Məhkəmə qərarları › İş №e-2-2(119)-1741/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1741/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1741/2025 15.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil 19436 (on doqquz min dörd yüz otuz altı) manat məbləğində əsas borcun, 4665 (dörd min altı yüz altmış beş) manat məbləğində cərimənin və 163 (yüz altmış üç) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorlarının alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə xx/xx/2024 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 11208920 nömrəli elektron qaimə ilə 9528,0091 manat və xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10667266 nömrəli elektron qaimə ilə 9908,46 manat olmaqla, cəmi 19436 manat dəyərində nisyə mal satılmışdır. Malların dəyəri cavabdeh tərəfindən bu günə kimi ödənilməmiş və onun borcu hazırda ƏDV daxil 19436 manat təşkil edir. Bundan əlavə olaraq cavabdehin xx.xx.2024-cü il tarixdə xx/xx/2024 saylı müqavilənin 7.3-cü bəndinə əsasən isə (hər gecikdirilmiş gün üçün 0.1% olmaqla) 19436x0.1%x240 gün=4665 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir müsbət nəticə olmamışdır. İddiaçı nümayəndəsi 14 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 06 dekabr 2024-cü il tarixdə xx/xx/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağda qaydada satıcıya ödənilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1%-i miqdarında satıcıya cərimə ödəyir. İş materiallarından görünür ki, 10 dekabr 2024-cü il tarixli O120-1960 nömrəli anbar satış fakturasına əsasən 395 manat dəyərində, 10 dekabr 2024-cü il tarixli O120-1962 nömrəli anbar satış fakturasına əsasən 240 manat dəyərində, 10 dekabr 2024-cü il tarixli O120-1963 nömrəli anbar satış fakturasına əsasən 4942 manat dəyərində, 10 dekabr 2024-cü il tarixli O120-1964 nömrəli anbar satış fakturasına əsasən 1575 manat dəyərində, 10 dekabr 2024-cü il tarixli O120-1965 nömrəli anbar satış fakturasına əsasən 2025 manat dəyərində və 16 dekabr 2024-cü il tarixli 34888 nömrəli anbar satış fakturasına əsasən 9528 manat dəyərində mal İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 9908,46 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 10673272 nömrəli və 9528,0091 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli MT2412 seriyalı 11208920 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 06 dekabr 2024-cü il tarixdə xx/xx/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 19436,46 manat dəyərində mal satılmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 06 dekabr 2024-cü il tarixdə xx/xx/2024 nömrəli alqısatqı müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 19436 (on doqquz min dörd yüz otuz altı) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 4665 (dörd min altı yüz altmış beş) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 950 (doqquz yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “163 (yüz altmış üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 151,16 (yüz əlli bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil 19436 (on doqquz min dörd yüz otuz altı) manat məbləğində əsas borc, 950 (doqquz yüz əlli) manat məbləğində cərimə və 151,16 (yüz əlli bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, 20537,16 (iyirmi min beş yüz otuz yeddi manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 19436 (on doqquz min dörd yüz otuz altı) manat məbləğində əsas borc, 950 (doqquz yüz əlli) manat məbləğində cərimə və 151,16 (yüz əlli bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, 20537,16 (iyirmi min beş yüz otuz yeddi manat on altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar