Məhkəmə qərarları › İş №e-2-2(119)-1583/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1583/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1583/2023 01.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X1 qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X1 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin əsasında yaranmış 3783,1 (üç min yeddi yüz səksən üç manat on qəpik) manat məbləğində əsas borc, cərimə kimi hesablanmış 677,66 (altı yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 4414,56 (dörd min dörd yüz on dörd manat əlli altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, hazırkı iddia üzrə ödənilməli dövlət rüsumunun məbləği 64.61 manat olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsinin məbləği 4.61 manatdır. İddia tələbində müqavilə üzrə əsas borc və cərimə ilə yanaşı, dövlət rüsumu kimi ödənilmiş 64 manat məbləğində pul vəsaiti də tələb olunmuş, lakin iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunan iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində "Bu ödəniş rüsumdan azaddır" göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəmənin növü bölməsində Bakı Kommersiya Məhkəməsi seçilmiş, xx.xx.2023-cü il tarixli ödəniş qəbzi iş materiallarına əlavə olunsa da, dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan 4.61 manatlıq hissəsinin ödənilməsi barədə zəruri məlumatlar müvafiq qaydada “Elektron məhkəmə” informasiya sisteminə (iddia ərizəsinin dövlət rüsumunun ödənilməsi ilə əlaqədar məlumat bölməsinə) daxil edilməmişdir. Yəni iddiaçı dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı sənədin nömrəsini, ödənilən pulun məbləğini və digər rekvizitləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunan iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd etməli olsa da, bunu etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunan mediasiya arayışından görünür ki, hazırkı iddia ərizəsi üzrə mediasiya Sumqayıt 1 saylı Mediasiya Təşkilatında və ya bu məhkəmənin ərazi yurisdiksiyasına aid olan hər hansı bir rayonda (şəhərdə) yerləşən Mediasiya Təşkilatında deyil, Bakı 12 saylı Mediasiya Təşkilatında (Bakı şəhəri, Yasamal rayonu) keçirilmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə görə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatında keçirilməlidir. Göründüyü kimi, hazırkı mübahisə üzrə mediasiya prosesinin keçirilməsi üçün müvafiq mediasiya təşkilatının seçilməsi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmamışdır. Bu halda isə iddia ərizəsinə əlavə olunan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkəti kimi qəbul oluna bilməz. Çünki, Azərbaycan Respublikası Mediasiya X4 28 dekabr 2022-ci il tarixli qərarına əsasən, 28 dekabr 2022-ci il tarixindən etibarən Sumqayıt şəhərində Sumqayıt 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlamışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdehə göndərilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin mətnində də "bu təklifin 10 (on) iş günü ərzində qəbul edilmədiyi və ya mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlinmədiyi təqdirdə, təklifdə göstərilən mübahisə üzrə ilkin mediasiya sessiyası mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacağı” qeyd edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Yuxarıda qeyd olunan hallar məhkəməyə müraciət edilənədək tərəflər arasında ilkin mediasiya sessiyasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təşkil olunaraq keçirildiyini təsdiq etmir. Ona görə də, Bakı 12 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayış – Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş hazırkı iddia ərizəsi üzrə qanunvericiliyin tələblərinə uyğun mediasiya prosesinin qaydalarına, yəni mediasiya prosesinin təşkil edilərək keçirilməsi qaydalarına əməl edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh X1 qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar