Məhkəmə qərarları › İş №e-2-2(119)-1650/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1650/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1650/2024 15.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6786 (altı min yeddi yüz səksən altı) manat məbləğində əsas borc, 1733,67 (min yeddi yüz otuz üç manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 105,20 (yüz beş manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8624,87 (səkkiz min altı yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli, 437 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh elektron qaimələr ilə iddiaçıdan 14040 manat dəyərində sement almışdır. Cavabdeh aldığı malların dəyərindən yalnız 7254 manat ödəniş etdiyi üçün iddiaçıya 6786 manat borcu yaranmışdır. Borc məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə etdilmiş yazılı və şifahi xəbərdarlıqlar nəticə verməmiş, cavabdeh borcun tezliklə ödənilməsi ilə bağlı vədlərinə əməl etməmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. Qanunvericiliyə əsasən cavabdehdən 6786 manat əsas borc, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər cəmi 1733,67 manat faiz məbləği də tələb edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 iyul 2021-ci il tarixli, 437 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə görə hazırkı müqaviləyə əsasən satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC- dən daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə oz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə hesablaşma, bu Müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada tosdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesabfakturaya əsasən 10 (on) iş günü ərzində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 4536 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBE seriyalı, 963715 nömrəli, 4752 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBF seriyalı, 865368 nömrəli və 4752 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı, 859042 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh tərəfindən imzalanmış 26 aprel 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 01 aprel 2024-cü il tarixə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 6786 (altı min yeddi yüz səksən altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 01 iyul 2021-ci il tarixli, 437 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliklərini icra edərək müvafiq malları cavabdehə təhvil vermiş, lakin Cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə məhkəmə hesab edir ki, 01 iyul 2021-ci il tarixli, 437 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6786 (altı min yeddi yüz səksən altı) manat məbləğində əsas borc Cavabdehdan tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə bank uçot dərəcəsi ilə hesablanmış 1733,67 (min yeddi yüz otuz üç manat altmış yeddi qəpik) manat faiz borcunun tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “105,20 (yüz beş manay iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 87,86 (səksən yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehdan 6786 (altı min yeddi yüz səksən altı) manat məbləğində əsas borc və 87,86 (səksən yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6873,86 (altı min səkkiz yüz yetmiş üç manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdan 6786 (altı min yeddi yüz səksən altı) manat məbləğində əsas borc və 87,86 (səksən yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6873,86 (altı min səkkiz yüz yetmiş üç manat səksən altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar