Məhkəmə qərarları › İş №e-2-2(119)-1817/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1817/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1817/2022 09.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 mart 2021-ci il tarixli müqavilə üzrə 2360 (iki min üç yüz altmış) manat məbləğində borc, 480 (dörd yüz səksən) manat məbləğində cərimə, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 (iyirmi altı min dörd yüz səksən dörd manat 60 qəpik) manat məbləğində borc, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc, 880 (səkkiz yüz səksən) manat məbləğində cərimə olmaqla, cəmi cəmi 33644, 60 manat məbləğində borcun, 1360 manat məbləğində cərimənin və Mediasiya təşkilatına ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 25 mart 2021ci, 15 iyun 2021-ci və 07 iyul 2021-ci il tarixli alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolları və təhvil-təslim aktları imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malları sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. 25 mart 2021-ci il tarixli müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 3060 (üç min altmış) manat olan mal almışdır. Həmin məbləğin 500 (beş yüz) manatını ilkin olaraq ödəmiş, qalıq məbləği, yəni 2560 (iki min beş yez altmış) manatı 25 mart 2021-ci il tarixli Qiymətlərin razılaşma protokoluna uyğun qrafikə əsasən 26 aprel 2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə həmin müqavilə üzrə qalıq borc 2360 (iki min üç yüz altmış) manat, cərimə isə 480 (dörd yüz səksən) manat təşkil edir.15 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 27283,50 (iyirmi yeddi min iki yüz səksən üç manat 50 qəpik) manat olan mal almış və həmin məbləği 45 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə həmin müqavilə üzrə qalıq borc 26484,60 (iyirmi altı min dörd yüz səksən dörd manat 60 qəpik) manat təşkil edir. 07 iyul 2021-ci il tarixli müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 6000 (altı min) manat olan mal almışdır. Həmin məbləğin 1200 (min iki yüz) manatını ilkin olaraq ödəmiş, qalıq məbləği, yəni 4800 (dörd min səkkiz yüz) manatı 07 iyul 2021-ci il tarixli Qiymətlərin razılaşma protokoluna uyğun qrafikə əsasən 07 avqust 2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə həmin müqavilə üzrə qalıq borc 4800 (dörd min səkkiz yüz) manat, cərimə isə 880 (səkkiz yüz səksən) manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubları göndərilmişdir. 08 iyun 2022-ci il tarixdə İddiaçı tərəfindən borcluya alqı-satqı müqavilələri əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. 30 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən 2 saylı Mediasiya təşkilatına ərizə ilə müraciət edilmiş, ərizə icraata qəbul olunaraq mediasiya sessiyası təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə 20 sentyabr 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 210 manat təşkil etmiş və iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirərək, Cavabdeh İddiaçı xeyrinə 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 manat məbləğində borcun, 25 mart 2021-ci il tarixli müqavilə üzrə 2360 manat məbləğində borcun, 10 manat məbləğində cərimənin, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 manat məbləgində borcun, 10 manat məbləğində cərimənin və 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 hər üç müqavilə üzrə əsas borcu qəbul etdiyini, lakin cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və 1 nömrəli Əlavədə əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılmış 1 nömrəli Əlavədə öz əksini tapır. Satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. Həmin müqavilənin 3-cü bəndinə əsasən 1 nömrəli Əlavədə qeyd olunan malın ümumi dəyəri 3060 (üç min altmış manat) manat təşkil edir. Alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 500 (beş yüz) manat ilkin ödənişini dərhal, qalıq məbləği 5 ay (beş ay) ərzində 1 nömrəli Əlavəyə uyğun formada satıcıya ödəniş qəbzləri (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Ödənişin başlanma vaxtı alıcıya malın və qaiməfakturanın təqdim edildiyi gün sayılır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə 1 nömrəli Əlavəyə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair eyni tarixli Qiymət razılaşma protokolundan (1 nömrəli Əlavə) görünür ki, Cavabdeh satılan malın dəyəri 3060 manat təşkil edir. O, həmin məbləğdən 500 manat məbləğində ilkin ödəniş etməyi, qalan məbləği sonuncu ödəniş tarixi 25 avqust 2021-ci il tarixdə olmaqla, 5 ay müddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 25 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair eyni tarixli Təhvil-təslim aktından (2 nömrəli Əlavə) görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3060 manat dəyərində 1 ədəd “Yeson YS-18L” markalı avtoklav aparatı, eyni zamanda hədiyyə olaraq distilyator və paketləmə aparatları təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 23 avqust 2022-ci il tarixli 131-2 nömrəli maliyyə arayışında göstərilir ki, 25 mart 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh ödənilməmiş borcu 2360 (iki min üç yüz altmış) manat və cəriməsi 480 (dörd yüz səksən) manat təşkil edir. İş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 15 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqavilənin qüvvədə olduğu müddət ərzində malları nağd və ya nisyə satmağı, alıcı isə aldığı malların dəyərini bu müqavilənin 1.4-cü bəndində göstərilən müddət ərzində tam ödəməyi üzərinə öhdəlik götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən alıcı qaimə üzrə malları təhvil aldıqdan 45 gün ərzində (ödəmə müddəti) onun dəyərini tam şəkildə ödəyir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 23 avqust 2022-ci il tarixli 131-3 nömrəli maliyyə arayışında göstərilir ki, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 26484,60 (iyirmi altı min dörd yüz səksən dörd manat 60 qəpik) manat ödənilməmiş borcu vardır. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 27 avqust 2021-ci il tarixli Aktdan görünür ki, alıcı Cavabdeh İddiaçınə 26484,60 (iyirmi altı min dörd yüz səksən dörd manat 60 qəpik) manat məbləğində borcu qaldığını etiraf edir. İş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 07 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və 1 nömrəli Əlavədə əks olunmuş formada satıcıya ödəməyi öhdəsinə götürür. Alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılmış 1 nömrəli Əlavədə öz əksini tapır. Satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. Həmin müqavilənin 3-cü bəndinə əsasən 1 nömrəli Əlavədə qeyd olunan malın ümumi dəyəri 6000 (altı min) manat təşkil edir. Alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 1200 (min iki yüz) manat ilkin ödənişini dərhal, qalıq məbləği 6 ay (altı ay) ərzində 1 nömrəli Əlavəyə uyğun formada satıcıya ödəniş qəbzləri (və ya mədaxil qəbzləri) əsasında ödəyir. Ödənişin başlanma vaxtı alıcıya malın və qaiməfakturanın təqdim edildiyi gün sayılır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə 1 nömrəli Əlavəyə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair eyni tarixli Qiymət razılaşma protokolundan (1 nömrəli Əlavə) görünür ki, Cavabdeh satılan malın dəyəri 6000 manat təşkil edir. O, həmin məbləğdən 1200 manat məbləğində ilkin ödəniş etməyi, qalan məbləği sonuncu ödəniş tarixi 07 yanvar 2022-ci il tarixdə olmaqla 6 ay müddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair eyni tarixli Təhvil-Təslim Aktından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 6000 manat dəyərində 1 ədəd “PEC VOP E 20” markalı aparat təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 23 avqust 2022-ci il tarixli 131-1 nömrəli maliyyə arayışında göstərilir ki, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə Cavabdeh ödənilməmiş borcu 4800 (dörd min səkkiz yüz) manat və cəriməsi 880 (səkkiz yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 25 mart 2021-ci, 15 iyun 2021-ci və 07 iyul 2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr üzrə müvafiq mallar İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəmədiyindən İddiaçı 25 mart 2021ci il tarixli müqavilə üzrə 2360 manat məbləğində borc, 480 manat məbləğində cərimə, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 manat məbləğində borc, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 manat məbləğində borc, 880 manat məbləğində cərimə olmaqla, cəmi 33644, 60 manat məbləğində borcun və 1360 manat məbləğində cərimənin Cavabdeh tutulmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi iddianı əsas borcun tutulması hissəsində qəbul etdiyini bildirmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 210 (iki yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilənlərə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ilə bağlanmış alqı-satqı müqavilələri üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, 25 mart 2021-ci il tarixli müqavilə üzrə 2360 manat məbləğində borc, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 manat məbləğində borc və 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə və iddiaçının nümayəndəsinin izahatına əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehdən “25 mart 2021-ci il tarixli müqavilə üzrə 480 manat məbləğində və 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində cərimə tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən 25 mart 2021-ci il tarixli müqavilə üzrə 10 manat və 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 mart 2021-ci il tarixli müqavilə üzrə 2360 manat məbləğində borc, 10 manat məbləğində cərimə, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 manat məbləğində borc, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 manat məbləğində borc, 10 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, Cavabdeh 190,99 (yüz doxsan manat 99 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 25 mart 2021-ci il tarixli müqavilə üzrə 2360 (iki min üç yüz altmış) manat məbləğində borc, 10 (on) manat məbləğində cərimə, 15 iyun 2021-ci il tarixli müqavilə üzrə 26484,60 (iyirmi altı min dörd yüz səksən dörd manat 60 qəpik) manat məbləğindəborc, 07 iyul 2021-ci il tarixli müqavilə üzrə 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc, 10 (on) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 33874,60 (otuz üç min səkkiz yüz yetmiş dörd manat 60 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 190,99 (yüz doxsan manat 99 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar