Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1590/2024 25.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək reqres qaydasında 3083 (üç min səksən üç) manat məbləğində pulun və 50,83 (əlli manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək olaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 29 mart 2024-cü il tarixli e-2-2(113)-868/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC-dən 3083 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan malları alıcıya satmağı, alıcı isə malları qəbul etməyi və müqavilə ilə müəyyənləşdirilmiş qaydada satıcıya satış qiymətinin minimum 60 faizinin ödənilməsini öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilən ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdeh "Uniplastic MMC-nin hesabına 2483 manat məbləğində pul ödənilmişdir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(113)-868/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ASC-dən tutulmuş 3083 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutularaq reqres qaydada iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirdi ki, hazırkı mübahisənin yaranmasının əsas səbəbi İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli müqavilə tərtib edilərkən təmsil etdiyi təşkilatın əməkdaşının suvarma sisteminin quraşdırılacağı ərazi kimi Quba rayonunun Aşağı Xuc kəndinin əvəzinə, səhvən Hacıqaib kəndinin adını qeyd etməsi olmuşdur. Qeyd edilən müqavilə əsasında suvarma sistemi Quba rayonunun Aşağı Xuc kəndində quraşdırılaraq Cavabdeh2 təhvil verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba rayonunun Hacıqaib kəndində Cavabdeh2 yaşamadığını, o cümlədən ona məxsus suvarma sisteminin olmadığını aşkarlamış və AKİA-nın subsidiyaların köçürülməsində yanlışlığa yol verdiyi qənaətinə gəlinmişdir. Bununla əlaqədar AKİA İddiaçı ASC-yə, Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ASC-dən 3083 manat məbləğində pulun AKİA-nın xeyrinə tutulması qət etmişdir. İddiaçı ASC Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə iclaslarında təmsil edilmiş, lakin digər cavabdehlər iştirak etmədiklərinə görə təkbaşına məhkəməyə işin faktiki hallarını aydın izah edə bilmək, təqsirlərinin olmadığını sübut etmək imkanı olmamışdır. Həmçinin işlərin çoxluğu ilə əlaqədar həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Buna görə də təmsil etdiyi təşkilat tərəfindən Bakı Kommersiya Məhkəməsinin qətnaməsi icra edilərək AKİA-nın hesabına 3083 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırkı vəziyyətdə müqavilədə kəndin adının yanlış qeyd edilməsinin hansı tərəfin əməkdaşının səhvi olmasını müəyyən etmək üçün məhkəməyə müraciət edilmişdir. Çünki müqavilə üç tərəfin də iradələrini ifadə etdiyi sənəd olmuş və burada iki ehtimal yaranmış olur: ya təmsil etdiyi təşkilatın əməkdaşı özbaşına olaraq kəndin adını yanlış yazaraq texniki səhvə yol vermiş, yaxud Cavabdeh1 MMC-nin əməkdaşının verdiyi yanlış məlumat əsasında müqavilə tərtib edilərkən həmin hissədə texniki səhvə yol verilmişdir. 18 noyabr 2020-ci il tarixli müqavilənin tərtib edilməsi üçün istifadə olunan bütün alt sənədləri məhkəməyə təqdim etmiş, həmin sənədlərin arasında suvarma sisteminin quraşdırılacağı yerin çıxarışı olmamışdır. Qarşı tərəf də müqavilə tərtib edilərkən çıxarışın iddiaçıya təqdim edildiyini təsdiq edən hansısa sübut təqdim etməmişdir. Sözügedən müqavilə üçtərəfli bağlanmış, cavabdehlər müqaviləni imzalayan zaman onu oxuyaraq həmin yanlışlığı ortaya çıxara bilərdilər. Təmsil etdiyi təşkilatla Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli xidmət müqaviləsində təmsil etdiyi təşkilat üçün işin düzgün həyata keçirilməsi ilə bağlı xüsusi öhdəliklər nəzərdə tutulmasına münasibətdə bildirir ki, İddiaçı ASC lizinq predmetini lizinqə verdikdə, adətən 3-5 aydan bir monitorinq həyata keçirir. Lakin hazırkı suvarma sistemi nağd şəkildə alınmış, əlavə monitorinq aparılmamışdır. Həmin xidmət müqaviləsində nəzərdə tutulan öhdəliklərin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, əgər quraşdırılan suvarma sistemində hansısa problem ortaya çıxarsa, təmsil etdiyi təşkilat təchizatçıya müraciət edərək problemi həll etmək üçün cəhdlər etməlidir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin qanuni təmsilçisi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iş üzrə digər Cavabdeh2 Cavabdeh1 MMC-yə ona məxsus torpaq sahəsində suvarma sisteminin quraşdırılması üçün müraciət etmiş, təmsil etdiyi təşkilat suvarma sisteminin quraşdırılması ilə bağlı lazımi olan işləri görmüşdür. AKİA subsidiyanı İddiaçı ASC də daxil olmaqla, yalnız müəyyən lizinq şirkətlərinin hesabına köçürür. O, Cavabdeh2 məxsus torpaq sahəsinin çıxarışı ilə birlikdə, onun şəxsiyyət vəsiqəsinin surətini, istifadə olunan materialların siyahısını, sığorta sənədini iddiaçı təşkilatın - İddiaçı ASC-nin əməkdaşı Zamin bəyə əlbəəl qaydada təhvil vermişdir. Bu sənədlər əsasında İddiaçı ASC tərəfindən 18 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edilmiş, müqavilədə torpaq sahəsinin çıxarış sənədi əsasında suvarma sisteminin quraşdırılacağı ünvan qeyd edilməli idi. Müqaviləni İddiaçı ASC-nin keçmiş əməkdaşı Zamin bəy tərtib etmiş və tərtib edildikdən sonra iddiaçı təşkilat müqaviləni imzalamaq üçün onları çağırmışdır. Müqavilədə Cavabdeh2 məxsus, yəni suvarma sisteminin quraşdırılacağı ünvan olaraq ünvan 1də İddiaçı ASC ilə suvarma sisteminin quraşdırılması ilə bağlı başqa müqavilə də bağlanmış, bu suvarma sisteminin quraşdırılacağı ünvan Quba rayonunun Hacıqaib kəndində yerləşdiyindən, ola bilsin ki, əməkdaş buna görə yanlışlığa yol vermişdir. O da imza etməli sənədlər çoxluq təşkil etdiyindən müqaviləni oxumadan imzalamışdır. Cavabdeh2 suvarma sisteminin quraşdırılmasına görə işin dəyərinin 60 faizini Cavabdeh1 MMC-yə ödəmiş, müqavilə və digər sənədlər AKİA-ya göndərildikdən sonra AKİA tərəfindən görülən işin dəyərinin qalan 40 faizi dəyərində pul vəsaiti Cavabdeh2 adına İddiaçı ASC-nin hesabına köçürülmüşdür. İddiaçı ASC-yə müvafiq xidmət haqqı ödənildikdən sonra həmin subsidiya məbləği Cavabdeh1 MMC-yə köçürülmüşdür. Yəni quraşdırılmış suvarma sisteminin yerləşdiyi kəndin adının yanlış qeyd edilməsi hazırkı mübahisənin yaranmasının əsas səbəbidir. Fermerdən tələb edilən və suvarma sisteminin quraşdırılacağı yerin qeyd edildiyi yeganə sənəd torpaq sahəsinin çıxarışıdır və bu sənəd İddiaçı ASC-yə təqdim edilmişdir. Çıxarış sənədi təqdim edilməsəydi, subsidiya ayrılması mümkün olmazdı. Müqaviləni tərtib edən iddiaçı təşkilatın əməkdaşı yanlışlığa yol vermişdi. Onların yeganə təqsiri müqaviləni oxumadan imzalamaq olmuşdur. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, suvarma sistemi ona məxsus olan Quba rayonunun Aşağı Xuc kəndində yerləşən torpaq sahəsində quraşdırılmış, hazırda da onun istifadəsindədir. O, suvarma sisteminin quraşdırılması ilə bağlı Cavabdeh1 MMC-yə müraciət edən zaman torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da təqdim etmiş, həmin çıxarış sənədində Quba rayonunun Hacıqaib kəndinin adı yox, məhz Aşağı Xuc kəndinin adı qeyd edilmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (həmin vaxtkı təşkilatihüquqi forması Qapalı Səhmdar Cəmiyyəti olmuşdur) tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 24 noyabr 2020-ci il tarixli GL-1399 nömrəli məktubda qeyd edilmişdir ki, fiziki şəxs Cavabdeh2 hüquqi şəxs Cavabdeh1 MMC-dən ümumi satış dəyəri 7006,83 manat olan 1 dəst damlama tipli suvarma sisteminin güzəştli şərtlərlə əldə etmək üçün İddiaçı QSC-yə müraciət etmişdir. Məktubda qeyd olunanların nəzərə alınaraq, müraciətçi Cavabdeh2 adıçəkilən kənd təsərrüfatı avadanlığını əldə etməsi üçün 2482,73 manat məbləğində güzəşt olunacaq vəsaitin İddiaçı QSC-nin hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, ərizəçi maya dəyəri 6206,83 manat olan 1 dəst damlama tipli suvarma sistemi 2 ha-lıq satış dəyərinin minimum 60 faizinin onun tərəfindən ödənilməklə, adıçəkilən avadanlığın maya dəyərinin 40 faizinin - 2482,73 manat vəsaitin Agentliyin hesabına güzəşt edilməsinə və İddiaçı QSC-nin bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 MMC, Cavabdeh2 və İddiaçı ASC arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, satıcı (Cavabdeh1 MMC) malları bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya (Cavabdeh2) satmağı, alıcı malları qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya satış qiymətinin minimum 60% hissəsini ödəməyi öhdəsinə götürür, müvəkkil kredit təşkilatı (İddiaçı ASC) isə satış qiymətinin yerdə qalan hissəsini AKİA-nın müvafiq vəsaitləri vasitəsilə satcının hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Quba rayonunun Hacıqaib kəndində 2 hektarlıq ərazidə 7006,83 manat dəyərində damlama tipli suvarma sistemi quraşdırılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, Fərmana (müqavilədə istinad edilmiş “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanına) müvafiq olaraq, malların razılaşdırılmış maya dəyərinin 40 % hissəsi satıcıya subsidiya formasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilir. AKİA tərəfindən müvəkkil kredit təşkilatının hesabına ödənilən məbləği ödənildiyi tarixdən 5 bank iş günü müddətində satıcının hesabına ödənilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, alqı-satqı qiymətinin qalan 60 % hissəsinə bərabər məbləği alıcı tərəfindən müqavilə imzalandığı tarixdən sonra satıcıya ödənilir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli XM741 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (İddiaçı ASC) bu müqavilədə müəyyən edilmiş şərt və müddəalara uyğun olaraq sifarişçinin (Cavabdeh2) müraciətinə əsasən VÖEN-i ********** olan Cavabdeh1 MMC-nin mülkiyyətində olan və Əlavə 1-də sadalanan texnikanın əldə olunması ilə əlaqədar olaraq konsaltinq və vasitəçilik xidmətlərini yerinə yetirməyi, sifarişçi isə göstərilmiş müvafiq xidmətlərə görə icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, icraçı cəlb olunduğu iş növündə ekspert və peşəkar olması əsasında xidmətlərin göstərilməsi üçün seçilib və müqavilə üzrə sifarişçinin öhdəliklərini nəzərə alaraq, icraçı zəmanət verir və öz öhdəliyinə götürür ki, xidmətləri bu müqavilədə müəyyən olunmuş şərt və müdddəalara uyğun olaraq və bu öhdəliklərin icrasına müvafiq peşə və fəaliyyət üçün qabaqcıl təcrübəyə uyğun olaraq və bütün tətbiq olunan qanunlara riayət etməklə icra edəcək. İcraçı buradakı şərtlərə uyğun olaraq müqavilədə məxsusi olaraq başqası tərəfindən təmin olunacağının göstərilməsi hallarından başqa bütün idarəçilik, nəzarət, işçi heyəti və xidmətlərin lazımi qaydada göstərilməsi üçün lazım olan istər müvəqqəti, istərsə də daimi xarakterli bütün digər məsələləri təmin edir. Həmin müqavilənin 2.1.1-ci və 2.1.5-ci yarımbəndlərinə əsasən, icraçı öhdəsinə götürür ki, xidmətləri bu müqaviləyə uyğun olaraq peşəkar səviyyədə yerinə yetirəcək, müqavilədən, qanunvericilikdən və müqavilə ilə nəzərdə tutulmyş xidmətin mahiyyətindən irəli gələn digər vəzifələri yerinə yetirəcəkdir. İş materiallarında olan həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən Quba rayonunun Hacıqaib kəndində 2 hektarlıq ərazidə 7006,83 manat dəyərində damlama tipli suvarma sistemi quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,439 ha torpaq sahəsin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 347 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 14 yanvar 2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2- 2(113)-868/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehlər İddiaçı ASC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2483 manat məbləğində pul vəsaiti, o cümlədən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində pul vəsaitinin və 100 manat mediasiyaya dair xərcin əvəzi olmaqla, cəmi 3083 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdehlər arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı ASC-dən 2483 manat məbləğində pul vəsaiti, o cümlədən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində pul vəsaitinin və 100 manat mediasiyaya dair xərcin əvəzi olmaqla, cəmi 3083 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına 3083 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən, əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, İddiaçı ASC və cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh1 MMC 7006,83 manat dəyərində olan damlama tipli suvarma sistemini Cavabdeh2 satmağı, Cavabdeh2 suvarma sisteminin dəyərinin 60 faizini ödəməyi, İddiaçı ASC isə satış qiymətinin yerdə qalan hissəsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına Cavabdeh1 MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin məzmununda suvarma sisteminin quraşdırıldığı ərazi Cavabdeh2 məxsus torpaq sahəsinin yerləşdiyi Quba rayonunun Aşağı Xuc kəndi əvəzinə, səhvən Quba rayonunun Hacıqaib kəndi qeyd edilmişdir. Sözügedən suvarma sistemi faktiki olaraq Quba rayonunun Aşağı Xuc kəndində quraşdırılmış və tərəflər müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri həyata keçirmişlər. Eyni zamanda, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2020-ci il tarixli XM741 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı Cavabdeh2 müraciətinə əsasında digər Cavabdeh1 MMC-nin mülkiyyətində olan texnikanın əldə olunması ilə əlaqədar olaraq konsaltinq və vasitəçilik xidmətlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Aparılmış müvafiq yoxlama zamanı 18 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsində suvarma sisteminin Quba rayonunun Hacıqaib kəndində quraşdırılmasının qeyd edilməsinə baxmayaraq həmin kənddə Cavabdeh2 məxsus suvarma sisteminin müəyyən edilməməsi aşkar olunduğundan Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdehlər İddiaçı ASC-yə, Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 29 mart 2024-cü il tarixli e-2-2(113)- 868/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ASC-dən cəmi 3083 manat məbləğində pul vəsaitinin iddiaçı Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən qətnamə ilə ondan tutulmuş pul vəsaitinin reqres qaydasında cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. İlk növbədə, qeyd edilməlidir ki, 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı ASC tərəfindən tərəfindən tərtib edilməsi işin mübahisəsiz halıdır və bu, məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən Cavabdeh2 Quba rayonunun Aşağı Xuc kəndində yerləşən suvarma sisteminin quraşdırılacağı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən 14 yanvar 2022-ci il tarixli ********** nömrəli çıxarışı Cavabdeh1 MMC-yə təqdim etdiyini, sonuncu isə həmin çıxarışla birlikdə, suvarma sisteminin bilavasitə texniki göstəricilərinə dair sənədlərin İddiaçı ASC-yə təqdim edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqı-satqı müqaviləsinin tərtibatında səhvə yol verməklə, yəni müqavilənin icra yerini həmin müqavilənin məzmununda səhv qeyd etməklə Cavabdeh2 arasında bağladığı 18 noyabr 2020-ci il tarixli XM741 nömrəli xidmət müqaviləsinin şərtlərini pozmuşdur. Belə ki, həmin müqavilə ilə iddia öz üzərinə öhdəlik götürmüşdür ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan texnikanın əldə olunması ilə əlaqədar olaraq Cavabdeh2 konsaltinq və vasitəçilik xidmətlərini yerinə yetirməyi öz öhdəsinə götürür və zəmanət verir ki, xidmətləri bu müqavilədə müəyyən olunmuş şərt və müdddəalara uyğun olaraq və bu öhdəliklərin icrasına müvafiq peşə və fəaliyyət üçün qabaqcıl təcrübəyə uyğun olaraq və bütün tətbiq olunan qanunlara riayət etməklə icra edəcək və buradakı şərtlərə uyğun olaraq müqavilədə məxsusi olaraq başqası tərəfindən təmin olunacağının göstərilməsi hallarından başqa bütün idarəçilik, nəzarət, işçi heyəti və xidmətlərin lazımi qaydada göstərilməsi üçün lazım olan istər müvəqqəti, istərsə də daimi xarakterli bütün digər məsələləri təmin edir. Həmçinin xidmətlər bu müqaviləyə uyğun olaraq peşəkar səviyyədə yerinə yetiriləcək, müqavilədən, qanunvericilikdən və müqavilə ilə nəzərdə tutulmuş xidmətin mahiyyətindən irəli gələn digər vəzifələri yerinə yetiriləcəkdir (müqavilənin 2.1.1-ci və 2.1.5-ci yarımbəndləri). Başqa sözlə, iddiaçı özü Cavabdeh2la 18 noyabr 2020-ci il tarixli XM741 nömrəli xidmət müqaviləsinin şərtlərini pozaraq zəmanət verdiyi konsaltinq və vasitəçilik xidmətlərini keyfiyyətli yerinə yetirməmiş - 18 noyabr 2020-ci il tarixli AS1251 nömrəli alqısatqı müqaviləsinin tərtib edilməsində səhvə yol vermiş və bu səhvin birbaşa nəticəsi olaraq ondan pulun tutulması qət edilmişdir. Belə olduğu halda, yəni iddiaçının özünün səhvi nəticəsində ondan tutulmuş pul vəsaitinin reqres qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin məhkəmə xərcinin cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1590/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1590/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver