Məhkəmə qərarları › İş №e-2-2(119)-1614/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1614/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1614/2022 29.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndələri – Nümayəndə3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 02 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cyrstal” Mebel" Qapalı Səhmdar Cəmiyyətindən (Nizamnaməyə edilmiş ad dəyişikliyindən əvvəlki adı "xxxx" MMC) 6880,90 (altı min səkkiz yüz səksən manat 90 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olan cavabdeh “Cyrstal” Mebel" Qapalı Səhmdar Cəmiyyətindən 6880,90 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli 70 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı olaraq İddiaçı tərəfindən halhazırda adı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti olan alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif vaxtlarda müxtəlif adda mal-materiallar satılmış və həmin alqısatqılar üzrə sonuncu tərəfindən müəyyən məbləğlərdə ödənişlər edilmiş olsa da, 6880,90 manat məbləğində tikinti materiallarının satılması ilə əlaqədar təqdim olunmuş 10 mart 2020-ci il tarixli elektron qaimədə tələb edilən 6880,90 manat məbləğində borc ödənilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, cavabdeh borcunu ödəməmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də borcun ödənilməsi təmin edilməmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı MMC-nin digər nümayəndəsi Nümayəndə3 da iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olan cavabdeh “Cyrstal” Mebel" Qapalı Səhmdar Cəmiyyətindən 6880,90 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli 70 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı olaraq İddiaçı MMC tərəfindən hal-hazırda adı Cavabdeh QSC olan alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif vaxtlarda müxtəlif adda mal-materiallar satılmış və həmin alqı-satqılar üzrə sonuncu tərəfindən müəyyən məbləğlərdə ödənişlər edilmiş olsa da, 6880,90 manat məbləğində tikinti materiallarının satılması ilə əlaqədar təqdim olunmuş 10 mart 2020-ci il tarixli elektron qaimədə tələb edilən 6880,90 manat məbləğində borc ödənilməmişdir. Alıcı "xxxx" MMC-nin adı dəyişildikdən sonra 6880,90 manat məbləğində borcun ödənməsi üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunduqda isə, sonuncunun işçiləri həmin malların təhvil alınması barədə sənədlərin olmamasını bəhanə gətirərək, 6880,90 manat məbləğində borcu ödəməkdən imtina etmişlər. Ancaq satıcı İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi satış qaimələri ilə təsdiq olunur ki, 31 yanvar 2019-cu ildən 28 may 2019-cu ilə qədər olan dövrdə malların alıcı "xxxx" MMC-yə təhvil verilməsini təsdiq edən 11 ədəd satış qaiməsi tərtib olunmuş və həmin satış qaimələri malları təhvil verən satıcı İddiaçı MMC-nin və malları təhvil alan alıcı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq təhvil alınıbdır. Həmin satış qaimələri ilə satılmış malların miqdarı isə 10 mart 2020-ci il tarixli elektron qaimədə qeyd edilən ƏDV daxil cəmi 6880,90 manat məbləğində malların cavabdeh tərəfə təhvil verilməsini təsdiq edir. Ümumiyyətlə, 2017-ci ildən etibarən tərəflər arasında baş tutmuş alqı-satqının ümumi dövriyyəsi təxminən 50000 - 60000 manat həddində olsa da, cavabdeh tərəfin ödənilməmiş borcunun miqdarı 6880,90 manat məbləğindədir. İş üzrə 27 oktyabr 2022-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbini qəbul etmədiyini bildirərək, öz mövqeyini onunla əsaslandırmışdı ki, 2021-ci ilin noyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı və təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti olmuş və eyni zamanda, hüquqi şəxsin həm rəhbərliyi, həm mühasibatlığı yenidən formalaşmışdır. Lakin hal-hazırda Cavabdeh QSCdə borcun tələb olunduğu elektron qaimə və eləcə də, "xxxx" MMC-yə verilmiş digər elektron qaimələrə aid malların təhvil-qəbul aktları yoxdur. Cavabdeh QSC müvafiq təhviltəslim aktları olmadığı halda, ondan əvvəlki, yəni "xxxx" MMC-nin sənədlərlə təsdiq olunmayan əməliyyatlarına cavabdehlik daşımır. Cavabdeh QSC keçmişdəki borcları bu şərtlə qəbul edə bilər ki, malların kimə təhvil verildiyi məlum olsun. Lakin, Cavabdeh QSCdə "xxxx" MMC-nin hyata keçirdiyi alqı-satqıların təhvil-təslim aktları yoxdur. Əgər təhviltəslim aktları olsaydı bu məsələ Şirkətin özü tərəfindən həll edilərdi. Təhvil-təslim aktları olmadığına görə də cavabdeh iddianı qəbul etmir. Lakin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdehin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının Dövlət Reyestri Məlumatları Bazasındakı rəsmi qeydiyyat məlumatlarından və 25 noyabr 2021-ci il tarixli Çıxarış məlumatlarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X1 Qeydiyyatı İdarəsi tərəfindən 22 may 2009-cu il tarixdə ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) çevrilmə yolu ilə yenidən təşkil edilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir (Çıxarışın verildiyi tarix: - 25 noyabr 2021-ci il; Nömrəsi: - **********274200). İş materiallarında olan 10 mart 2020-ci il tarixli EBAH 442763 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 28 sentyabr 2017-ci il tarixli 70 saylı Alqı-satqı Müqaviləsi üzrə satıcı "X3 Makina" MMC tərəfindən alıcı "xxxx" QSC-yə ƏDV daxil cəmi 6880,29 (altı min səkkiz yüz səksən manat 29 qəpik) manat (5830,75 manat malın dəyəri + 1049,54 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 2019-cu il tarixli Satış Qaimələrində olan məlumatlarla müəyyən olunur ki, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə (hal-hazırda Cavabdeh QSC) müxtəlif tikinti materialları təhvil verilmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli 04/1 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı olaraq İddiaçı MMC tərəfindən alıcı Cavabdeh QSC-yə (əvvəlki adı "xxxx" MMC) 6880,90 (altı min səkkiz yüz səksən manat 90 qəpik) manat məbləğində nisyə tikinti materiallarının verilməsi ilə əlaqədar təqdim olunmuş 10 mart 2020-ci il tarixli elektron qaimə üzrə Cavabdeh QSC 6880,90 (altı min səkkiz yüz səksən manat 90 qəpik) manat məbləğində borcunu İddiaçı MMC-yə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında mövcud olmuş alqı-satqı münasibətlərinə əsasən almış olduğu mallara görə təqdim edilmiş 10 mart 2020-ci il tarixli EBAH 442763 nömrəli Elektron Qaimə üzrə cəmi 6880,29 manat məbləğində əsas borc alıcı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı MMC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi varisi olduğu alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) müxtəlif tikinti materialları satılmasını təsdiq edən satış qaimələri və elektron qaimə təqdim edilsə də, iddia tələbinin əsaslandırıldığı 10 mart 2020-ci il tarixli EBAH 442763 nömrəli Elektron Qaimədən görünür ki, cavabdeh tərəfindən ödənilməmiş məbləğ iddia tələbində göstərilən “6880,90 manat” məbləğində deyil, 6880,29 (altı min səkkiz yüz səksən manat 29 qəpik) manat məbləğindədir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar iddiaçı tərəfiindən cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh QSC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə mediatora müraciət edilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh QSC-nin hüquqi varisi olmuş "xxxx" MMC arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli 70 saylı Alqı-satqı Müqaviləsinin özü məhkəməyə təqdim edilməsə də, işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) arasında alqı-satqı münasibətləri mövcud olmuş və cavabdeh iddia ərizəsində qeyd olunan təsdiqlənmiş 10 mart 2020-ci il tarixli EBAH 442763 nömrəli elektron qaimə üzrə nəzərdə tutulan cəmi 6880,29 manat məbləğində pulu ödəməmişdir. Buna görə də, ödənilməmiş “cəmi 6880,90 manat” məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən, yəni “6880,29 manat” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN **********) 6880,29 (altı min səkkiz yüz səksən manat 29 qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, İddiaçı MMC tərəfindən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi də Cavabdeh QSC-dən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 88,80 (səksən səkkiz manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 58,80 (əlli səkkiz manat 80 qəpik) manat (88,80 manat – 30 manat = 58,80 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh QSC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN **********) 6880,29 (altı min səkkiz yüz səksən manat 29 qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6910,29 (altı min doqquz yüz on manat 29 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 58,80 (əlli səkkiz manat 80 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar