Məhkəmə qərarları › İş №e-2-2(119)-1727/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1727/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1727/2025 29.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı2 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı2 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin kiçik mübahisələrə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində göstərilən tələbin əsaslılığını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinin məzmununda iddiaçı tərəfindən cavabdehə müxtəlif dəyərdə malların satılması ilə əlaqədar göndərilmiş 29 aprel 2024-cü il tarixli MT seriyalı **********94 nömrəli, 30 aprel 2024-cü il tarixli EBEC seriyalı 637656 nömrəli, 21 may 2024-cü il tarixli MT2405 seriyalı 10801766 nömrəli, 03 iyun 2024-cü il tarixli MT2405 seriyalı 11320648 nömrəli, 05 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10187889 nömrəli, 12 iyun 2024-cü il tarixli MT2406 nömrəli 10629064 nömrəli, 21 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10975628 nömrəli, 24 iyun 2024-cü il tarixli MT2406 seriyalı 11197871 nömrəli, 01 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10022985 nömrəli, 18 iyul 2024-cü il tarixli MT2407 seriyalı 11239265 nömrəli elektron qaimələrə istinad edilsə də, həmin elektron qaimələr iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iddia ərizəsinə malların Cavabdeh2 təhvil verilməsini təsdiq edən sənəd kimi əlavə edilmiş qaimə fakturalardan görünür ki, həmin mallar 30 aprel 2024-cü, 02 may 2024-cü, 24 may 2024-cü və 29 may 2024-cü il tarixlərdə Oleq adlı şəxs tərəfindən,17 may 2024-cü il tarixdə isə Rasim adlı şəxs tərəfindən təhvil alınmışdır. Lakin həmin şəxslərin Cavabdeh2 adından malları təhvil alması ilə bağlı səlahiyyətlərini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir, ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar, tələbin əsaslığını təsdiq edən sənədlər göstərilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinin tələblərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş ərizənin qəbul olunmasından imtina edilir. Beləliklə, Mülki-Prosessual Məcəllənin qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə İddiaçı2 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı2 kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar