Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1776/2022 13.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdeh 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmaqla 1662,87 (min altı yüz altmış iki manat 87 qəpik) manat məbləğində penya və 60 (altmış) manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 3940,04 (üç min doqquz yüz qırx manat 04 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə Alıcı, yəni fərdi sahibkar Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021ci il tarixli 918/21 nömrəli alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq tərəflər arasında müxtəlif adda inşaat materiallarının nisyə alqı-satqısı baş tutmuş və həmin müqavilə əsasında Satıcı müxtəlif adda tikinti və inşaat mallarını Alıcıya satmışdır. Alıcı isə almış olduğu həmin malların bir hissəsinin pulunu Satıcıya ödəmiş olsa da, almış olduğu mallara görə Alıcı cəmi 2217,17 manat məbləğində borcu ödəməmişdir. Bununla əlaqədar Satıcı və Alıcı tərəfindən tərtib edilərək imzalanmış müvafiq olaraq 18 oktyabr 2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” Aktında alıcı Cavabdeh həmin Akt üzrə ödənilməmiş borcu olduğunu etiraf etmişdir. Cavabdeh həmin Akt tərtib edilərkən əldə olunan razılaşmaya əsasən həmin borcunu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, həmin borcun 2217,17 manat hissəsini hal-hazıradək ödəməmişdir. Yəni, İddiaçı ilə bağlanmış 28 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə Şirkətin istehsal etdiyi məhsulları almış olsa da, həmin Müqavilə əsasında cavabdeh aldığı malların dəyərinin 2217,17 manat hissəsini ödəməmişdir. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Cavabdeh bu günədək həmin borcu ödəmədiyi üçün tərəflər arasında imzalanmış məlum Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda gecikdirmənin hər günü üçün borc məbləğinin 0,5 % həcmində hesablanan penyanı da ödəməli olduğuna görə, hesablanmış 1662,87 manat penya məbləği də ödənilməmiş əsas borc məbləğinin üzərinə əlavə edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı xeyrinə Cavabdeh 2217,17 manat məbləğində əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmaqla 1662,87 manat məbləğində penya və 60 manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 3940,04 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs İddiaçı ilə “Alıcı” hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 28 oktyabr 2021-ci il tarixli 918/21 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” bu Müqavilənin 1.2-ci bəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, “Alıcı” və “Satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 15 (on beş) təqvim günündən gec olmayaraq bank Ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində penya ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda “Satıcı” öhdəliklərin məcburi qaydada icra və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmiş 28 oktyabr 2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” Aktı ilə müəyyən olunur ki, alıcı Cavabdeh satıcı "xxxx" Şirkətinə 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli MA-02/562 nömrəli Maliyyə Arayışından görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh 15 noyabr 2021-ci il tarixə olan qalıq borc məbləği 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat təşkil edir (həmin arayışla müəyyən olunur ki, alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh ümumilikdə 2573,17 manat məbləğində mal satılmış və həmin satılmış malın dəyərinin 356 manat hissəsi ödənmişdir: 2573,17 – 356 = 2217,17). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, almış olduğu mallara görə Cavabdeh tərəfindən cəmi 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində əsas borc İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində əsas borcun və gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmış 1662,87 (min altı yüz altmış iki manat 87 qəpik) manat məbləğində penyanın cavabdehdən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatorun hesabına 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə bağlanmış Alqı-Satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 1662,87 (min altı yüz altmış iki manat 87 qəpik) manat məbləğində penyanın tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla penya məbləği azaldılaraq, cavabdehdən cəmi 100 (yüz) manat məbləğində penya tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 2217,17 manat əsas borc və 100 manat penya olmaqla, cəmi 2317,17 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 43,17 (qırx üç manat 17 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 2217,17 (iki min iki yüz on yeddi manat 17 qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində penya və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2377,17 (iki min üç yüz yetmiş yeddi manat 17 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 43,17 (qırx üç manat 17 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1776/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1776/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver