Məhkəmə qərarları › İş №e-2-2(119)-1660/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1660/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1660/2022 14.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdehndən ƏDV daxil 35000 (otuz beş min) manat məbləğində əsas borc, 10500 (on min beş yüz) manat məbləğində cərimə və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 45700 (qırx beş min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair 26 iyun 2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilməlidir. Lakin sözügedən alqısatqı müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında ƏDV daxil 35000 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilsə də, bu günə qədər yaranmış borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında 27 dekabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və hər iki tərəf öz nümayəndəsi vasitəsi ilə sessiyanın iclasında iştirak etmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra proses tərəflərin iradəsinə əsasən davam etdirilməmiş, bu barədə müvafiq arayış verilmişdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi ƏDV daxil 35000 manat məbləğində əsas borc, hesablanmış 10500 manat məbləğində cərimə və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 14 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 13 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia ərizəsinə işdə olan sübutlar əsasında baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 26 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 3-cü bəndinə görə bu müqavilə üzrə malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. Ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Həmin müqavilənin 7.3-ü bəndinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz səbəbdən gecikdirdiyi hər gün üçün müvafiq ödənişş məbləğinin 0,1%-i miqdarında satıcıya cərimə ödəyir. İş materiallarında olan 03 iyul 2021-ci il tarixli EBBE seriyalı 295985 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 10030 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli EBBE seriyalı 722028 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 10030 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli EBBF seriyalı 418401 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 2336,40 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 26 iyun 2021-ci il tarixli 19 nömrəli, 09 iyul 2021-ci il tarixli 03 nömrəli və 10 iyul 2021-ci il tarixli 03 nömrəli Təhvil-təslim aktlarından görünür ki, qeyd olunan elektron qaimələrdə göstərilən mallar satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 dekabr 2022-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh 13 dekabr 2022-ci il tarixə olan borcu 35538,65 manat təşkil edir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 05 oktyabr 2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktı”ndan görünür ki, alıcı Cavabdeh 05 oktyabr 2021-ci il tarixinə satıcı İddiaçınə borcu 35538,65 (otuz beş min beş yüz otuz səkkiz manat 65 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, 26 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə almış olduğu mallara görə cavabdeh Agro Prof" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35000 manat məbləğində əsas borc İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 35000 manat məbləğində əsas borcun və hesablanmış 10500 manat məbləğində cərimənin cavabdeh “Agro Prof" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “Agro Prof" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilənlərə əsasən müəyyən olunur ki, “Agro Prof" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin müqavilə üzrə ödənilməmiş 35000 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehdən “10500 (on min beş yüz) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 35000 (otuz beş min) manat məbləğində əsas bоrc və 1000 (min) manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdehndən 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən (VÖEN **********) 35000 (otuz beş min) manat məbləğində əsas bоrc, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 36200 (otuz altı min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar