Məhkəmə qərarları › İş №e-2-2(119)-1768/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1768/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1768/2025 31.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 25697,81 (iyirmi beş min altı yüz doxsan yeddi manat, səksən bir qəpik) manat (ƏDV daxil) məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 02 aprel 2023-cü il tarixli 020423 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə qablaşdırma üçün istifadə olunan müxtəlif ölçülərdə kağız və karton materialları satılmış, bu satış siyahısı iddia ərizəsində qeyd edilən elektron qaiməfakturalarla rəsmiləşdirilmişdir. Cavabdeh qəbul etdiyi malların dəyərindən ƏDV daxil 25697,81 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, cavabdeh tərəfindən üzləşmə aktının tərtib edildiyi 01 may 2025-ci il tarixindən sonra, yəni 14 may 2025-ci il tarixində 4237,29 manat məbləğində, 20 iyun 2025-ci il tarixində 4100 manat məbləğində və 30 iyun 2025-ci il tarixində ƏDV hesabına 900 manat məbləğində ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 02 aprel 2023-cü il tarixli 020423 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı (İddiaçıMMC) alıcının (Cavabdeh MMCnin) sifarişi əsasında məhsulları (malları) alıcıya təqdim edir və alıcı da öz növbəsində alınan malın dəyərini razılaşdırılmış qiymətə (elektron qaiməyə) əsasən satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satılan malın qiyməti (elektron qaimə) ilə müəyyənləşdirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malın elektron qaiməyə əsasən müəyyənləşdirilmiş dəyərini köçürmə yolu ilə “e-qaimə” aldıqdan sonra üç gün ərzində satıcının bank hesabına köçürməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, razılaşdırılmış qiymətə ƏDV tətbiq edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq hər iki hüquqi şəxsin möhürü ilə möhürlənmiş 01 may 2025-ci il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya 30 aprel 2025-ci il tarixinə 34935,1 manat məbləğində (ƏDV daxil) borcu olduğunu qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC-dən iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 14 may 2025-ci il tarixdə 4237,29 manat məbləğində, 20 iyun 2025-ci il tarixində 4100 manat məbləğində olmaqla, cəmi 8337,29 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 900 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 01 may 2025-ci il tarixində 34935,1 manat məbləğinə borcu olması üzləşmə olunduqdan sonra cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 30 iyun 2025-ci tarixində 900 manat, bank hesabına isə 14 may 2025-ci il tarixində 4237,29 və 20 iyun 2025-ci il tarixində 4100 manat məbləğlərində ödəniş edildiyi üçün 21 oktyabr 2025-ci il tarixinə olan qalıq borcu 25697,81 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 02 aprel 2023-cü il tarixli 020423 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq möhürlənmiş 01 may 2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 30 aprel 2025-ci il tarixinə 34935,1 manat məbləğində (ƏDV daxil) borcu olduğunu qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC-dən iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 14 may 2025-ci il tarixdə 4237,29 manat məbləğində, 20 iyun 2025-ci il tarixində 4100 manat məbləğində olmaqla, cəmi 8337,29 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüşdür. Eyni zamanda 30 iyun 2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 900 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 25697,81 (34935,1- (8337,29+900)=34935,1-9237,29=25697,81) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 167,09 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 25697,81 manat məbləğində borc və 167,09 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25864,9 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 25697,81 (iyirmi beş min altı yüz doxsan yeddi manat, səksən bir qəpik) manat məbləğində bоrc və 167,09 (yüz altmış yeddi manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25864,9 (iyirmi beş min səkkiz yüz altmış dörd manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar