Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1588/2025 24.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31200 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 183,6 (yüz səksən üç manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 12 sentyabr 2024-cü il, 18 sentyabr 2024-cü il və 20 sentyabr 2024-cü il tarixlərdə iddiaçıya məxsus anbardan hər dəfə 1 tonun dəyəri 1040 manat olmaqla, ümumilikdə 31200 manat dəyərində toyuq yem məhsulları təhvil almışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi tərtib edilərək imzalanılması üçün cavabdehə təqdim edilsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək, alqı-satqı müqaviləsini imzalamaqdan yayınmış, apardığı yem məhsullarının dəyərini isə ödəməmişdir. Bu barədə müvafiq polis orqanına şikayətlə müraciət edilmiş, polis orqanı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarda cavabdeh iddiaçıdan toyuq yem məhsullarının aldığını etiraf etmişdir. Cavabdeh hazırkı vaxtadək aldığı malların dəyərini ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabehin nümayəndəsi məhkəməyə iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbini sübuta yetirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflər arasında müqavilə bağlanılmamış, əlavə olaraq, iddiaçı tərəfindən cavabdehə yem verilməsini təsdiq edən hansısa təhvil-təslim aktı təqdim edilməmişdir. Belə olan halda, cavabdehin iddiaçıya qarşı hər hansı pul öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Bundan başqa, Cavabdeh toyuq saxlanılması ilə məşğul olur. Cavabdehin iş prinsipi ondan ibarətdir ki, o üçüncü şəxs X1 yemləri alır, toyuqları müəyyən çəkiyə çatanadək böyüdür və daha sonra həmin toyuqları X2 verir. Maqsud Əlizadə isə həmin toyuqları emal edərək satışını reallaşdırır və əldə olunan gəlir ilə yaranan xərcləri qarşılayır. Həmin xərclərə yem alınması da daxildir. Həmin prosesdə cavabdeh birbaşa Maqsud Əlizadə ilə işləyir və yem alış-verişi ilə və ya digər xərc yaradan məsələlərlə məşğul olmur. Yemlərin alınması, dəyərinin ödənilməsi Maqsud Əlizadə tərəfindən həyata keçirilir. Hazırki iş üzrə cavabdeh, ümumən iddiaçını tanımamış, tərəflər arasında hər hansı işgüzar münasibət olmamışdır. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 23 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 01 sentyabr 2025-ci il tarixli iclasında iştirak etmiş iddiaçının və cavabdehin nümayəndələri izahatlarında malların verildiyi iddia edilən dövrdə cavabdehin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçməklə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olub-olmaması barədə məlumata malik olmadığını bildirmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq aşağıda şərh olunan hüquq normalarına əsasən hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin ikinci cümləsində qeyd edilir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin qərarın 11-ci bəndinin ikinci cümləsində göstərilir ki, ... qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin qərarın 26-cı bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hal isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmənin mövqeyi: İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məhkəməyə daxil olmuş 09 sentyabr 2025-ci il tarixli 3-21-2-1/2- 187466/2025 nömrəli məktuba əsasən, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2023-cü il tarixdə vergi uçotunun ləğv edilməsi ilə bağlı məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən məhkəməyə daxil olmuş 6 sentyabr 2025-ci il tarixli 3-21-2-9/2-179650/2025 nömrəli məktuba əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixdə ********** nömrəli şəhadətnamə (VÖEN) ilə vergi ödəyicisi kimi uçota alınmış və xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçotu ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsinin malların təhvil verilməsi ilə bağlı izahatında istinad etdiyi tarixlərdə: 12 sentyabr 2024-cü il, 18 sentyabr 2024-cü il və 20 sentyabr 2024-cü il tarixlərində cavabdeh vergi uçotuna alınmamış, yəni vergi ödəyicinin eyniləşdirmə nömrəsinə (VÖEN-ə) malik olmamış, o cümlədən hazırda VÖEN-ə malik deyildir. Başqa sözlə, cavabdehin malların təhvil verildiyinin istinad edildiyi, o cümlədən hazırkı dövrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması iş materialları ilə təsdiq edilmir. Məhkəmə hesab edir ki, Cavabdeh fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətini müəyyən etməyə imkan verən üç qiymətləndirici meyarın, yəni tərəflərin subyekt tərkibinin, mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı yaranmır. Bu isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarının 10-cu bəndində göstərildiyi kimi, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasından fərqli olaraq, yeni redaksiyasında məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün bağlılığının tələb edilməsi barədə qaydaya ziddir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən, şəxs əgər vergi uçotuna alınmadan (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əldə etmədən) sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa, bu qanunsuz sahibkarlıq fəaliyyəti hesab edilir və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən Qərarının 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə göstərilənləri ümumiləşdirərək, yuxarıda qeyd edilən qanunvericilik normalarını, o cümlədən istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz və həmin iş baxılması üçün Cavabdeh rəsmi qeydə alındığı yer üzrə müvafiq ümumi məhkəməyə - Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 24-32, 263, 264, 267, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1588/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1588/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver