumi qiyməti 42058,46 (qırx iki min əlli səkkiz manat 46 qəpik) manat olan müxtəlif adda bitki mühafizə vasitələrini X9 təhvil almış və bununla bağlı həmin sənədi imzalamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə iclaslarında həmin Qaimə-Fakturanın 1-ci və 7ci bəndlərində göstərilən “İnseqar” dərmanını almadığını bildirən cavabdehin nümayəndəsi X9 həmin sənəddə ona aid edilən imza ilə əlaqədar qeyri-müəyyən fikirlər söyləsə də, həmin imzanın ona məxsus olmaması barədə qəti fikir bildirməmiş və eyni zamanda, həmin imzanın yoxlanılması məqsədi ilə ekspertiza keçirilməsi ilə əlaqədar yazılı vəsatət verməmişdir. Bununla belə, cavabdehin nümayəndəsi X6 məhkəmə iclaslarında vermiş olduğu izahatlarındakı məlum sənəddəki “imza” ilə əlaqədar qeyrimüəyyən fikirləri və məhkəmə çıxışlarından sonra etdiyi replika nitqində söylədiyi sözlər “ekspertiza keçirilməsi” barədə vəsatət kimi qəbul edilərək, bununla əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli qərardad qəbul edilmiş və həmin Qərardadla əsaslılığı və zəruriliyi sübuta yetirilmədiyindən həmin vəsatət təmin edilməmişdir. İş materiallarında olan iddiaçı «xxxxxxxxx” X4 tərəfindən tərtib edilmiş arayışlarla müəyyən edilir ki, xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə üzrə “alıcı” Cavabdeh “satıcı” “xxxxxxxxx” X3 15149,36 (on beş min yüz qırx doqquz manat 36 qəpik) manat məbləğində əsas borcu vardır və həmin borca görə Müqavilənin 4.1-ci bəndinə əsasən xx xxxxxx 2019-cu il tarixinədək 16225,65 (on altı min iki yüz iyirmi beş manat 65 qəpik) manat məbləğində dəbbə pulu hesablanmışdır. Məhkəmə prosesi zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən X7 ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, İnsegard 25 WG (təsiredici maddəsi 250 q/kq Fenoxycarb) preparatı ’’xxxxxxxxx” MMC-nin müraciəti əsasında xx xxxxxx 2017-ci ildə 002918 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli e-2-2(085)-223/2019 nömrəli qətnaməsi ilə Cavabdeh 15149,36 manat məbləğində əsas borc və 1000 manat məbləğində dəbbə borcu tutularaq iddiaçı “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmiş olsa da, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(105)-132/2019 nömrəli qərardadına əsasən həmin qətnamə ləğv edilmiş və xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilənin icrası ilə bağlı borcun alınması barədə iddiaçı ’’xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmış və eyni zamanda, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının qanunvericilikdə müəyyən olunmuş qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə üzrə əsas borcun xx xxxxxx 2016-cı il tarixinədək ödənilməli olan 15149,36 (on beş min yüz qırx doqquz manat 36 qəpik) manat hissəsi “alıcı” (cavabdeh) Cavabdeh tərəfindən “satıcı” (iddiaçı) “xxxxxxxxx” X3 ödənilməmiş və iddiaçı tərəfindən həmin ödənilməmiş borc məbləğinə görə xx xxxxxx 2017-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək 16225,65 (on altı min iki yüz iyirmi beş manat 65 qəpik) manat məbləğində dəbbə pulu (cərimə) hesablanmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “xxxxxxxxx” X4 ilə bağlanmış xx xxx 2016-cı il tarixli 60 nömrəli Müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 15149,36 (on beş min yüz qırx doqquz manat 36 qəpik) manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən 16225,65 (on altı min iki yüz iyirmi beş manat 65 qəpik) manat məbləğində dəbbə pulunun tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq, cavabdehdən cəmi 1000 (min) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 15149,36 manat məbləğində əsas borc və 1000 manat dəbbə pulu olmaqla - cəmi 16149,36 manat məbləğində pul vəsaiti iddiaçı «xxxxxxxxx” X2 xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15149,36 (on beş min yüz qırx doqquz manat 36 qəpik) manat əsas borc, 1000 (min) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 16179,36 (on altı min yüz yetmiş doqquz manat 36 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxx” X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar