Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1694/2024 24.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli HG-1103/002/24 saylı “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilə xidmətinə görə 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat əsas borcun, 2000 (iki min) manat gecikdirilən gün üçün faiz borcunun, 90 (doxsan) gün üçün 15300 (on beş min üç yüz) manat cərimə olmaqla ümumilikdə 25171 (iyirmi beş min yüz yetmiş bir) manat və ödənilmiş 165 (yüz altmış beş) manat dövlət rüsumunun İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli № HG-1103/002/24 saylı “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) verdiyi sifarişlər əsasında daşıyıcı İddiaçı yüklərin daşınması xidmətini yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir və bu xidmət müqabilində sifarişçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyıcıya muzd ödəyir. “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilənin 1.2-ci bəndinə əsasən hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (sifarişdə) öz əksini tapır. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən marşrut, yükün adı və daşıma haqqı, ödəniş şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişdə müəyyən edilir. “Daşıma xidmətinin göstərilməsi barədə” bu Müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş şərti və ya sifarişdə daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında Sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə 10 (on) gün müddətinə həyata keçirilir. Bu Müqavilənin 3.1.4-cü bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişinə əsasən “Müqavilə”-nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir. Bu Müqavilənin 7.5.1-ci bəndinə əsasən Daşıma xərcləri Sifarişçi tərəfindən Daşıyıcıya 30 bank günü ərzində önənilməlidir, əks halda, hər gecikdirilən gün üçün ümumi məbləğin 0.1 faizi həcmində cərimə ödəniləcəkdir. Sifarişçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış daşıma müqaviləsinə əsasən daşınan yük bu günə qədər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təhvil alınmamış və şirkət tərəfindən daşıyıcıya maddi ziyan dəymişdir. Müqaviləyə əsasən halhazırda qalıq əsas borcu 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat, gecikdirilən gün üçün faiz borcu 2000 (iki min) manat, 90 doxsan gün üçün cərimə də tutulmalıdır. Cərimə isə 15,300 (on beş min üç yüz) manat, ümumilikdə 25171 (iyirmi beş min yüz yetmiş bir) manat təşkil edir. Lakin, sifarişçi “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçınə olan 25171 (iyirmi beş min yüz yetmiş bir) manat ödənişi bu günədək həyata keçirməmişdir. Göründüyü kimi,cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır. Öhdəliyin icra edilməsi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq, pretenziya, mediasiya təklifi göndərilməsinə baxmayaraq, öhdəliyi bu günədək yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
6. İş materiallarından görünür ki, İddiaçı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş və qalıq borc və cərimə 5 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. İş materiallarından görünür ki, “daşıyıcı” İddiaçı ilə “sifarişçi” “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 mart 2024-cü il tarixli HG-1103/002/24 saylı “Daşıma xidmətinin göstərilməsi barədə” müqavilə bağlanmışdır.
8. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “Daşıyıcı”, “Sifarişçinin" sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirməsini təşkil etməyi, “Sifarişçi” isə həmin xidmətlər müqabilində Daşıyıcıya muzd ödəməyi, öhdəsinə götürür.
9. “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilənin 1.2-ci bəndinə əsasən, hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə (sifarişdə) öz əksini tapacaqdır.
10. “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilənin 2.2-ci bəndinə əsasən, marşrut, yükün adı və daşıma haqqı, ödəniş şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişdə müəyyən edilir.
11. “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilənin 2.4-cü bəndinə əsasən, ödəniş şərti və ya sifarişdə daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında Sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə həyata keçirilir.
12. 11 mart 2024-cü il tarixli HG-1103/002/24 saylı müqavilənin 3.2.5-ci bəndinə əsasən, yükün gömrük təhvilini təşkil etmək sifarişçinin vəzifəsidir.
13. 11 mart 2024-cü il tarixli HG-1103/002/24 saylı müqavilənin 3.2.9-cu bəndinə əsasən, sifarişçi hər boş dayanma üçün daşıyıcıya 100 dollar, Avropadan daşınan yüklər üçün 150 Euro məbləğində cərimə ödəyir.
14. 11 mart 2024-cü il tarixli HG-1103/002/24 saylı müqavilənin 3.2.16-cı bəndinə əsasən, daşınma xərcləri Daşıyıcıya 20 bank günü ərzində ödənilməlidir, əks halda, hər gecikdirilən gün üçün ümumi məbləğin 1 faizi həcmində cərimə ödəniləcəkdir.
15. “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilənin 3.1.1-ci bəndinə əsasən, "Sifarişçi"nin sifarişinə əsasən “Müqavilə”nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirmək və ya onların yerinə yetirilməsini təşkil etmək tərəflərin öhdəlikləridir.
16. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, Tərəflər "Müqavilə" ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməyi və ya lazımı qaydada yerinə yetirilməməyinə görə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və BYDM tələbləri ilə, beynəlxalq yüklərin daşınması ilə bağlı olan qanunvericilik ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
17. Həmin müqavilənin 4.1.2-ci bəndinə əsasən, "Müqavilə" üzrə öz öhdəliklərini pozmuş tərəf qısa müddətdə öhdəliklərin yerinə yetirilməsini bərpa etmək üçün tədbirlər görməlidir.
18. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, “Sifarişçi” bu "Müqavilə" və təqdim edilmiş hesab-faktura əsasında “Daşıyıcı”ya yüklərin daşınmasıyla bağlı bütün əlavə xərcləri və daşıma haqqını ödəməlidir, habelə müqavilə üzrə “Sifarişçi"nin hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmış əlavə xərclər “Sifarişçi" tərəfindən ödənilməlidir.
19. İş materiallarından görünür ki, İddiaçı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 7480 manat dəyərində yük daşıma xidmətinin göstərilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00381963 nömrəli elektron qaimə təqdim olunmuşdur.
20. İş materiallarında olan İddiaçı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00381963 nömrəli elektron qaiməyə əsasən 6630 manat daşıma haqqı və 5 gün demuraj üçün 850 manat, xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10735014 nömrəli elektron qaiməyə əsasən 391 manat daşıma haqqı, xx.xx.2024-cü il tarixinə 2000 manat gecikdirilən gün üçün faiz borcu və 15300 manat 90 gün üçün cərimə olmaqla xx.xx.2024-cü il tarixə cəmi 25171 manat borcu vardır. Tərəflər üzləşmə aktını öz möhürləri və imzaları ilə təsdiq etmişdir.
21. İş materiallarında olan xx.xx.2024-cü il tarixli GLO**********016 nömrəli invoysa əsasən İddiaçı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında 1000 kq yük Türkiyə Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daşınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixində yükləməyə icazə verilmişdir.
22. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli invoysə görə 1000 kq yük ümumi olaraq 8568,29 dollar (USD) məbləğdə müəyyən edilmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
24. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında Türkiyə Respublikası ərazisindən yüklərin Azərbaycan Respublikası ərazisinə daşınması ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə yük daşıma xidmətləri göstərilmiş, lakin “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək malları Azərbaycan Respublikası Gömrük Məntəqəsindən təhvil almamış və iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini ödəməmişdir. Buna görə İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məkəməyə müraciət etmişdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Göründüyü kimi, tərəflər arasında yük daşımasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
27. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında İddiaçı tərəfindən 1000 kq yük Türkiyə Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daşınmışdır. Lakin məhkəməyə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşınma xərclərinin ödənilməsi ilə bağlı heç bir ödəniş qəbzi təqdim olunmamışdır.
28. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə arasında bağlanmış “Daşıma xidmətinin göstərilməsi barədə” Müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyd edilən müqavilə üzrə 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində faiz borcu İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 15300 (on beş min üç yüz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində cərimə tutulmalıdır.
33. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 165 (yüz altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 134,61 (yüz otuz dörd manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində faiz borcu, 5000 (beş min) manat cərimə və 134,61 (yüz otuz dörd manat 61 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15005,61 (on beş min beş manat 61 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir.
37. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 7871 (yeddi min səkkiz yüz yetmiş bir) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində faiz borcu, 5000 (beş min) manat cərimə və 134,61 (yüz otuz dörd manat 61 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15005,61 (on beş min beş manat 61 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İslam Əliyev