Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-157/2025 08.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 14 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə cavabdehdən 21484 (iyirmi bir min dörd yüz səksən dörd manat) manat məbləğində əsas borc, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq hesablanmış 1074,2 (min yetmiş dörd manat, iyirmi qəpik) manat məbləğində faiz borcu və 157,67 (yüz əlli yeddi manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 21484 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisi iddianı müdafiə edərək izahatlarında bildirdi ki, tərəflər arasında bağlanmış 15 may 2023-cü il tarixli müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam yerinə yetirilərək cavabdeh müvafiq elektron avadanlıqlarla təmin edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş, qalıq borc məbləği tələb edilən zaman isə cavabdeh təşkilatın məsul şəxsləri bank hesablarının bloklandığını, bu səbəblə ödəniş həyata keçirilməsinin mümkün olmadığını bildirmişdirlər. Lakin hesablar blokdan çıxarıldıqdan sonra da hansısa ödəniş həyata keçirilməmişdir. 28 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasından sonra cavabdehin nümayəndəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasının tərəflər arasında danışıqlar aparılmasına şərait yaratmaq üçün təxirə salındığını bildirmiş, lakin o, borcun ödəniləcəyi barədə hansısa fikir söyləməmişdir. İddiaçı təşkilatın özünün də digər kreditorlar qarşısında icra edilməmiş öhdəlikləri vardır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) cədvəldə göstərilən (elektrik üçün atverka dəsti izolyasiyalı, tros 12mm, sveç iran peçləri üçün, lak sarğı üçün 4lt və sarğı üçün kağız freşman 0,25mm) və sifarişə əsasən sifariş verilən malı alıcıya (Cavabdeh ASC-yə) təchiz edir, alıcı isə təhvil-təslim aktına və elektron qaiməfakturaya əsasən, həmin malı qəbul edir və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 2.4.1 yarımbəndinə əsasən, malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilən elektron satış qaimələrinin siyahısından görünür ki, 29 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11668873 nömrəli, 07 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10482069 nömrəli, 07 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10482240 nömrəli, 07 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10482420 nömrəli, 07 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10482317 nömrəli, 07 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10482112 nömrəli, 12 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10911205 nömrəli, 12 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10910642 nömrəli, 12 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10911509 nömrəli ödəniş həyata keçirilməyən elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 21484 manatdır. İş materiallarında olan, tərəflərin iştirakları ilə tərtib edilmiş və möhürlənərək səlahiyyətli nümayəndələr tərəfindən imzalanmış 30 sentyabr 2024-cü il tarixli üzləşmə aktının məzmununda qeyd edilmişdir ki, 30 sentyabr 2024-cü il tarixinə cavabdehin iddiaçıya olan qalıq borcunun məbləği 21484 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 21484 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə 21484 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 1074,2 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı hissədə məhkəmə iddia ərizəsinə əsasən müəyyən etdi ki, həmin borc Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilərək tələb edilmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, ilk növbədə, iddia tələbində cavabdehdən 1074,2 manat məbləğində faiz borcunun tutulması tələb edilsə də, bu məbləğin hansı qaydada və hansı müddətlər daxilində hesablanması barədə iddiaçı tərəfindən məhkəməyə hansısa sənəd (maliyyə arayışı və s.) təqdim edilməmiş, eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən də bu barədə hər hansı izahat verilməmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndindən görünür ki, malların dəyərinin mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra köçürmə yolu ilə ödənilməsini tərəflər öz aralarında razılaşdırmışlar və iş üzrə sonuncu elektron qaimə-faktura cavabdehə 12 iyul 2024-cü il tarixində göndərilmişdir. Həmin elektron qaimə-fakturanın göndərildiyi tarixdən sonrakı müddətdə müqavilənin 4.1-ci bəndinin şərti nəzərə alınmaqla cavabdehdən qalıq ödənişin tələb edilib-edilməməsi, müsbət halda, bunu təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ o zaman yarana bilərdi ki, o özü də müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün həmin müqavilənin 4.1-ci bəndinin şərtinə uyğun olaraq sonuncu elektron qaiməfaktura göndərildikdən sonra həmin məbləği cavabdehdən tələb etdiyini sübuta yetirsin. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, iddia tələbinin 157,67 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 07 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 157,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 154,45 (yüz əlli dörd manat, qırx beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15 may 2023-cü il tarixli 022 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə 21484 manat məbləğində əsas borc və 154,45 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21638,45 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 21484 (iyirmi bir min dörd yüz səksən dörd) manat məbləğində əsas borc və 154,45 (yüz əlli dörd manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21638,45 (iyirmi bir min altı yüz otuz səkkiz manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-157/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-157/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver