Məhkəmə qərarları › İş №e-2-2(119)-1656/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1656/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1656/2024 10.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 09 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış malların/işlərin/xidmətin satınalma müqaviləsi üzrə 31525 (otuz bir min beş yüz iyirmi beş) manat məbləğində əsas borc və 185 (yüz səksən beş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 26 avqust 2021-ci il tarixli NN 260821 nömrəli malların/işlərin/xidmətin satınalma müqaviləsinə əsasən, icraçı, yəni iddiaçı müqavilədə göstərilən malları təyinat yeri üzrə göndərməyi, sifarişçi, yəni cavabdeh isə malların məbləğini icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, ona satılmış malların dəyərinin ödənilməsi barədə ödəniş sənədlərinin ona göndərildiyi tarixdən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının qanuni təmsilçisi iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 26 avqust 2021-ci il tarixli NN 260821 nömrəli malların/işlərin/xidmətin satınalma müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini hazırkı müqaviləyə əlavələrdə (qiymətlərin razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiya, təhvil-təslim aktı və sair adlandırıla bilər) göstərilən malların/işlərin/xidmətin təchizi, quraşdırılması və istismara təhvil verilməsinin icraçı (İddiaçı MMC) tərəfindən sifarişçiyə (Cavabdeh MMC-yə) satılması, sifarişçi tərəfdən isə həmin malların/işlərin/xidmətin qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 4.2.1-ci yarımbəndinə əsasən, ödəniş haqqını bu müqavilədə müəyyən edilmiş ödəniş qaydasında və vaxtı-vaxtında həyata keçirilməsini sifarişçidən tələb etmək icraçının hüququdur. Həmin müqavilənin 4.3.1-ci yarımbəndinə əsasən, bu müqaviləyə əlavələrə uyğun olaraq ləlıvil verilmiş malı/işləri/xidməti qəbul etmək və ödənişi vaxtında həyata keçirmək sifarişçinin vəzifəsidir. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli “26 avqust 2021-ci il tarixli NN 260821 nömrəli malların/işlərin/xidmətin satınalma müqaviləsinin” X1 əsasən, satın alınan malların, işlərin, xidmətlərin ümumi dəyərinin ƏDV daxil olmaqla 112625,1 manat məbləğində olması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli EBBK seriyalı 412525 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 112625,10 manat məbləğində mal təhvil verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış sənədinə əsasən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixində 9000 manat məbləğində avans ödənişi, xx.xx.2021-ci il tarixində 34920 manat məbləğində, xx.xx.2022-ci il tarixində isə 20000 manat məbləğində ödənişlər edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında alqı-satqı və podrat müqavilələrinin elementlərini özündə əks etdirən 26 avqust 2021-ci il tarixli NN 260821 nömrəli malların/işlərin/xidmətin satınalma müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq icraçı qismində olan iddiaçı cavabdehin müvafiq mallarla təchiz edilməsi, quraşdırılması və istismara təhvil verilməsindən ibarət öhdəliyini icra etsə də, sifarişçi qismində iştirak edən cavabdeh müqavilə öhdəliklərinə riayət etməmiş, nəticədə onun iddiaçıya 31525 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 26 avqust 2021-ci il tarixli NN 260821 nömrəli malların/işlərin/xidmətin satınalma müqaviləsi üzrə 31525 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 185 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 21 avqust 2024-cü il tarixli **********14 nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 185,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 184,58 manat təşkil etdiyindən məhkəmə hesab edir ki iddia tələbinin cavabdehdən 185 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 184,58 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, Cavabdehndən 31525 manat məbləğində borc və 184,58 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 31709,58 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 31525 (otuz bir min beş yüz iyirmi beş) manat məbləğində borc və 184,58 (yüz səksən dörd manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 31709,58 (otuz bir min yeddi yüz doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar