Məhkəmə qərarları › İş №e-2-2(119)-156/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-156/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-156/2025 07.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil 8786,78 (səkkiz min yeddi yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, əsas borca illik 5%-lə hesablanmış 878,68 (səkkiz yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 9665,46 (doqquz min altı yüz altmış beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaitinin və 116,65 (yüz on altı manat altmış beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli BNF-SML-1 nömrəli müqaviləyə əsasən həmin müqavilənin Qiymətlərin razılaşdırma protokoluda qeyd olunan malların alıcıya verilməsi, alıcının isə həmin malların dəyərini ödəməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə tərəflər arasında aparılmış alqı-satqı əməliyyatında mallar alıcıya müqavilə ilə müəyyən olunmuş qaydada təhvil verilsə də, alıcı Cavabdeh aldığı malın dəyərini satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam ödəməmişdir. Hazırda Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə həmin müqavilə üzrə ƏDV daxil 8786,78 manat borcu vardır. İddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq Cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən mala görə satıcı ödənişi alıcı tərəfindən hesab faktura, elektron qaimə və imzalı müqavilə təqdim olunduqdan sonra həyata keçirir. Bu müddət isə standart olaraq, tərəflər arasındakı münasibətlərin xarakterindən də göründüyü kimi 30 gün təşkil edir. Sonuncu dəfə 10 yanvar 2023-cü il tarixində müqavilə üzrə mallar cavabdehə verilsə də, cavabdeh öz öhdəliyinin icrasından hələ də yayınır və məsələnin məhkəmədənkənar həlli üçün danışıqların aparılmasında heç bir maraq göstərmir. Bundan əlavə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh 2 il ərzində öhdəliyini yerinə yetirmədiyinə görə 8786,78 manat əsas borc məbləğinin 5 %-i 439,34 manat, 2 ilə nəzərən isə 878,68 manat təşkil edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasın xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısı dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli BNF-SML-1 nömrəli müqavilənin 1.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcı tərəfindən bu müqavilənin qiymət razılaşma protokollarında göstərilən malların alıcıya satılması, alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcıya qiymət razılaşma protokollarında göstərilən ödəniş qaydasına əsasən imzalanmış müqavilə və elektron qaimə-faktura təqdim olunduqdan sonra ödənilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası bu müqavilənin qiymət razılaşma protokollarında müəyyənləşdirilir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş “göndərilən qaimələrin siyahısı”ndan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 94574,06 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə 70 ədəd elektron qaimə göndərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə 58539,82 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə 14036,25 manat ödəniş həyata keçirilmişdir İş materiallarında olan "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 125 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə 13086,21 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 31 may 2021-ci il tarixli BNF-SML-1 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 94574,06 manat dəyərində mal satılmış və cavabdeh tərəfindən ƏDV daxil 85787,28 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəmədiyindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, iddia tələbi 31 may 2021-ci il tarixli BNF-SML-1 nömrəli müqavilə üzrə ödənilməmiş ƏDV daxil 8786,78 (səkkiz min yeddi yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddiaçı iddia tələbində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 878,68 (səkkiz yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı iddia qaldırarkən həmin məbləğin cavabdeh tərəfindən 2 il ərzində öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. Həmin Məcəllənin 445.3 cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Tərəflər arasında bağlanmış 31 may 2021-ci il tarixli BNF-SML-1 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən alıcı tərəfindən satıcıya qiymət razılaşma protokollarında göstərilən ödəniş qaydasına əsasən imzalanmış müqavilə və elektron qaimə-faktura təqdim olunduqdan sonra ödənilmə razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borc məbləğinin ödənilməsi tələb edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir. İddiaçının 23 oktyabr 2024-cü il tarixdə 3 gün müddətində pulun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq 26 oktyabr 2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 26 oktyabr 2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək hesablanmalıdır. İddia ərizəsinin məhkəməyə 06 noyabr 2024-cü il tarixdə verilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “illik gecikdirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 878,68 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilərək, 26 oktyabr 2024-cü il tarixdən hesablanmaqla əsas borca illik 5%-lə hesablanmış 13,24 manat (8786,78 x 5% /365 gün (bir günün faizi) x 11 gün (gecikdirilən günün sayı)) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “116,65 (yüz on altı manat altmış beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil 8786,78 (səkkiz min yeddi yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, əsas borca illik 5%-lə hesablanmış 13,24 (on üç manat iyirmi dörd qəpik) manat və 108 (yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8908,02 (səkkiz min doqquz yüz səkkiz manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 8786,78 (səkkiz min yeddi yüz səksən altı manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, əsas borca illik 5%-lə hesablanmış 13,24 (on üç manat iyirmi dörd qəpik) manat və 108 (yüz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8908,02 (səkkiz min doqquz yüz səkkiz manat iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar