Məhkəmə qərarları › İş №e-2-2(119)-1599/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1599/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1599/2025 15.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 25697,81 (iyirmi beş min altı yüz doxsan yeddi manat, səksən bir qəpik) manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26164,81 (iyirmi altı min yüz altmış dörd manat, səksən bir qəpik) manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuş 30 iyul 2025-ci tarixli ********** nömrəli ödəniş qəbzinin iddiaçı tərəfindən daha öncə Bakı Kommersiya Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehə qarşı eyni məzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2025-ci il tarixli e-2-2(113)-6234/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) əsasən iddiaçıya geri qaytarılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçının 30 iyul 2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödədiyi 199 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə iddiaçı əvvəlcə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, bununla əlaqədar iddiaçının ödədiyi rüsumun da ona qaytarılması qərara alınmış, iddiaçı isə daha sonra eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq iddiaçıya qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdirlər. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsi iddiaçının vəkili tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş orderdən görünür ki, həmin orderin “tapşırığın yerinə yetirildiyi təşkilat” bölməsində Bakı Kommersiya Məhkəməsi qeyd edilmişdir. Halbuki hazırkı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, həmin vəkilin hazırkı iş üzrə məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməmişdir. Həmçinin iddiaçı tərəfindən nümayəndəyə iddia ərizəsini imzalamaq səlahiyyəti verən etibarnamə Hüseynov H.A adlı şəxs tərəfindən imzalanmışdır. Lakin iş materiallarına həmin şəxsin etibarnaməni imzalamaq səlahiyyətini təsdiq edən hansısa sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçılara geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar