Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1795/2025 28.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 53280 (əlli üç min iki yüz səksən) manat məbləğində borc, 9590,4 (doqquz min beş yüz doxsan manat, qırx qəpik) manat ƏDV məbləği olmaqla, cəmi 62870,4 (altmış iki min səkkiz yüz yetmiş manat, qırx qəpik) manat məbləğində əsas borc, gecikdirilmiş məbləğə 5 faizlə hesablanmış 6151,13 (altı min yüz əlli bir manat, on üç qəpik) manat məbləğində faiz borcu, 6287 (altı min iki yüz səksən yeddi) manat məbləğində cərimə olmaqla, ümumilikdə 75308,53 (yetmiş beş min üç yüz səkkiz manat, əlli üç qəpik) manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 318 (üç yüz on səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, alıcının (cavabdehin) sifarişinə əsasən satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş beton məhsulunu müqaviləyə müvafiq qaydada alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1 faizi miqdarında cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Müqaviləyə əsasən cavabdehin 62870,4 manat miqdarında borcu vardır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizənin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddia tələbində qeyd edilən gecikdirilmiş məbləğə 5 faizlə hesablanmış 6151,13 manat məbləğində faiz borcu iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturaların hər birinin göndərildiyi günün sonrakı günü nəzərə alınmaqla hesablanmışdır. Belə ki, 5 % məbləğini 365-ə bölərək gecikdirilmiş günlərin sayına vurmaqla hər elektron qaimə-faktura üzrə ayrı-ayrılıqda hesablama aparılmışdır. Cərimə məbləği isə tərəflər arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilənin 8.2-ci bəndinə uyğun olaraq hesablanmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, alıcının (Cavabdeh MMC-nin) sifarişinə əsasən satıcı (İddiaçı MMC-nin) müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə qeyd edilmiş beton məhsulunu müqaviləyə müvafiq qaydada alıcıya təqdim edir. Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəyir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıdan müqaviləyə müvafiq qaydada təqdim edilmiş malları qəbul edərək müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəmək alıcının vəzifələrindən biridir. Həmin müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, müqaviləyə müvafiq qaydada təqdim etdiyi mallar müqabilində alıcıdan malların qiymətinin ödənilməsini tələb etmək satıcının hüquqlarından biridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə təqdim ediləcək mallar müqabilində alıcı tərəfindən satıcıya ödəniləcək məbləğ müqaviləyə 1 nömrəli əlavədə qeyd edilən qiymətlərə uyğun olaraq hesablanır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, malların qəbulu tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan qaimə əsasında həyata keçirilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, qaiməni hər iki tərəfin imzalaması satıcının müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etdiyini və alıcının təqdim edilmiş malları qəbul etdiyini təsdiq edir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, alıcı müqavilə üzrə çatdırılan malların müqavilədə nəzərdə tutulan qaydada təhvil alınmasını və ödəmələrin aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı ödənişin hər gecikdirilmiş günü üçün satıcıya müqavilə qiymətinin 0,1 faizi məbləğində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. İş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli alqı-satqı müqaviləsinə 01 nömrəli Əlavə ilə tərəflər beton məhsulların markası, ölçü vahidi və vahidinin ƏDV-siz qiyməti barədə razılığa gəlmişdirlər. İş materiallarından görünür ki, 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli elektron qaimə-faktura üzrə 12921 manat məbləğində, 04 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 549996 nömrəli elektron qaimə-faktura üzrə 21417 manat məbləğində, 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli elektron qaiməfaktura üzrə 16496,4 manat məbləğində, 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-faktura üzrə 12036 manat məbləğində olmaqla, cəmi 62870,4 manat məbləğində dəyəri olan təhvil verilmiş mallarla bağlı həmin elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 07 noyabr 2023-cü il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktından görünür ki, 01 noyabr 2023-cü il tarixə iddiaçının xeyrinə ödənilməli məbləğ 62870,4 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 62870,4 manat məbləğində əsas borc, gecikdirilmiş məbləğə 5 faizlə hesablanmış 6151,13 manat məbləğində faiz borcu vardır və 6287 manat məbləğində cərimə heablanmışdır. İş materiallarına, həmçinin hesabdan çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 03 aprel 2023-cü il tarixli ELEL710 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 62870,4 manat məbləğində əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 07 noyabr 2023-cü il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh iddiaçının xeyrinə 62870,4 manat məbləğində pul vəsaitini ödəməli olduğunu təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 03 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 62870,4 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 6151,13 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına iddiaçı tərəfindən cavabdehə göndərilmiş ümumi dəyəri 12921 manat məbləğində olan 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli, ümumi dəyəri 21417 manat məbləğində olan 04 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 549996 nömrəli, ümumi dəyəri 16496,4 manat məbləğində olan 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli, ümumi dəyəri 12036 manat məbləğində olan 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-fakturalar əlavə edilmişdir. Gecikdirilmiş borc məbləği üzrə faiz borcu hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə uyğun olaraq, elektron qaimə-fakturaların göndərildiyi vaxtdan 5 gün müddət nəzərə alınaraq maliyyə arayışında qeyd edilmiş tarixədək, yəni 01 sentyabr 2025-ci il tarixə günlərin sayı müəyyən edilməklə faiz borcu hesablanmalıdır:
1. 11 avqust 2023-cü il tarixli EBDL seriyalı 873003 nömrəli elekton qaimə faktura üzrə 1322,19 manat ((12921:100x5):365x747 gün=1322,19 manat))
2. 04 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 549996 nömrəli elekton qaimə faktura üzrə 2121,16 manat ((21417:100x5):365x723 gün=2121,16 manat))
3. 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 692570 nömrəli elekton qaimə faktura üzrə 1568,28 manat ((16496,4:100x5):365x694 gün=1568,28 manat))
4. 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 837236 nömrəli elektron qaimə-faktura üzrə 1096,43 manat ((12036:100x5):365x665gün=1096,43 manat)) Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 03 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6151,13 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6108,06 manat (1322,19+2121,16+1568,28+1096,43=6108,06) məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehdən 6287 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilmiş 8.2-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 6287 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 3144 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edilir ki, vəkilin göstərdiyi yardıma görə “A.İ.M” Vəkil bürosunun bank hesabına 320 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan əlavə, iş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cəmi 318 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 306,37 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 62870,4 manat məbləğində əsas bоrc, 6108,06 manat məbləğində faiz borcu, 3144 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat məbləğində xidmət haqqının və 306,37 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 72748,83 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdehndən 62870,4 (altmış iki min səkkiz yüz yetmiş manat, qırx qəpik) manat məbləğində əsas bоrc, 6108,06 (altı min yüz səkkiz manat, altı qəpik) manat məbləğində faiz borcu, 3144 (üç min yüz qırx dörd) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 306,37 (üç yüz altı manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 72748,83 (yetmiş iki min yeddi yüz qırx səkkiz manat, səksən üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərman Həmidli