Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-178/2025 12.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 25 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 55538,7 (əlli beş min beş yüz otuz səkkiz) manat məbləğində əsas borc, bank faiz uçot dərəcəsi ilə hesablanmış 3000 (üç min) manat məbləğində faiz borcu olmaqla, cəmi 58538,7 (əlli səkkiz min beş yüz otuz səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və 266 (iki yüz altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mal mübadiləsi mövcud olmuş, iddiaçı cavabdehə ehtiyat hissələri satmış, lakin cavabdeh iddiaçıdan aldığı malların müəyyən hissəsinin pulunu ödəməməmişdir. 06 yanvar 2024-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında üzləşmə aktı tərtib edilmiş, həmin aktla cavabdehin iddiaçıya 60533,7 manat məbləğində borcunun olduğunu tərəflər təsdiqləmişlər. 13 sentyabr 2024cü il tarixində cavabdeh iddiaçıya 4995 manat məbləğində pul ödəmiş, qalan borc məbləği 55538,7 manat təşkil etmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. O, həmçinin izahatında bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən uçot faiz dərəcəsi 7,25% müəyyən edildiyindən ərizədə tələb edilən faiz borcu üzləşmə aktının tərtib edildiyi tarixdən məhkəməyə müraciət edilən vaxta qədər keçən müddət, yəni 9 aylıq müddət nəzərə alınmaqla hesablanmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan, tərəflərin iştirakları ilə tərtib edilmiş və nümayəndələri tərəfindən imzalanmış, hər iki tərəfin möhürü ilə təsdiqlənmiş 06 yanvar 2024-cü il tarixli üzləşmə aktının məzmununda qeyd edilmişdir ki, alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə 06 yanvar 2024-cü il tarixinə 60533,692 manat məbləğində borcu qalmışdır. Alıcı Cavabdeh MMC borcu 3 ay ərzində (2024-cü ilin yanvar, fevral və mart) bərabər hissəli şəkildə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli 2024/191 nömrəli maliyyə arayışından görünür ki, 06 yanvar 2024-cü il tarixli üzləşmə aktı üzrə müəyyən edilmiş 60533,63 manat məbləğində borcdan alıcı Cavabdeh MMC 4995 manat məbləğində ödəniş həyata keçirmiş, 13 sentyabr 2024-cü il tarixinə 55538,69 manat məbləğində borcu qalmaqdadır. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli 2024/273 nömrəli maliyyə arayışından görünür ki, 06 yanvar 2024-cü il tarixli üzləşmə aktında göstərilən 60533,692 manat məbləğində borcdan 4995 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmişdir və 25 dekabr 2024-cü il tarixinə 55538,7 manat məbləğində borc qalmaqdadır. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli D-01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan mal mübadiləsinin hesabatından çıxarış sənədindən görünür ki, cavabdehin qalıq borcunun məbləği 55538,69 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, aralarında baş tutmuş alqı-satqı münasibətlərinin nəticəsi olaraq tərəflər arasında 06 yanvar 2024-cü il tarixli üzləşmə aktı bağlanılmış, həmin akta uyğun olaraq cavabdeh 60533,69 manat məbləğində borcunu 3 ay ərzində (2024-cü ilin yanvar, fevral və mart ayları) hissəli şəkildə ödəmək öhdəliyini öz üzərinə götürmüş, lakin cavabdeh öhdəliklərinə riayət etməyərək borc məbləğini iddiaçıya tam şəkildə ödəməmiş, nəticədə onun iddiaçıya 55538,7 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 55538,7 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin pul vəsaitini qanunsuz saxlamağa görə bank uçot dərəcəsi ilə hesablanmış 58538,7 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edildiyindən iddiaçı cavabdehdən faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, ilk növbədə, iddiaçının nümayəndəsi məhkəmə iclasındakı izahatlarında qeyd edilən faiz borcunun hansı qaydada və hansı müddətlər daxilində hesablanması ilə bağlı məlumatları məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, 06 yanvar 2024-cü il tarixli üzləşmə aktında cavabdeh 2024-cü ilin yanvar ayından başlayaraq 3 ay ərzində borc məbləğini ödəyəcəyi ilə bağlı öhdəlik götürsə də, buna əməl etməmişdir. Mülki Məcəllənin 598.3-cü maddəsinin müddəalarını rəhbər tutataraq məhkəmə hesab edir ki, cavabdeh üzləşmə aktına uyğun olaraq borc məbləği üzrə ödənişləri vaxtında həyata keçirmədiyindən, iddiaçının bank uçot dərəcəsinə uyğun faizləri ödəməyi tələb etmək hüququ yaranmışdır. Üzləşmə aktının tərtib edildiyi 2024-cü ilin yanvar ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 2024-cü ilin noyabr ayına qədər olan 9 aylıq (fevral ayından başlayaraq oktyabr ayı daxil olmaqla) müddət ərzində 55538,7 manat məbləğində olan əsas borcun ödənilməsinin gecikdirilməsinə görə aylıq 0,6 faiz (7,25% / 9 ay = 0,6) uçot dərəcəsi ilə hesablanmış gecikmə məbləği 2999,08 manat məbləğində təşkil etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli, 2999,08 manat məblğəğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (55538,7 x 0,6/100) x 9 = 2999,08). Bundan başqa, iş materiallarında olan 23 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 266 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 265,61 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 55538,69 manat məbləğində əsas bоrc, 2999,08 manat məbləğində faiz borcu, 265,61 (manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58803,38 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 55538,69 (əlli beş min beş yüz otuz səkkiz manat, altmış doqquz qəpik) manat məbləğində əsas bоrc, 2999,08 (iki min doqquz yüz doxsan doqquz manat, səkkiz qəpik) manat məbləğində faiz borcu, 265,61 (iki yüz altmış beş manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 58803,38 (əlli səkkiz min səkkiz yüz üç manat, otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-178/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-178/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver