Məhkəmə qərarları › İş №e-2-2(119)-1736/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1736/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1736/2025 28.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 13360 (on üç min üç yüz altmış) manat məbləğində borcun və ödənilmiş 130,08 (yüz otuz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13490,08 (on üç min dörd yüz doxsan manat, səkkiz qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 noyabr 2024-cü il tarixdə bağlanan 31/11 nömrəli alqı-satqı müqaviləsi, 1 saylı X1, təhvil-təslim aktı və 26 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12481128 nömrəli elektron qaimə-faktura əsasında iddiaçı tərəfindən cavabdehə tibbi ləvazimatların satışı həyata keçirilmişdir. Belə ki, cavabdehə satılan tibbi ləvazimatların dəyəri hazırkı vaxtadək ödənilməmişdir və həmin mallara görə ödənilməmiş 13360 manat (ƏDV daxil) məbləğində borc mövcuddur. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 2024-cü il tarixli 31/11 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcının (Cavabdeh MMC-nin) təqdim etdiyi sifarişə uyğun olaraq alqı-satqısı razılaşdırılmış dərman vasitələrini və digər tibbi ləvazimatları alıcıya satır, alıcı isə həmin dərman vasitələrini qəbul edib bu müqavilənin tərkib hissəsi hesab edilən elektron qaimə-fakturada göstərilən qiymət əsasında ödənişi həyata keçirir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, dərman vasitələrini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) bu müqavilə ilə razılaşdırılmış şərtlərlə və qanunvericiliyə uyğun olaraq ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, hər sifariş üzrə alıcıya göndəriləcək dərman vasitələrinin müqavilənin 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş dəyəri, satıcının alıcıya təqdim etdiyi elektron qaiməyə əsasən, həmin elektron qaimə təqdim edildiyi vaxtdan 2 iş günü ərzində əvvəlcədən alıcı tərəfindən satıcıya ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, dərman vasitələrinin qiymətinin ödənişi alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, malın təhvil verilməsi satıcı tərəfindən təqdim olunan qaimə-faktura ilə rəsmiləşdirilir. Həmin müqaviləyə əlavə edilmiş 01 noyabr 2024-cü il tarixli qiymətlərin razılaşdırılması haqqında protokol əsasında tərəflər “malların adları, xüsusiyyətləri, ölçü vahidi, miqdarı/həcmi və vahidin qiyməti” barədə razılığa gəlmişdirlər. Həmin protokolun 1-ci bəndinə əsasən, ödəniş şərtləri: ödəniş təhvil-təslim aktı təqdim olunduqdan sonra qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaiməfakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 01 noyabr 2024-cü il tarixli təhvil qəbul-aktı üzrə iddiaçı tərəfindən cavabdehə 13360 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. İş materiallarından görünür ki, 26 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12481128 nömrəli elektron qaimə-faktura üzrə 13359,99 manat məbləğində təhvil verilmiş mallarla bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli 1907/08 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ƏDV daxil olmaqla cəmi 13360 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 31/11 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları 01 noyabr 2024-cü il tarixli təhvil qəbul-aktı əsasında cavabdehə təhvil vermiş, bununla əlaqədar ona 26 noyabr 2024-cü il tarixli MT2411 seriyalı 12481128 nömrəli elektron qaimə-faktura göndərmiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 13360 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 13360 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iş materiallarında olan 25 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 130,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən 130,08 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13360 manat məbləğində bоrc və 130,08 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13490,08 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 13360 (on üç min üç yüz altmış) manat məbləğində bоrc və 130,08 (yüz otuz manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13490,08 (on üç min dörd yüz doxsan manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar