Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-160/2021 02.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12,863.53 manat (on iki min səkkiz yüz altmış üç manat əlli üç qəpik, 18 % ƏDV ilə) borcun, 1286.35 manat dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında avadanlıqların alqı-satqısı ilə bağlı 14.01.2020-ci il tarixli, 002-K-2020 saylı və 24.02.2020ci il tarixli, 014-K-2020 saylı müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC “xxxx” MMC-yə hər ay müvafiq xidmətləri göstərmiş və avadanlıqlar təhvil vermişdir. 14.01.2020-ci il tarixli 002-K-2020 saylı müqavilənin 2.5-ci maddəsinə görə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 (beş) bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin 100% məbləğində hesab təqdim edir. Alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən hesabda göstərilmiş məbləğin 30 %-ni avans olaraq 3 (üç) gün ərzində, yerdə qalan 70%-ni isə 90 (doxsan) gün ərzində satıcının bank hesabına ödəyir. 24.02.2020-ci il tarixli 014-K-2020 saylı müqavilənin 2.5-ci maddəsinə görə isə satıcı müqavilə qüvvəyə mindikdən sonra 5 (beş) bank günü ərzində alıcıya müqavilənin ümumi dəyərinin 100% məbləğində hesab təqdim edir. Alıcı isə öz növbəsində hesab təqdim edildiyi gündən etibarən hesabda göstərilmiş məbləğin 100 %-ni avans olaraq 3 (üç) gün ərzində satıcının bank hesabına ödəyir. Lakin, “xxxx” MMC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən avadanlıqlar təhvil verilməyinə və aylıq xidmət müqavilələri üzrə hesablar təqdim etməyinə baxmayaraq 14.01.2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsi üzrə 11,259.91 (18 % ƏDV ilə) manat, 2 saylı Əlavəsi üzrə 377.60 (18 % ƏDV ilə) manat, 24 fevral 2020-ci il tarixli 014-K-2020 saylı Müqavilə üzrə 1,226.02 (18 % ƏDV ilə) manat, cəmi12,863.53 manat (on iki min səkkiz yüz altmış üç manat əlli üç qəpik, 18 % ƏDV ilə) məbləğində ödəniş bugünə kimi həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Nəbiyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əsaslandırıcı hissə Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 14.01.2020-ci il tarixli, 002-K-2020 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqvilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilmiş və dəyəri müəyyən olunmuş malları alıcının mülkiyyətinə verməyi və quraşdırmağı, alıcı isə malları qəbul etməyi və onların dəyərini ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin 2.4-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri 18% ƏDV daxil olmaqla 11,259.91 (18 % ƏDV ilə) manat təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən isə alıcı hesab təqdim edildiyi gündən etibarən hesabda göstərilmiş məbləğin 30 %-ni avans olaraq 3 (üç) gün ərzində, yerdə qalan 70%-ni isə 90 (doxsan) gün ərzində satıcının bank hesabına ödəyir. İş materiallarında olan qeyd edilən müqviləyə 1 saylı əlavədən görünür ki, satıcı alıcıya 11,259.91 (18 % ƏDV ilə) manat dəyərində avadanlıq və xidmət təqdim etmişdir. Bundan əlavə, tərəflər arasında bağlanılmış 24.02.2020-ci il tarixli, 014-K-2020 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə cəmi 1226,02 manat (ƏDV daxil) dəyərində müvafiq xidmətləri göstərmiş və avadanlıqlar satılmışdır. Qeyd edilən müqvilənin 2.5-ci maddəsinə əsasən alıcı hesab təqdim edildiyi gündən etibarən hesabda göstərilmiş məbləğin 100 %-ni avans olaraq 3 (üç) gün ərzində satıcının bank hesabına ödəyir. İş materiallarında olan, 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, satıcı İddiaçı MMC ilə alıcı “xxxx” MMC arasında avadanlıqların alqı-satqısı ilə bağlı 14.01.2020ci il tarixli, 002-K-2020 saylı və 24.02.2020-ci il tarixli, 014-K-2020 saylı müqavilələr üzrə “xxxx” MMC-nin İddiaçı MMC-yə cəmi 12863,53 (on iki min səkkiz yüz altmış üç manat, əlli üç qəpik) manat məbləğində ödənilməmiş qalıq borcu vardır. Yuxarıda qeyd edilən hər iki müqavilədə həmin müqavilələr üzrə alınmış malların dəyərinin ödənilməsi yubadıldığı halda, “Satıcı” tərəfindən “Alıcıya”ya hər gecikdirilmiş gün üçün gecikdirilmiş ödənişin 0,05%-i məbləğində, müqavilə üzrə satılan malların dəyərinin 10%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müvafiq müqavilələr əsasında İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” MMC-yə satılmış malların ümumi qiymətinin 12863,53 (on iki min səkkiz yüz altmış üç manat, əlli üç qəpik) manat hissəsi “xxxx” MMC ödənilməmiş, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrdə alıcı tərəfindən malların dəyərinin ödənilməsi yubadılması halına görə satılan malların dəyərinin 10%-dən çox olmamaq şərti ilə cərimə sanksiyaları tətbiq edilməsi razılaşdırılmışdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12863,53 (on iki min səkkiz yüz altmış üç manat əlli üç qəpik, 18 % ƏDV ilə) manat əsas borc və 1286,35 (min iki yüz səksən altı manat otuz beş qəpik) manat dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12863,53 manat (on iki min səkkiz yüz altmış üç manat 53 qəpik) əsas borc, 1286,35 manat (min iki yüz səksən altı manat 35 qəpik) dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 14179,88 manat (on dörd min yüz yetmiş doqquz manat 88 qəpik) pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-160/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-160/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver