Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-180/2025 21.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 27 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 11 yanvar 2019cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə cavabdehdən 1027,78 (min iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc, 430 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində xidmət haqqının və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 1027,78 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 21 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 17 dekabr 2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən, yəni əsas borc məbləği hissəsində qəbul edir. İddiaçı təşkilatla 2008-ci ildən etibarən 15 il ərzində əməkdaşlıq etmişdir. İcarə müqaviləsi əsasında Bakı şəhərində, Azərbaycan Tibb Universiteti və Bakı Qızlar Universitetinin yaxınlığında yerləşən obyekti mağaza kimi işlətmişdir. İddiaçı təşkilat tərəfindən ona etibar edildiyinə görə nisyə mallar da verilmişdir. Pandemiya dövründə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar təhsil müəssisələri bağlanmış, müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bununla əlaqədar olaraq işlərində durğunluq yaranmış və mağazanın fəaliyyətini 2024-cü ilin mart ayında dayandırmışdır. Mağazanın fəaliyyətini dayandırdıqdan sonra iddiaçı təşkilatla əlaqə yaradaraq borc məbləği üzrə aylıq 100 manat məbləğində ödəniş həyata keçirə biləcəyini bildirmiş, lakin səhhəti ilə əlaqədar işləyə bilmədiyinə görə, ödəniş həyata keçirə bilməmişdir. İddia ərizəsində tələb olunan 430 manat məbləğində dəbbə pulu və 220 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı ilə razı deyildir. Həmin məbləğləri ödəmək üçün maddi imkanı yoxdur. Əsas borc məbləği üzrə isə aylıq 30-40 manat məbləğində ödəniş həyata keçirə bilər. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 11 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə satıcı (İddiaçı MMC) özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya (Cavabdeh) satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, bu müqavilənin qüvvədə olma müddəti başa çatanadək ona xitam vermək və yaxud şərtlərinin dəyişdirilməsi barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə, bu müqavilə eyni şərtlərlə və eyni müddətə təkrar uzadılmış hesab olunur. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli MT2401 seriyalı 00060739 nömrəli elektron qaimə-fakturadan görünür ki, cavabdehə göndərilən malların ümumi dəyəri 1377,83(88) manat məbləğində olmuşdur. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli 317655 və 317656 nömrəli təhviltəslim aktlarından görünür ki, cavabdehə 1377,84 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. İş materiallarında olan 31 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 06 yanvar 2024-cü il tarixli hesab-faktura üzrə borcu 1377,84 manat məbləğində olmuş, cavabdeh 24 yanvar 2024-cü il tarixində 100 manat, 31 yanvar 2024cü il tarixində 100 manat, 21 fevral 2024-cü il tarixində 150 manat məbləğində ödəniş həyata keçirmişdir və 31 may 2024-cü il tarixinə qalıq borc məbləği 1027,78 manat təşkil edir (ümumi dövriyyə məlumatları: 11161,72 manat məbləğində mal alınmış, 10133,94 manat məbləğində ödəniş edilmişdir). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 11 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 1027,78 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 11 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 1027,78 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 430 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 6.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 430 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 55 (əlli beş) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 28 noyabr 2024-cü il tarixli İB**********_000379_241128 nömrəli ödəniş tapşırığı ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Abşeron rayon Hüquq bürosunun hesabına 220 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 35 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30,82 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 1027,78 manat məbləğində əsas borc, 55 manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 220 manat məbləğində xidmət haqqının və 30,82 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1333,6 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1027,78 (min iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc, 55 (əlli beş) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində xidmət haqqının və 30,82 (otuz manat, səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1333,6 (min üç yüz otuz üç manat, altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-180/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-180/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver