Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1609/2025 23.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 16004 (on altı min dörd) manat məbləğində əsas borc, ödəməli olduğu məbləği gecikdirdiyinə görə 1308,5 (min üç yüz səkkiz manat, əlli qəpik) manat məbləğində dəbbə pulu, öhdəlik olaraq götürülmüş 4431 (dörd min dörd yüz otuz bir) manat məbləğində pul vəsaiti və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 21943,5 (iyirmi bir min doqquz yüz qırx üç manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 fevral 2025-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin müqavilənin əlavəsi hesab edilən və cavabdeh tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında və ya qiymət razılaşdırma protokollarında (Əlavədə) göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda cavabdeh satmağı, cavabdeh isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürür. Qeyd olunan qiymət razılaşdırma protokolunda həmçinin razılaşdırılmışdır ki, cavabdeh tərəfindən müqavilə üzrə göstərilən malların dəyəri mallar elektron qaimə-faktura əsasında çatdırıldıqdan sonra köçürmə yolu ilə 21 iş günü ərzində ödəniləcəkdir. Eyni zamanda 07 fevral 2025-ci il tarixli təhvil-təslim aktı üzrə əlavədə qeyd edilmiş müvafiq mallar təhvil alınmışdır və imzalarla rəsmiləşdirilmişdir. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmış, tərəfindən müntəzəm olaraq ödənişlər həyata keçirilməmiş, öhdəliyin icrasından yayınmış və alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cari (aylıq) ödənişləri ödəməmişdir. Həmçinin cavabdeh tərəfindən 18 iyun 2025-ci il tarixdə iddiaçıya ərizə ünvanlanaraq qalıq pul vəsaitinin ödənilməsi ilə bağlı öhdəlik götürülmüşdür. Həmçinin eynitarixli üzləşmə aktı ilə tərəfindən borc etiraf edilmiş və borcun ödəniləcəyi bildirilmişdir. Qeyd edək ki, Cavabdeh MMC təsis edilməmişdən əvvəl fiziki şəxs olaraq iddiaçı ilə bağlanmış müqavilə üzrə 4531 manat ödənişi də 17 sentyabr 2025-ci il tarixinə kimi tam ödənilməsi bildirilsə də, həmin ödəniş də həyata keçirilməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 23 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, tərəflər işə başladıqdan sonra 13 dekabr 2025-ci il tarixli elektron qaimə-faktura ilə geri qaytarma edilmişdir. Lakin iddiaçı tərəfindən həmin elektron qaimə-fakturanın təsdiqlənməsi barədə dəqiq məlumatı yoxdur. İddia ərizəsində 4456 manat məbləğində geri qaytarma ümumi məbləğdən çıxılmamışdır və cavabdehdən yenidən tələb edilmişdir. İddia tələbindəki 16004 manat məbləğindən geri qaytarılan 4456 manat məbləğ çıxılmalıdır. 4431 manat məbləğin tələb edilməsinin əsası məlum deyildir. Belə bir hal mövcuddur ki, cavabdehin qanuni təmsilçisinə borc öhdəliyi kimi ümumi məbləğin bir hissəsini ödəyəcəyi barədə ərizə yazması bildirilmişdir. Hesab edir ki, 4431 manat məbləğinin əsasını həmin ərizə təşkil edir. Lakin ərizədə qeyd edilən məbləğ hər bir halda ümumi məbləğin bir hissəsi olmuşdur. Belə ki, həmin məbləğlə bağlı mal tədarükü və başqa sənəd iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə çıxışında 16004 manat məbləğində iddia tələbini qəbul etdiyini, 4431 manat məbləğə etiraz etdiyini bildirdi və məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmənin 17 noyabr 2025-ci il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə həm fiziki şəxs qismində Orxan Qəhrəmanlı, həm də cavabdeh şirkət əməkdaşlıq etmişdir. Fiziki şəxs olaraq Orxan Qəhrəmanlının 4531 manat məbləğində borcu olmuş, 100 manat ödənildiyi üçün həmin məbləğ azaldılmışdır. Cavabdeh şirkətin isə 20461 manat məbləğində borcu mövcud olmuş, 24 iyun 2025-ci il tarixində cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 03 fevral 2025-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinə əsasən satıcı (İddiaçı MMC) müqavilənin əlavəsi hesab edilən və alıcı (Cavabdeh MMC) tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş formalarında və ya qiymət razılaşma protokollarında (Əlavədə) göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, malların alıcıya çatdırılması müvafiq əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (və ya qaimə-faktura) əsasında həyata keçirəcəkdir. Malların təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması yerində mümkün olan malların keyfıyyətindəki qüsur və çatışmazlıqlar tərəflər arasında təhvil-təslim aktının imzalanmasına təsir göstərməyəcəkdir. Tərəflər razılaşırlar ki, hər hansı bu kimi qüsur aşkar olunduqda onların satıcı tərəfindən aradan qaldırılması 3.4-cü bənddə istinad olunan qüsur aktında müəyyən olunmuş müddətdə təmin edilmiş olsun. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Malların qiymətlərinin müvafiq əlavə imzalandıqdan sonra dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaqdır. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 5.3.1-ci yarımbəndinə əsasən, müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək alıcının öhdəliklərindən biridir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən, alıcı ödənişi gecikdirdiyi hər gün üçün malların ümumi dəyərinin 0,1 faizi miqdarında satıcıya cərimə ödəməlidir. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli 33 nömrəli qiymət razılaşma protokolunda satılacaq malların miqdarı və dəyəri qeyd edilmişdir. Həmin qiymət razılaşma protokoluna əsasən, malların satılması və çatdırılması satıcı (iddiaçı) tərəfindən yerinə yetirilir. Alıcı (Cavabdeh) tərəfindən müqavilə üzrə göstərilən malların dəyəri mallar elektron qaimə əsasında çatdırıldıqdan sonra köçürmə yolu ilə 21 iş günü ərzində ödəniləcəkdir. ƏDV məbləği qiymətə daxildir. Alıcı tərəfindən ödənişlərin vaxtında yerinə yetirilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli 1 nömrəli təhvil-təslim aktının məzmununda 03 fevral 2025-ci il tarixli 33 nömrəli müqaviləyə və qiymət razılaşma protokoluna əsasən aktda olan cədvəldə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, 07 aprel 2025-ci il tarixli MT2504 seriyalı 10395316 nömrəli elektron qaimə-faktura üzrə 20461,05 manat məbləğində dəyəri olan mallarla bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan Orxan Qəhrəmanov tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18 iyun 2025-ci il tarixli ərizənin məzmununda “ İddiaçı MMC-yə 4531 manat borcum vardır. Qeyd olunan 4531 manatı xx.xx.2025-ci il tarixinə kimi ödəyəcəyimə söz verirəm” qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq möhürlənmiş 18 iyun 2025-ci il tarixli 05 nömrəli üzləşmə aktının məzmununda “... Alıcının satıcıya 18 iyun 2025-ci il tarixinə 03 fevral 2025-ci il tarixli 33 nömrəli müqaviləyə əsasən 20461,05 manat borcu vardır” qeyd edilmişdir. Həmin aktın məzmununda, həmçinin Orxan Qəhrəmanovun aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. İş materiallarında olan satıcı qismində Kərəm İsmayılov, alıcı qismində Orxan Qəhrəmanov tərəfindən imzalanmış 23 iyun 2025-ci il tarixli üzləşmə aktının məzmununda “... Alıcının satıcıya 23 iyun 2025-ci il tarixinə 03 fevral 2025-ci il tarixli 33 nömrəli müqaviləyə əsasən 20387,5 manat borcu vardır” qeyd edilmişdir. İş materiallarında olan “Satıcı” qrafasının qarşısında İddiaçı, “Alıcı” qrafasının qarşısında “Cavabdeh MMC” qeyd edilən 06 fevral 2025-ci il tarixli 636 saylı “Malların satışı” adlanan sənədin məzmununda malların ümumi dəyərinin 20461,05 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən imzalanaraq tərtib edilmiş 18 iyun 2025-ci il tarixli aktın məzmununda “03 fevral 2025-ci il tarixli 33 nömrəli malların alqı-satqı müqaviləsinə əsasən cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən “Zoomarket” satış məntəqəsinə 07 fevral 2025-ci il tarixində 142 adda dəyəri 20461,05 manat təşkil edən mallar təhvil-təslim aktı ilə verilmişdir. Mallar təhvil verildikdən sonra mart ayında ödənişin olacağı (satılmış mallar) razılaşdırılmışdır. Lakin sonradan alıcı tərəfindən heç bir ödəniş olunmamış, bununla əlaqədar bir neçə dəfə O.Qəhrəmanovla əlaqə saxlansa da, ödənişin olacağını qeyd etsə də, faktiki ödənişdən yayınmışdır. Hər dəfə müxtəlif səbəblər göstərməklə ay sonuna qədər ödəniş edəcəyini bildirsə də, O.Qəhrəmanov heç bir ciddi iş görməmişdir. Bununla əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Zoomarket”ə monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı marketdə 23 adda malın satışda olduğunu aşkar etdik, tərəfimizdən yerində akt tərtib edilərək dərhal satılmış malların ödənişinin edilməsi tapşırıldı. Eyni zamanda üzləşmə aktı və ərizə tərtib edildi. Onun borclu olmasını qeyd edərək sənədləri imzalamasını bildirdik. O.Qəhrəmanov borclu olduğunu təsdiqləyərək satışda olan malların toplanaraq təhvil verəcəyini, yerdə qalan satılmış malların dəyərini isə mərhələli ödəyəcəyini bildirdi. Həmçinin müqavilənin olmasını və məqbul olduğu halda məhkəməyə müraciət edilməsini bizlərə bildirdi. Tərəfimizdən bir daha onun müqavilənin şərtlərini pozduğu, 07 aprel 2025-ci il tarixində eqaimə göndərildiyi diqqətinə çatdırıldı ...” qeyd edilmişdir. İş materiallarına, həmçinin iddiaçının nümayəndəsi tərəfindən 4456,65 manat dəyərində malların 24 iyun 2025-ci il tarixli 40 saylı müştəridən qaytarılma sənədi və cavabdeh tərəfindən 4456,4 manat dəyərində malların qaytarılmasına dair 13 dekabr 2025-ci il tarixli MQ2512 seriyalı 11132958 nömrəli elektron qaimə-faktura əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 03 fevral 2025-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 16004 manat məbləğində borcu yaranmışdır. Bu göstərilənlər, iş materiallarına əlavə edilmiş alqısatqı müqaviləsi, qiymət razılaşma protokolu, elektron qaimə-faktura, üzləşmə aktları ilə yanaşı, cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilməkdədir. Belə ki, cari məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini 16004 manat məbləğində olan hissədə qəbul etdiklərini bildirmişdir. İddia ərizəsində 16004 manat məbləğində borcla yanaşı, öhdəlik olaraq götürülmüş 4431 (dörd min dörd yüz otuz bir) manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulması xahiş edilmişdir. 17 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında işin bu halı ilə bağlı iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, “iddia ərizəsində də qeyd etmişik ki, iddiaçı həm fiziki şəxs qismində Orxan Qəhrəmanlı, həm də Cavabdeh MMC ilə əməkdaşlıq etmişdir. Fiziki şəxs olaraq Orxan Qəhrəmanlının 4531 manat məbləğində borcu olmuş, 100 manat ödənildiyi üçün həmin məbləğ azaldılmışdır”. Eyni zamanda, iş materiallarında olan Orxan Qəhrəmanov adlı şəxs tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 18 iyun 2025-ci il tarixli ərizənin məzmununda İddiaçı MMCyə 4531 manat borcum vardır. Qeyd olunan 4531 manatı xx.xx.2025-ci il tarixinə kimi ödəyəcəyimə söz verirəm” qeyd edilmişdir. Qeyd edilməlidir ki, həmin ərizə fiziki şəxs yazılaraq onun tərəfindən imzalanmış, üzərində hazırkı cavabdeh olan hüquqi şəxsə aid hər hansı rekvizit qeyd edilməmiş, həmin fiziki şəxsin özü isə cavabdeh qismində cəlb edilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə əsaslı hesab edilərək təmin edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 03 fevral 2025-ci il tarixli 33 nömrəli alqı-satqı müqaviləsi üzrə 16004 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 1308,5 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 7.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1308,5 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 800 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 11 avqust 2025-ci il tarixli MŞAB/MT041/2025-00786 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 140,41 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 16004 manat məbləğində əsas bоrc, 800 manat məbləğində cərimə, 200 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 17004 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 16004 (on altı min dörd) manat məbləğində əsas bоrc, 800 (səkkiz yüz) manat məbləğində cərimə, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 17004 (on yeddi min dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdеh Cavabdehndən 140,41 (yüz qırx manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1609/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1609/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver