Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-171/2025 04.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı verilmiş “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 21 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1932 (min doqquz yüz otuz iki) manat məbləğində əsas borc, 2618,24 (iki min altı yüz on səkkiz manat, iyirmi dörd qəpik) manat məbləğində cərimə, 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 343 (üç yüz qırx üç) manat məbləğində əsas borc, 644,99 (altı yüz qırx dörd manat, doxsan doqquz qəpik) manat məbləğində cərimə, 17 mart 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 7176 (yeddi min yüz yetmiş altı) manat məbləğində əsas borc, 6989,96 (altı min doqquz yüz səksən doqquz manat, doxsan altı qəpik) manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 10 oktyabr 2016-cı il tarixli 2099-GL/16 nömrəli, 07 noyabr 2016-cı il tarixli 2285-GL/16 nömrəli və 17 mart 2016-cı il tarixli 867-GL/16 nömrəli müqavilələrə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 30 oktyabr 2024-cü il tarixinə 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 1932 manat məbləğində əsas, 2618,24 manat məbləğində cərimə borcu, 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə isə 343 manat məbləğində əsas, 644,99 manat məbləğində cərimə borcu, 17 mart 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 7176 manat məbləğində əsas, 6989,96 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi tərəfindən 09 yanvar 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirildiyi qeyd edilmiş və 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2618,24 manat məbləğində cərimə, 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 644,99 manat məbləğində cərimə, 17 mart 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 4456 manat məbləğində əsas borc, 6989,96 manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən 03 fevral 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə yenidən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, məhkəmə proseslərinin gedişi dövründə cavabdeh tərəfindən müəyyən məbləğdə ödənişlər həyata keçirildiyi qeyd edilmiş və 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2618,24 manat məbləğində cərimə, 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 644,99 manat məbləğində cərimə, 17 mart 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 3256 manat məbləğində əsas borc, 6989,96 manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 02 fevral 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, 01 fevral 2025-ci il tarixində 1200 manat məbləğində ödəniş həyata keçirdiyini bildirmiş, məhkəmədən ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10 dekabr 2024-cü il və 10 yanvar 2025-ci il tarixli məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahatlarında bildirmişdir ki, borc məbləğini ödəmək niyyətindədir, imkanı olduqca ödənişlər həyata keçirəcəkdir. Cavabdeh məhkəmədən cərimə məbləğlərinin mümkün qədər azaldılmasını və borc məbləği üzrə ödənişləri həyata keçirməsi üçün müəyyən müddət vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 10 oktyabr 2016-cı il tarixli 2099-GL/16 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 3300 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 01 oktyabr 2016-cı il tarixli 236 nömrəli aktdan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 14 oktyabr 2016-cı il tarixli 4348/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “AG-MDH 32” markalı asılan ağır diskli mala cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 sentyabr 2022-ci ildir. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli maliyyə arayışından və 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 1932 manat məbləğində əsas borcu vardır və 2618,24 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 4550,24 manat təşkil edir. İş materiallarında olan 07 noyabr 2016-cı il tarixli 2285-GL/16 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 2160 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 21 oktyabr 2016-cı il tarixli 287 nömrəli aktdan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 14 noyabr 2016-cı il tarixli 4942/ü nömrəli əmrindən görünür ki, “HBM-N24” markalı 1 ədəd gübrəsəpənlə taxılsəpən cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 sentyabr 2019-cu ildir. İş materiallarında olan 30 oktyabr 2024-cü il tarixli maliyyə arayışından və 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 343 manat məbləğində borcu vardır, 644,99 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 987,99 manat təşkil edir. İş materiallarında olan 17 mart 2016-cı il tarixli 867-GL/16 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 12800 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikanın lizinq alana təhvili barədə 26 fevral 2016-cı il tarixli 127 nömrəli aktdan və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 18 mart 2016-cı il tarixli 1517/ü nömrəli əmrindən görünür ki, “Belarus-892” markalı 1 ədəd traktor cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 16 mart 2026-cı ildir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli maliyyə arayışından və 17 mart 2016-cı il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 7176 manat məbləğində borcu vardır, 6989,96 manat məbləğində cərimə hesablanmışdır və ödəməli olduğu məbləğin cəmi 14165,96 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 10 oktyabr 2016-cı il tarixli, 07 noyabr 2016-cı il tarixli və 17 mart 2016-cı il tarixli lizinq müqavilələri bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilələrin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, məhkəmə proseslərinin gedişi dövründə borc məbləğlərini 10 oktyabr 2016-cı il tarixli və 07 noyabr 2016-cı il tarixli müqavilələr üzrə tam, 17 mart 2016-cı il tarixli müqavilə üzrə isə qismən ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 17 mart 2016-cı il tarixli 867-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 3256 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia tələbinin cavabdehdən 10 oktyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 2618,24 manat, 07 noyabr 2016-cı il tarixli lizinq müqaviləsi üzrə 644,99 manat, 17 mart 2016-cı il tarixli müqavilə üzrə 6989,96 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilələrin yuxarıda istinad edilən 4.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimələrin məbləği azaldılaraq cavabdehdən 10 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 100 manat, 07 noyabr 2016-cı il tarixli müqavilə üzrə 20 manat, 17 mart 2016-cı il tarixli müqavilə üzrə 360 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bunlardan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 06 dekabr 2024-cü il tarixli 000İPX********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 57,36 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10 oktyabr 2016-cı il tarixli 2099-GL/16 nömrəli müqavilə üzrə 100 manat məbləğində cərimə, 07 noyabr 2016-cı il tarixli 2285-GL/16 nömrəli müqavilə üzrə 20 manat məbləğində cərimə, 17 mart 2016-cı il tarixli 867-GL/16 nömrəli müqavilə üzrə 3256 manat məbləğində əsas borc, 360 manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 4236 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 57,36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10 oktyabr 2016-cı il tarixli 2099-GL/16 nömrəli müqavilə üzrə 100 (yüz) manat məbləğində cərimə, 07 noyabr 2016-cı il tarixli 2285-GL/16 nömrəli müqavilə üzrə 20 (iyirmi) manat məbləğində cərimə, 17 mart 2016-cı il tarixli 867-GL/16 nömrəli müqavilə üzrə 3256 (üç min iki yüz əlli altı) manat məbləğində əsas borc, 360 (üç yüz altmış) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 4236 (dörd min iki yüz otuz altı) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 57,36 (əlli yeddi manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-171/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-171/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver