Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1585/2024 17.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 avqust 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 6176636,91 (altı milyon yüz yetmiş altı min altı yüz otuz altı manat, doxsan bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 584,64 (beş yüz səksən dörd manat, altmış dörd qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 93,46 (doxsan üç manat, qırx altı qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizədə qeyd edilən borcu qəbul etmədiyini bildirərək göstərdi ki, 2011-ci ildə Xaçmaz şəhərində yerləşən “Aydan” gözəllik salonunda işləyərkən vergi ödəyicisi kimi qeydiyyatdan keçərək vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əldə etmiş və aylıq vergi ödənişlərini ödəmişdir. 2016-cı ildə həmin VÖEN-ü müvəqqəti olaraq donduraraq başqa gözəllik salonunda əmək müqaviləsi əsasında işə düzəlmişdir. 2022-ci ildə səhhətində yaranmış problemlə əlaqədar işdən çıxmalı olmuşdur. Hazırkı işlə bağlı məhkəmədən göndərilmiş SMS bildirişi aldıqdan sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qaynar xəttinə zəng etmiş, idarənin əməkdaşları ona VÖEN-ün 2021-ci ildə aktivləşdirildiyini, onun adına gömrükdən geyimlər keçirildiyini, Yaşar Qafarov adlı şəxslə müqaviləsinin olduğunu və həmin müqavilə əsasında “Sədərək” Ticarət mərkəzində yerləşən qeyri-yaşayış obyektinin onun adına qeydiyyatdan keçirilməsi barədə məlumat vermişlər. O, Yaşar adlı həmin şəxsi tanımamış, sonradan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ona qeyd edilən müqavilə təqdim edilmiş və vergi idarəsinin əməkdaşlarına müqavilədəki imzanın ona məxsus olmadığını bildirmişdir. O, vergi orqanına müqavilənin və digər sənədlərin təqdim edilməsi ilə bağlı müraciət etmiş, vergi orqanının əməkdaşları ona həmin sənədlərin 15 gün ərzində təqdim olunacağını bildirmişlər. Bundan əlavə, bu məsələ ilə bağlı müvafiq Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək məlumat vermiş, oradan müvafiq polis bölməsinə rəsmi qaydada ərizə ilə müraciət etməsi tövsiyə edilmiş, hazırkı məhkəmə iclasından sonra ərizə ilə polis bölməsinə müraciət edəcəkdir. Polis bölməsinə edəcəyi müraciətdə Yaşar Qafarov adlı şəxsi tanımadığını, onunla bağlanmış müqavilədəki imzanın ona məxsus olmadığını, “Sədərək” Ticarət mərkəzində yerləşən qeyri-yaşayış obyektinə sahib olmadığını göstərəcəkdir. Bundan əlavə, gözəllik salonunda işlədiyi dövrdə müştərisi olan Sevinc adlı şəxs bankdan 5000 manat məbləğində pul götürəcəyini və ona 3000 manat məbləğində pul verəcəyini bildirmiş, bununla əlaqədar həmin şəxsə şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş və onun tərəfindən təqdim edilmiş sənədləri imzalamışdır. Güman edir ki, həmin vaxtı adını çəkdiyi şəxsə bilmədən etibarnamə vermiş və bununla əlaqədar hazırkı borcun bu məsələ ilə əlaqəsi vardır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin izahatını nəzərə alaraq, o cümlədən işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməlidir. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən edilir ki, vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs xx xxxxxxxx 1973cü il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs 21 avqust 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 6176636,91 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 584,64 manat məbləğində borcu və İcbari Tibbi Sığorta Fonduna 93,46 manat məbləğində borcu vardır və ona həmin borclarının ödənilməsinə dair xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 21 avqust 2024-cü il tarixinə hesablanmış 6176636,91 (altı milyon yüz yetmiş altı min altı yüz otuz altı manat, doxsan bir qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 584,64 (beş yüz səksən dörd manat, altmış dörd qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 93,46 (doxsan üç manat, qırx altı qəpik) manat məbləğində borc İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxxxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx, VÖEN: **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1585/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1585/2024
17.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver