Məhkəmə qərarları › İş №e-2-2(119)-169/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-169/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-169/2025 06.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti 21 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış O001639116 nömrəli beton təchizatına dair müqavilə üzrə cavabdehdən 15116 (on beş min yüz on altı) manat məbləğində borc, 2444,6 (iki min dörd yüz qırx altı manat, altmış qəpik) manat məbləğində cərimə, 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış O001639116 nömrəli beton təchizatına dair müqaviləyə əsasən, təchizatçı qismində çıxış edən iddiaçı sifarişçi kimi çıxış edən cavabdehi müqavilədə qeyd edilmiş məhsullarla təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni təchiz edilmiş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 15116 manat məbləğində borcu yaranmışdır, eyni zamanda müqavilənin 9.1-ci bəndində ödənişlərin gecikdirilməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehə 11 sentyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərərək borc məbləğinin 25 sentyabr 2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilsə də, hər hansı ödəniş edilməmişdir. Eyni zamanda cavabdeh elektron vergi kabineti vasitəsilə iddiaçıya 20 noyabr 2024-cü il tarixində məktub ünvanlayaraq, 2024-cü ilin noyabr ayının sonuna kimi borcunu ödəyəcəyini bildirmiş, lakin cavabdeh tərəfindən hansısa ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi, göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan O001639116 nömrəli beton təchizatına dair müqaviləsinin 1.1ci bəndinə əsasən, təchizatçı (iddiaçı Holcim (Azərbaycan) ASC) sifarişçinin (Cavabdeh MMC-nin) sifariş etdiyi məhsul və xidmətləri satmağı, sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə əlavə razılaşmalarda və/və ya əlavə edilmiş qiymət siyahısında göstərildiyi kimi bu müqavilə və müqavilə üzrə əlavələrdə məhsullar anlayışına beton, qoruyucu beton və ya əhəng məhlulu daxildir. Müqavilə üzrə əlavə razılaşmalarda və/və ya əlavə edilmiş qiymət siyahısında göstərildiyi kimi xidmətlərə məhsulların daşınması, beton nasosuyla betonun verilməsi və digər xidmətlər daxildir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə 02 fevral 2024-cü il tarixdən qüvvəyə minir və müqavilənin 11-ci maddəsinin müddəaları əsasında xitam verilməsə, 02 fevral 2025-ci il tarixə qədər qüvvədə qalır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, hər bir məhsul və xidmətin dəyəri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsini təşkil edən müqavilə üzrə əlavə sənədlərdə göstərilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, təchizatçının verdiyi hər bir hesab-faktura üzrə ödəniş müddəti həmin hesab-fakturanın verildiyi tarixdən hesablanmağa başlayır və sifarişçinin təchizatçı tərəfindən verilmiş hesab-fakturanın dəyərini ödəməyi öhdəsinə götürdüyü təqvim günlərinin sayına uyğun olur. Əlavələrdə başqa müddət nəzərdə tuutlmayıbsa, sifarişçi müvafiq hesab-fakturanı qəbul etdiyi tarixdən öncə ödəməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əgər sifarişçi fakturaların dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə, təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla, son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikdirilmiş təqvim gününə görə 0,1 faiz dəbbə pulu tətbiq edə bilər. Dəbbə pulu məbləği məhdudlaşdırıla bilməz. Həmin müqaviləyə 02 aprel 2024-cü il tarixli 1 nömrəli əlavədə tərəflər arasında razılaşdırılan və 02 aprel 2024-cü il-02 aprel 2025-ci il tarixləri arasında qüvvədə olan qiymətlər göstərilmiş, həmin qiymətlərə qanuna əsasən tətbiq olunacaq ƏDV-nin daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə təqdim olunan elektron qaiməfakturalardan görünür ki, həmin qaimələrdəki məbləğlərin cəmi 34701,44 manat təşkil edir. İş materiallarında olan, tərəflərin iştirakları ilə tərtib edilmiş və möhürlənərək nümayəndələri tərəfindən imzalanmış 18 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən tərəflər razılaşmışlar ki, cavabdehin iddiaçıya 30 iyun 2024-cü il tarixinə 34701,44 manat məbləğində borcu vardır. İş materiallarında olan cavabdeh tərəfindən elektron vergi kabinet vasitəsilə iddiaçıya ünvanlanmış 20 noyabr 2024-cü il tarixli məktubda “ay sonuna kimi borc məbləği üzrə tam şəkildə ödəniş həyata keçiriləcəyi” qeyd edilmişdir. İş materiallarında olan 01 oktyabr 2024-cü il - 18 dekabr 2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına ümumilikdə 14292 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********025623 nömrəli və **********303881 nömrəli ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən 5293,44 manat məbləğində pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında O001639116 nömrəli beton təchizatına dair müqavilə bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq təchizatçı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan betonları cavabdehin mülkiyyətinə vermiş, sifarişçi qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini, yəni 34701,44 manatı iddiaçıya tam şəkildə ödəməmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və ödəniş sənədləri ilə cavabdeh tərəfindən iddiaçının hesabına cəmi 19585,44 manat məbləğində ödəniş həyata keçirildiyi təsdiqini tapır. Nəticədə cavabdehin iddiaçıya 15116 (34701,44- 19585,44=15116) manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 02 aprel 2024-cü il tarixli O001639116 nömrəli beton təchizatına dair müqavilə üzrə 15116 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 2444,6 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 9.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 2444,6 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 143 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 16 noyabr 2024-cü il tarixli **********09 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 137,66 (yüz otuz yeddi manat, altmış altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15116 manat məbləğində borc, 770 manat məbləğində cərimə və 137,66 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 16023,66 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 15116 (on beş min yüz on altı) manat məbləğində əsas borc, 770 (yeddi yüz yetmiş) manat məbləğində cərimə və 137,66 (yüz otuz yeddi manat, altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16023,66 (on altı min iyirmi üç manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar