Məhkəmə qərarları › İş №e-2-2(119)-175/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-175/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-175/2025 09.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 21 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 17 may 2024-cü il tarixli 0524/1 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 32695 (otuz iki min altı yüz doxsan beş) manat məbləğində borc, həmin müqaviləyə əsasən malın təhvil verildiyi tarixdən keçən 5 aylıq müddət ərzində gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə beş faizlə hesablanmış 681 (altı yüz səksən bir) manat məbləğində faiz borcu, 32,7 (otuz iki manat, yetmiş qəpik) manat məbləğində cərimə və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 17 may 2024-cü il tarixli satınalma müqaviləsi üzrə satıcı qismində çıxış edən iddiaçı alıcı qismində iştirak edən cavabdehi həmin müqavilənin predmetini təşkil edən ağac kömürü ilə təchiz etməyi, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə onun iddiaçıya 32695 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 7.3-cü bəndi ilə müəyyən edilmişdir ki, tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə müqavilə dəyərinin 0,1 faizi miqdarında cərimə ödəyirlər. Ödənişin təmin edilməsi üçün cavabdehin səlahiyyətli nümayəndəsi ilə dəfələrlə aparılmış şifahi danışıqlar zamanı verilmiş vədlər yerinə yetirilməmişdir. Həmçinin 08 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi və vergi qurumunun rəsmi portalı (e-taxes.gov.az) vasitəsilə elektron formada, 14 noyabr 2024-cü il tarixdə isə cavabdehin hüquqi ünvanına pretenziya məktubları göndərilərək borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin cavabdeh hər hansı ödəniş həyata keçirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, elektron kabinetə əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmalarından görünür ki, cavabdehin borc barədə məlumatı vardır və dəfələrlə borcu ödəyəcəyinə dair vədlər versə də, hansısa ödəniş həyata keçirməmişdir. Cavabdehə pretenziya məktubu göndərilməmişdən əvvəl də ona borcun ödənilməsi ilə bağlı müraciətlər edilmişdir. İddia ərizəsində tələb edilən 681 manat məbləğində faiz borcu sonuncu təhvil-təslim aktının imzalandığı tarixdən, yəni 04 iyun 2024-cü il tarixindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən dövrə qədər olan müddət əsasında Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 17 may 2024-cü il tarixli 0524/1 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən, malgöndərən (İddiaçı) bu müqavilənin qüvvədə olduğu müddət ərzində ağac kömürünü xüsusi razılıq əsasında müəyən olunmuş kisələrdə satmağı, alıcı (Cavabdeh MMC) isə həmin ağac kömürünü bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqaviləyə əsasən sifariş verib almaq istədiyi ağac kömürünü malgöndərəndən qəbul etmək və müqavilənin 4.3-cü maddəsində müəyyən edilmiş müddət və şərtlər əsasında malın dəyərini ödəmək alıcının öhdəliyidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilənin tələblərinə uyğun olaraq, alıcı qəbul edilmiş ağac kömürünə görə müəyyən edilmiş məbləği, bu mallar təhvil alındıqdan sonra 15 gün ərzində nağd və ya köçürmə yolu ilə malgöndərənin bank hesabına ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, ödəniş müddəti çatdıqda alıcı ödənişi ağac kömürlərini təhvil aldığı elektron qaiməsinə uyğun yerinə yetirməlidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədikdə alıcı malgöndərənə vurduğu zərəri ödəyir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən, tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə müqavilə dəyərinin 0,1 % miqdarında cərimə ödəyir. İş materiallarında olan 22 may 2024-cü il tarixli MT2405 seriyalı 10949268 nömrəli, 24 may 2024-cü il tarixli MT2405 seriyalı 11064363 nömrəli, 29 may 2024-cü il tarixli EBED seriyalı 620479 nömrəli, 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10034388 nömrəli, 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10034364 nömrəli, 05 iyun 2024-cü il tarixli EBED seriyalı 771073 nömrəli, 05 iyun 2024-cü il tarixli EBED seriyalı 771683 nömrəli elekton qaimə-fakturalardan görünür ki, cavabdeh ümumi dəyəri 32695,5 manat məbləğində olan mallarla təchiz edilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 21 may 2024cü il tarixli 21.5.24 nömrəli, 22 may 2024-cü il tarixli 22.5.24 nömrəli, 24 may 2024-cü il tarixli 24.5.24 nömrəli, 27 may 2024-cü il tarixli 27.5.24 nömrəli, 31 may 2024-cü il tarixli 31.5.24 nömrəli, 02 iyun 2024-cü il tarixli 2.6.24 nömrəli, 03 iyun 2024-cü il tarixli 3.6.24 nömrəli, 04 iyun 2024-cü il tarixli 4.6.24 nömrəli təhvil-təslim aktlarından görünür ki, ümumi dəyəri 32695,5 manat məbləğində olan mallar cavabdehə təhvil verilmişdir. İş materiallarına iddiaçının nümayəndəsi tərəfindən əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış 10 sentyabr 2024-cü il tarixli, 11 sentyabr 2024-cü il tarixli, 26 sentyabr 2024-cü il tarixli, 27 sentyabr 2024-cü il tarixli, 30 sentyabr 2024-cü il tarixli, 04 oktyabr 2024-cü il tarixli, 10 oktyabr 2024-cü il tarixli, 12 oktyabr 2024-cü il tarixli, 14 oktyabr 2024-cü il tarixli, 15 oktyabr 2024-cü il tarixli, 21 oktyabr 2024-cü il tarixli və 23 dekabr 2024-cü il tarixli yazışmalardan görünür ki, iddiaçı qeyd edilən tarixlərdə cavabdehdən borcun ödənilməsini tələb etmiş və ya borc məbləği ilə danışıqlar aparmağa cəhd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 17 may 2024-cü il tarixli 0524/1 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan ağac kömürlərini cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 32695 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 17 may 2024-cü il tarixli 0524/1 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 32695 (manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 681 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmişdir. Belə ki, ilk növbədə, faiz borcunun məbləği iddia ərizəsində qeyd edilməklə yanaşı, iddiaçının nümayəndəsi məhkəmə iclasındakı izahatlarında qeyd edilən faiz borcunun hansı qaydada və hansı müddətlər daxilində hesablanması ilə bağlı məlumatları məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, tərəflər arasında sonuncu təhvil-təslim aktı, yəni 04 iyun 2024-cü il tarixli təhvil-təslim aktı imzalandıqdan sonra iddiaçı tərəfindən cavabdehdən dəfələrlə borcun ödənilməsi tələb edilmiş, bunu təsdiq edən yuxarıda istinad edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalar iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hazırkı müqavilə üzrə iddiaçının özü müqavilənin tərəfi kimi gecikmənin qarşısını almaq üçün borc məbləğini cavabdehdən tələb etdiyini sübuta yetirmiş və bununla da iddiaçının gecikdirilmiş vaxta görə faiz borcunu tələb etmək hüququ yaranmışdır. Buna görə də iddia həmin hissədə də təmin edilməli, sonuncu partiya malın təhvil verildiyi 2024-cü ilin iyun ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 2024-cü ilin noyabr ayına qədər olan 5 aylıq müddət ərzində 32695 manat məbləğində olan əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 5 % məbləğində hesablanmış gecikmə məbləği olan 681 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (32695 : 100 x 5) : 12 x 5 = 681). İddia tələbinin cavabdehdən 32,7 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin satınalma müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 7.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə onun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut edilir və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan 20 noyabr 2024-cü il tarixli **********77 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 191,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 190,22 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 32695 manat məbləğində borc, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün beş faizlə hesablanmış 681 (altı yüz səksən bir) manat məbləğində faiz borcu, 32,7 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 190,22 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33898,92 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehndən 32695 (otuz iki min altı yüz doxsan beş) manat məbləğində borc, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün beş faizlə hesablanmış 681 (altı yüz səksən bir) manat məbləğində faiz borcu, 32,7 (otuz iki manat, yetmiş qəpik) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi və 190,22 (yüz doxsan manat, iyirmi iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33898,92 (otuz üç min səkkiz yüz doxsan səkkiz manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar