Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1620/2024 25.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 03 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli alqı-satqı müqaviləsi üzrə 3158 (üç min yüz əlli səkkiz) manat məbləğində əsas borc, 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablanmış 3158 (üç min yüz əlli səkkiz) manat məbləğində penya və 84 (səksən dörd) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və hər iki tərəfin imzasının olduğu 16 iyun 2024-cü il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktı ilə qalıq borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdehin 3158 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır, eyni zamanda müqavilənin 6.2-ci bəndində ödənişlərin gecikdirilməsinə görə penyanın ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 24 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən borc məbləği üzrə 400 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla əlaqədar digər tələblər qalmaq şərtilə əsas borc hissəsində iddia tələbini azaldaraq 2758 manat məbləğində saxlamaqla məhkəmə iclasının iştirakları olmadan keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatlarında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı təşkilat dəyərinin sonradan ödənilməsi şərti ilə cavabdehə müəyyən məhsulların verilməsini, cavabdeh isə 30 gün ərzində həmin məhsulların dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh ödənişləri həyata keçirməkdən yayınmışdır. İddia ərizəsi ilə tələb olunan məbləğin öhdəliklərin qarşılıqlı tanınması aktında qeyd edilmiş məbləğdən az olması həmin akt tərtib edildikdən sonra cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlərin həyata keçirilməsi ilə əlaqədardır. Cavabdeh tərəfindən sonuncu dəfə 16 oktyabr 2024-cü il tarixdə 400 manat məbləğində ödəniş həyata keçirilmişdir və hazırda onun 2758 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh cari ilin dekabr ayının sonuna kimi borc məbləğinin ən azı yarısını ödəyəcəyini bildirmişdir. Bununla əlaqədar, iddia tələbinin həcminin azaldılması barədə ərizə elektron kabinetə əlavə ediləcəkdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı) bu müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 30 gündən gec olmayaraq bank ödənişi və ya nağd ödənişi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1.1-ci yarımbəndinə əsasən, satıcı alıcıdan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü yarımbəndinə əsasən, alıcı malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 %-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktından görünür ki, cavabdeh aktın imzalandığı tarixə iddiaçı təşkilata 5056,79 manat məbləğində borcunun olmasını təsdiq edir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli MA/X/O/318/2024 nömrəli maliyyə arayışından görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə qalıq borc 3158 manat təşkil edir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli MA/X/O/390/2024 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən borc məbləği üzrə sonuncu dəfə 16 oktyabr 2024-cü il tarixdə 400 manat məbləğində ödəniş həyata keçirilmişdir və qalıq borc 2758 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü və 427.4-cü maddələrinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmetini təşkil edən malları cavabdehə satmış, müqavilə üzrə alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək aldığı malların dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçı təşkilata 3158 manat məbləğində əsas borcu yaranmışdır. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və 23 noyabr 2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh tərəfindən məhkəmə proseslərinin gedişi dövründə borc üzrə 400 manat məbləğində ödəniş həyata keçirilmişdir və cavabdehin qalıq borcu 2758 manat məbləğindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli nömrəli alqı-satqı müqaviləsi üzrə 2758 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 3158 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 6.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 3158 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 140 (yüz qırx) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 84 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının məhkəməyə müraciət edərkən borc məbləğinin 3158 manat təşkil etdiyi nəzərə alınaraq hazırkı iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 52,98 (əlli iki manat, doxsan səkkiz qəpik) manat təşkil edir və yuxarıda istinad edilmiş qanunvericilik normalarına əsasən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 yanvar 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 2758 manat məbləğində borc, 140 manat məbləğində cərimə və 52,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2950,98 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 yanvar 2015-ci il tarixli 58/15 nömrəli alqı-satqı müqaviləsi üzrə 2758 (iki min yeddi yüz əlli səkkiz) manat məbləğində borc, 140 (yüz qırx) manat məbləğində cərimə, 52,98 (əlli iki manat, doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2950,98 (iki min doqquz yüz əlli manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1620/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1620/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver