Məhkəmə qərarları › İş №e-2-2(119)-1564/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1564/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1564/2024 27.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 26 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 23 dekabr 2020ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 432251,98 (dörd yüz otuz iki min iki yüz əlli bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 43225,19 (qırx üç min iki yüz iyirmi beş manat, on doqquz qəpik) manat məbləğində cərimə, 765,48 (yeddi yüz altmış beş manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 432251,98 manat məbləğində borcu yaranmışdır, eyni zamanda müqavilənin 2.4-cü bəndində ödənişlərin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatlarında bildirdi ki, iddiaçı və cavabdeh arasında 23 dekabr 2020-ci tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı təşkilat müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdeh təşkilatı müvafiq mallarla təchiz etmişdir. Cavabdeh təşkilat isə müqavilə öhdəliklərini pozmuş, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş və iddiaçıya ziyan vurmuşdur. Malların iddiaçıya verilməsi təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Cavabdeh təşkilat üzləşmə aktını imzalamaqla borcunu etiraf etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin hesablanması da nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 2.4-cü bəndinə əsasən, satıcının ödənişin gecikdirilən hər günü üçün alıcı tərəfindən ödənilməli olan məbləğin 0,1 faizi həcmində əlavə ödəniş tələb etmək hüququ vardır. Belə əlavə ödəniş sifarişin ümumi dəyərinin 10 faizini keçməmək şərti ilə satıcıya ödənilməlidir. Borcun tam ödənilməsi ilə bağlı qarşı tərəfə dəfələrlə yazılı və şifahi qaydada müraciətlər edilmiş, lakin bugünədək cavabdeh təşkilat iddiaçı təşkilata hansısa ödəniş həyata keçirməmişdir. Sonuncu dəfə 2024-cü ilin avqust ayında borc məbləği üzrə ödənişlərin həyata keçiriləcəyi bildirilmiş, lakin ödəniş həyata keçirilməmişdir. Həmçinin təmsil etdiyi təşkilatın başqa təşkilatlar qarşısında maddi öhdəlikləri olduğu üçün cavabdehin öhdəliyinin icrası zəruridir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini alıcının (Cavabdeh MMCnin) sifarişləri əsasında satıcı (İddiaçı MMC) tərəfindən müxtəlif malların satışı, alıcı tərəfindən isə bunun müqabilində malların dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan malların adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məlumatlar bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda əks olunur. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, satıcının ödənişin gecikdirilən hər günü üçün alıcı tərəfindən ödənilməli olan məbləğin 0.1% (sıfır tam onda bir) həcmində əlavə ödəniş tələb etmək hüququ vardır. Belə əlavə ödəniş sifarişin ümumi dəyərinin 10%-ni keçməmək şərti ilə satıcıya ödənilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ödənişləri müqavilənin şərtlərinə uyğun həyata keçirmək alıcının öhdəliyidir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixindən 25 iyul 2023-cü il tarixinədək iddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron satış qaimələrinin siyahısından görünür ki, həmin qaimələrdəki məbləğlərin cəmi 1096323,11 manatdır. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixindən 25 iyul 2023-cü il tarixinədək elektron satış qaimələri üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilən pul vəsaitlərinin siyahısından görünür ki, həmin vəsaitlərin cəmi 664071,13 manat təşkil edir. İş materiallarında olan, tərəflərin iştirakları ilə tərtib edilmiş və möhürlənərək nümayəndələri tərəfindən imzalanmış üzləşmə aktının məzmununda qeyd edilmişdir ki, 01 iyul 2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcunun məbləği 432251,98 manat təşkil edir. İş materiallarında olan, tərəflərin iştirakları ilə tərtib edilmiş və möhürlənərək nümayəndələri tərəfindən imzalanmış üzləşmə aktına əsasən tərəflər razılaşmışlar ki, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) 1096323,11 manat dəyərində mallar təqdim edilmiş, bunun müqabilində iddiaçıya 664071,13 manat məbləğində ödəniş həyata keçirilmiş və cavabdehin iddiaçıya 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 01 iyul 2024-cü il tarixinə 432251,98 məbləğində borcu vardır. İş materiallarına, həmçinin iddiaçı tərəfindən cavabdehə ünvanlanan çoxsaylı malların təhvil-qəbul aktları, elektron qaimə-fakturalar və malların daşınmasını təsdiq edən tərəzi çekləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan sementi cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 432251,98 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 432251,98 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 43225,19 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 2.4-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 43225,19 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 765,48 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 22 avqust 2024-cü il tarixli **********41 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 765,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 743,95 (yeddi yüz qırx üç manat, doxsan beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 432251,98 manat məbləğində borc, 21700 manat məbləğində cərimə borcu və 743,95 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 454695,93 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 23 dekabr 2020-ci il tarixli MS-25/20 nömrəli alqı-satqı müqaviləsi üzrə 432251,98 (dörd yüz otuz iki min iki yüz əlli bir manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğində cərimə və 743,95 (yeddi yüz qırx üç manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 454695,93 (dörd yüz əlli dörd min altı yüz doxsan beş manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar