Məhkəmə qərarları › İş №e-2-2(119)-162/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-162/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-162/2024 15.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 22 noyabr 2022-ci il tarixli, 741-A/22 nömrəli malların alqı-satqı qaydaları haqqında müqavilənin əsasında yaranmış 3783,1 (üç min yeddi yüz səksən üç manat, on qəpik) manat məbləğində əsas borc, cərimə kimi hesablanmış 677,66 (altı yüz yetmiş yeddi manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti və 64 (altmış dörd) manat dövlət rüsumu olmaqla, cəmi 4414,56 (dörd min dörd yüz on dörd manat əlli altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı məhkəməyə müraciət edərkən hazırda məhkəməyə təqdim etdiyi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi deyil, 30 noyabr 2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədi hazırkı iddia ərizəsi ilə birgə məhkəməyə təqdim etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən hazırkı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi əvəzinə, 30 noyabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilən iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd hazırkı iş materiallarına əlavə olunmuşdur. Halbuki iddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, məhz bu ərizənin cavabdehə göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə Mülki- Prosessual Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 150.1.4-cü maddəsində kommersiya mübahisələri üzrə iddia ərizəsinə iddia ərizəsinin surətinin işdə iştirak edən digər şəxslər alınması haqqında sənədin əlavə olunması imperativ qaydada müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçının cavabdehə göndərdiyi sənəd kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi hazırkı iddia ərizəsi deyil, 30 noyabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilən iddia ərizəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.4-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 22 noyabr 2022-ci il tarixli, 741-A/22 nömrəli alqı-satqı müqaviləsinin əsasında yaranmış 3783,1 manat məbləğində əsas borc, cərimə kimi hesablanmış 677,66 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 64 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4414,56 məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli malların alqı-satqı qaydaları haqqında müqavilənin 2.5-ci bəndində malların ödənişinin gecikdirilməsinə görə penya ödənilməsi nəzərdə tutulsa da, iddiaçı cərimə kimi hesabladığı məbləğin, məhz 677,66 manat olduğunu təsdiq edən hər hansı sənədi (maliyyə arayışı və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) həmin iş materiallarına əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, qeyd olunan cərimə məbləğinin hesablanması qaydasını əks etdirən sənədin iş materiallarına əlavə edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər kiçik iddialara dair işlər üzrə ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə, həmçinin əlavə olaraq qeyd edir ki, hazırkı iddia tələbi ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsi iddiaçı tərəfindən ödənilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz iş materiallarına əlavə edilmişdir. Lakin iddiaçı dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsinin ödənilməsi ilə bağlı həmin sənədin nömrəsini, ödənilən pulun məbləğini və digər rekvizitləri kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada verilmiş hazırkı iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd etməli olsa da, bunu etməmişdir. Bundan başqa, iddia ərizəsində 3783,1 manat məbləğində əsas borc, cərimə kimi hesablanmış 677,66 manat məbləğində pul vəsaiti və iddianın verilməsi üçün ödənilmiş 64 manat dövlət rüsumu olmaqla, cəmi 4414,56 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması xahiş edilsə də, hesablanma zamanı məhkəmə aşkar etdi ki, tələb olunan məbləğlərin cəmi 4524,76 manat təşkil edir. Hüquqi müəyyənlik prinsipinin müddəalarını rəhbər tutaraq məhkəmə tutulması xahiş olunan məbləğlərinin hər birinin tərkibinin, o cümlədən yekun məbləğin miqdarının dəqiqləşdirilməsini (həmçinin əsas borc və cərimənin toplam məbləğləri dəyişdiyi halda ödənilməli dövlət rüsumu artarsa, bunun nəzərə alınmasını) iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir. Beləliklə, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar