Məhkəmə qərarları › İş №e-2-2(119)-1640/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1640/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1640/2025 11.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 13 avqust 2025-ci il tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1204,52 (min iki yüz dörd manat, əlli iki qəpik) manat məbləğində əsas borcun və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 fevral 2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə dəfələrlə mallar satılmış və dəyəri tam olaraq ödənilmişdir. Lakin 19 noyabr 2024-cü il tarixli 11074714 nörməli elektron qaimə əsasında satılmış malların dəyərindən, yəni 3762,14 manat məbləğində pul vəsaitindən cəmi 2557,62 manat məbləğində ödəniş həyata keçirilmiş, qalan 1204,52 manat məbləğində pul vəsaiti isə ödənilməmişdir. Cavabdeh tərəfindən ödənişin edildiyi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla sübut olunur. Belə ki, həmin sənəddə 03 fevral 2025-ci il tarixinə cavabdehin adı qarşısında “kredit” bölməsində olan məbləğ, yəni 2167,48 manat məbləğində pul vəsaiti satılmış malların cavabdeh tərəfindən ƏDV-siz ödənişidir. Həmin məbləğin üzərinə 18 faiz ƏDV hesablandıqda 2557,62 manat məbləğində ödəniş edildiyi öz təsdiqini tapır. Lakin ƏDV ödənişi hesabdan çıxarışda deyil, sub-uçot hesabında əks edilmişdir. Cavabdehin borcu 1204,52 manat məbləğində təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 10 sentyabr 2025-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən göndərilən qaimələrdə qeyd olunan bir sıra malların satışı cavabdehə məxsus mağaza-təsərrüfat subyektində həyata keçirilmir. Cavabdeh tərəfindən qəbul olunan mallara görə müvafiq məlumatlar qeyd olunan və kağız daşıyıcılarda təqdim olunan qaiməyə imza edilir, təhvil-təslim qaydasında ekspeditorlar tərəfindən geri alınır. Məzmun etibarilə qanunla müəyyən edilmiş “nəqliyyat qaiməsi” təqdim olunur. İddiaçı tərəfindən iddia ərizəsində istinad edilən elektron qaimə-fakturada göstərilən malların təhvil verilməsi barədə imzalı qaimə-faktura sənədi varsa, həmin sənədin bir nüsxəsi cavabdehə təqdim edilməklə tələb irəli sürülməli idi. Lakin qeyd edilən qaydada imzalanmış qaimə olmadığı üçün hazırda ödənişin həyata keçirilməsi mümkün deyildir. İddiaçı tərəfindən mağaza təsərrüfat subyektinə faktiki gətirilən mallar qeyd olunmuş elektron qaimə-fakturanın çap versiyasına imza ataraq təhvil aldığı malların ödənişini həyata keçirmişdir. Elekton qaimənin çap versiyasında əks olunan bir sıra mallar cavabdeh tərəfindən təhvil alınmadığı üçün hansısa təsdiqedici imzalı sənəd də mövcud deyildir. Elektron qaimə yalnız əməliyyat (təhvil-təslim) başa çatdığı halda ödəniş öhdəliyi yaradır. 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 11074714 nömrəli elektron qaiməfakturada əks olunan mallardan mağazaya təqdim olunmayanlar etiraza əlavə edilmiş sənəddə qələmlə qeyd edilmişdir. 29 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12691462 nömrəli elektron qaimə-fakturada əks olunan mallar mağazaya gətirilməmiş, eyni zamanda qaimə kimi qəbul olunaraq imzalanmamışdır. Bu qaimə üzrə qeyd olunan malların təhvil alınmasına dair hansısa imzalı sənəd mövcud deyildir, yəni elektron qaimə-faktura saxtadır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli e-2-2(119)- 1640/2025 nömrəli qərardadı ilə İddiaçı MMC tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdehlə əməkdaşlıq çərçivəsində yalnız 1 ədəd elektron qaimə-faktura mövcud olmuşdur. Ola bilər ki, ödənişin təyinatı qeyd edilərkən bir rəqəmin yazılmasında texniki səhvə yol verilmişdir. Ödənişin təyinatı hissəsini isə cavabdeh özü ödəniş edərkən yazır. Cavabdeh tərəfindən həyata keçirilmiş bütün ödənişlər rəsmi formada hesaba köçürmə yolu ilə edilmişdir. Malların cavabdehə təhvil verilməsi barədə elektron qaimə-fakturadan başqa hər hansı sənəd mövcud deyildir. Hazırkı iş üzrə malların təhvil alındığını təsdiq etmək üçün elektron qaimə-faktura kifayətdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, borcu ödədikdən sonra qalıq məbləğlə razı olmadığını iddiaçı təşkilata bildirmiş, satış təmsilçisi qalan məsələni sonradan araşdıracağını bildirmişdir. Ümumilikdə ƏDV daxil olmaqla 2557,63 manat məbləğində ödəniş həyata keçirmişdir. Adətən mallar təhvil verildikdən sonra iddiaçı tərəfindən qaimə-faktura göndərilmiş, cavabdeh həmin qaimə-fakturanın təhvil verilmiş mallara uyğunluğunu yoxladıqdan sonra malları təhvil almış və ödənişi həyata keçirmişdir. 29 noyabr 2024-cü il tarixli 12691462 nömrəli elektron qaimə-faktura ləğvə göndərilmiş və iddiaçı da ləğvi təsdiqləmişdir. Digər elektron qaimə-faktura ləğvə göndərilməmişdir, çünki həmin elektron qaimə-faktura üzrə ödənişlərin bir hissəsi icra edilmişdir. Eyni zamanda malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktı və ya elektron qaimə-fakturada qeyd edilən malların onun tərəfindən təhvil alındığı barədə cavabdehin də imzasının olduğu sənəd iş materiallarına əlavə edilməlidir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 08 fevral 2022-ci il tarixli 02/07 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcı (Cavabdeh) tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəklində olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, satıcı sifarişi aldıqdan sonra 3 gün ərzində qaimə-fakturada qeyd edilən malları alıcının təyinat yerinə çatdırır, alıcı qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşmalar manatla olmaqla hər partiyaya uyğun olaraq bu müqaviləyə əlavə olunan qaimə- fakturalar alıcı tərəfindən təsdiq olunduqdan və təhvil alındıqdan dərhal sonra köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.1.1-ci yarımbəndinə əsasən, sifarişlərə uyğun olaraq tərtib edilmiş qaimə-fakturalarda qeyd edilən malları lazımı qablaşdırmada, çeşiddə, “QOST:7190-93” keyfiyyətində və sayda bütün zəruri sənədlərlə birlikdə alıcının təyinat yerinə çatdırmaqla ona təhvil vermək satıcının öhdəliklərindən biridir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 11074714 nömrəli elektron qaimə-fakturada malların ümumi dəyərinin 3762,14 manat məbləğində olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən 03 fevral 2025-ci il tarixdə 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10747714 nömrəli elektron qaimə-faktura üzrə 2167,48 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10747714 nömrəli elektron qaimə-faktura üzrə 390,14 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarına, həmçinin ödəniş tapşırıqları, 22 iyul 2024-cü il tarixli malların təhvil aktı, satış fakturaları və elektron qaimə-fakturalar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı mübasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 08 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1204,52 manat məbləğində əsas borc və 33 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - alqı-satqı müqaviləsinin predmeti olan malların cavabdehə təhvil verilməsi və həmin mallara görə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmır. İddia ərizəsinin məzmununda cavabdehdən tutulması xahiş edilən borc məbləğinin əsası kimi 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 11074714 nömrəli elektron qaiməfakturaya istinad edilmiş və cavabdeh tərəfindən həmin elektron qaimə-faktura üzrə borc qismində 2167,48 manat və ƏDV olmaqla, cəmi 2557,62 manat məbləğində ödənişin həyata keçirildiyi, qalan 1204,52 manat məbləğində pul vəsaitinin ödənilmədiyi qeyd edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən 03 fevral 2025-ci il tarixdə 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10747714 nömrəli elektron qaimə-faktura üzrə 2167,48 manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda iş materiallarında olan 03 fevral 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 19 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 10747714 nömrəli elektron qaimə-faktura üzrə 390,14 manat məbləğində ödəniş həyata keçirilmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış 08 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, iddiaçı sifarişi aldıqdan sonra 3 gün ərzində qaiməfakturada qeyd edilən malları cavabdehin təyinat yerinə çatdırır, cavabdeh qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. İddiaçı dəyərini tələb etdiyi malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sənədi (təhvil-təslim aktı, qaimə, qaimə-faktura və s.) təqdim etməmişdir. Halbuki müqavilənin istinad edilən şərtinə əsasən, iddiaçı qaimə-fakturada qeyd edilən malları cavabdehin təyinat yerinə çatdırır, cavabdeh qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. Eyni zamanda cavabdeh 10 sentyabr 2025-ci il tarixli iddiaya etirazın məzmununda və məhkəmə iclaslarında verdiyi izahatlarında qeyd etmişdir ki, elektron qaimə-fakturada qeyd edilmiş mallardan yalnız qəbul etdiyi malların dəyərini ödəmiş, qalan mallar onun tərəfindən qəbul edilmədiyindən (ona həmin mallarla bağlı müvafiq olaraq satış fakturaları və ya təhvil-təslim aktı təqdim edilmədiyindən) ödəniş etməmişdir. Bununla yanaşı, o, həm də iddiaçı tərəfindən ona malların verilməsini təsdiq edən müxtəlif tarixli satış fakturaları işə əlavə etmişdir. İşin şərh olunan hallarını təhlil edən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf elektron qaimə-fakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etməmiş, təhvil-təslim prosesi digər sənədlərlə rəsmiləşdirilmişdir. Burada bu da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar