Məhkəmə qərarları › İş №e-2-2(119)-182/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-182/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-182/2025 11.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 qanuni təmsilçisi) və cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 15 may 2024-cü il tarixli müqaviləyə əsasən 4200 (dörd min iki yüz) avro məbləğində əsas borcun, 1000 (min) manat məbləğində cərimənin və ödənilən dövlət rüsumununun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında Cavabdeh2 MMC-nin adından 15 may 2024-cü il tarixində “Whatsapp” sosial platformasındakı qrup vasitəsilə yazışmalar aparılmış və iddiaçı işə qəbul olunaraq yükdaşıma işiylə əlaqədar xidmət göstərmişdir. Belə ki, cavabdeh “Whatsapp” qrupu vasitəsilə Rumıniya Respublikasında 370000 avro dəyərində olan daşınmalı yükün olduğunu bildirərək iddiaçının sənədlərini tələb etmişdir. Həmin sənədlər cavabdeh tərəfindən Rumıniya şəhərində yerləşən zavoda göndərilmiş və rəy cavabı alınaraq həmin malın iddiaçının idarə etdiyi tır avtomobili vasitəsilə Bakı şəhərinə gətirilməli olduğu tapşırığı verilmişdir. Cavabdehin tapşırığı əsasında Rumıniya şəhərində yerləşən zavoda gedilərək 370000 avro dəyərində olan mallar iddiaçının tır avtomobilinə yüklənmiş və iddiaçı tərəfindən Bakı şəhərinə əskiksiz və sağlam şəkildə cavabdehin bildirdiyi yerə təhvil verilmişdir. Lakin cavabdeh öz öhdəliklərini sonadək icra etməmiş, aralarında olan şərtləri pozaraq, iddiaçıya görülən işlər qarşılığında haqq ödəməmiş, müxtəlif bəhanələrlə öhdəlikdən yayınmağa çalışmışdır. Halbuki Rumıniya şəhərində yerləşən zavod tərəfindən iddiaçıya çatası xidmət haqqının cavabdehə tam şəkildə ödənildiyi müəyyən edilmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi 12 dekabr 2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, nə direktoru olduğu Cavabdeh2 MMC, nə də şəxsən özü iddiaçı ilə hansısa müqavilə bağlamışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş CMR sənədi beynəlxalq daşımalarda istifadə olunur. Həmin sənədin müvafiq xanalarında yükü göndərən firma olaraq Tenaris Global Services S.A., yükün alıcısı Caspian İndustry LLC, yükün daşıyıcısı olaraq isə iddiaçının işlədiyi Crocus Logistics şirkəti göstərilmişdir. Yükdaşıma prosesi göstərilən 3 şirkət arasında həyata keçirilmişdir. Sənədlərdən göründüyü kimi nə onun, nə də rəhbəri olduğu Cavabdeh2 MMC-nin bu proseslə hansısa əlaqəsi yoxdur. Yükü göndərən, yükün alıcısı və yükün daşıyıcısı olan şirkətlərlə hansısa müqavilə olmamışdır. İddiaçının istinad etdiyi 15 may 2024-cü il tarixli müqavilə mövcud deyildir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi 06 fevral 2025-ci il tarixdə iddia ərizəsinə “Etiraz-2” və “Etiraz-3” adlı sənədlərlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı malı təhvil verərkən iki gün normadan artıq gözlədiyini və hər gün üçün ona 100 avro pul ödənilməli olduğunu bildirir. Məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmasının 4-cü səhifəsində gömrük terminalına girişini göstərən bildirişin şəklini paylaşmışdır. Bildirişdən göründüyü kimi, iddiaçının idarə etdiyi **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 iyun 2024-cü il tarixində saat 21:42-də terminal ərazisinə daxil olmuşdur. Məhkəməyə təqdim etdiyi 000143 nömrəli CMR sənədində 24-cü qrafada 05 iyun 2024-cü il tarixində malın təhvil verildiyi qeyd olunmuşdur. 02 iyun 2024-cü il bazar gününə-qeyri iş gününə təsadüf etmişdir. 03 iyun-05 iyun tarixlərində, yəni üç iş günündə gətirilən mal gömrük proseslərini keçərək boşaldılmışdır. Beynəlxalq daşımalarda yüklənmə və boşalma üçün 72 saatlıq normativ verilir. İddiaçının öz təqdim etdiyi sənədlər öz iddiasını inkar edir. Normadan artıq gözləmə olmamışdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi 000143 nömrəli CMR-in sol alt küncündə normadan artıq durma üçün MDB ölkələrində günlük 100 ABŞ dolları, Avropa ölkələrində 100 avro normativ cəza qeyd olunub. Əgər normativdən artıq gözləmə Azərbaycan Respublikasının ərazisində baş vermiş olsa idi, cərimə ABŞ dolları ilə olmalı idi. Daşıma prosesinin iki subyekti var: mal göndərən Tenaris Global Services S.A və malı alan Caspian İndustry LLC. Daşıma prosesini iddiaçının sürücü olaraq işlədiyi Crocus Logistics şirkəti yerinə yetirmişdir. “Whatsapp” yazışmasının birinci səhifəsində iddiaçı pulu nağd və ya köçürmə ilə olduğunu soruşur. Köçürmə yolu ilə daşıma üçün pulu ya malı göndərən ya da alan verməlidir. Cavabdeh2 MMC bu prosesdə iştirak etməmişdir. Nə malın alıcısı ilə, nə də malın satıcısı ilə hansısa müqaviləsi yoxdur. Həmçinin daşıma prosesini yerinə yetirmiş olan Crocus Logistics şirkətinə də sifariş verilməmişdir və həmin şirkət qarşısında müqavilə öhdəliyi yoxdur. Bu günə qədər həmin şirkət cavabdehə heç bir qaimə göndərməmiş və iş gördüyünə aid heç bir akta qol çəkməmişdir. Məhkəməyə təqdim edilmiş “Whatsapp” yazışmasının ikinci səhifəsində iddiaçının firmanın məlumatlarını sildiyi görünür. İddiaçı bu sifarişi Crocus Logistics MMC-nin yerinə yetirdiyini ört basdır etməyə, məhkəməni aldatmağa və səhv istiqamətə yönəltməyə çalışır. CMR-in 16-cı qrafasında Crocus Logistics şirkətinin möhürü görünür. Daşıyıcı tərəf haqqında olan bu qrafanın davamında 17-ci qrafada sonrakı daşıyıcı xanası boşdur. Deməli daşıma prosesi başdan-axıra kimi ancaq bir daşıyıcı tərəfindən yerinə yetirilmişdir. Əgər bu daşıma iddiaçının iddia etdiyi kimi Cavabdeh2 MMC-nin sifarişi əsasında həyata keçirilmiş olsa idi, 16-cı qrafada cavabdeh müəssisənin, 17-ci qrafada isə cavabdehin podratçısının adı qeyd olunardı. Həmçinin qeyd etmişdir ki, həm fiziki şəxs kimi, həm də Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olaraq hazırkı işə cavabdeh qismində cəlb edilmişdir və bununla razılaşmır. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi 27 fevral 2025-ci il tarixdə iddia ərizəsinə “Etiraz-4” adlı sənədlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş sənəddə onun yazışdığı “Darius-dineda”nın hazırkı iş üzrə yükdaşıma prosesində hansı mövqeyi tutduğu məlum deyildir. Həmçinin ödəmə tapşırığı kimi göstərilən sənədlər dəlil ola bilməz, çünki ödəmə tapşırığı həmin formada olmur. Ödəmə tapşırıqlarının sağ aşağı tərəfində bankın sənədi təsdiq edən rəngli möhürləri olmalıdır və bununla bank köçürmənin həyata keçirildiyini təsdiq edir. Ödəmə tapşırığı kimi təqdim olunan sənəddə ödəyicinin Dineda İnt SRL şirkəti olduğu görünür. İddiaçı məhkəməyə həmin şirkətin bu prosesdə hansı mövqe tutduğunu bəyan etməyə borcludur. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmasının 15 may 2024-cü ildə başladığı görünür. 000143 saylı beynəlxalq qaimədə (yəni CMR-də) 4-cü qrafada yükləmə tarixi 20 aprel 2024-cü il göstərilmişdir. Bu tarixdə o, iddiaçını tanımırdı. Eyni sənədin 23-cü qrafasına yükü təhvil verən Crocus Logistics şirkətinin möhürünün solunda müvafiq olaraq göndərənin, sağında isə malı qəbul edənin müvafiq möhürləri durur. Bu qrafalardakı hər üç imza-möhür yük daşıma prosesinin sona çatdığını göstərir. Yük daşıma prosesinin hər üç subyekti açıq və aydın şəkildə bəyan edilir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, “Whatsapp” sosial platformasında yaradılmış qruplarda müxtəlif ölkələrdən yük daşınmalı olduğu yazılır və həmin ölkədə və ya həmin ölkəyə yaxın yerlərdə olan şəxslər yükü təyinat nöqtəsinə daşıyırlar. Həmin qrupa Cavabdeh2 MMC adından Rumıniya Respublikasında yük olduğu yazılmış, o da əlaqə saxlayaraq Rumıniyada olduğunu, həmin yükü daşıya biləcəyini bildirmişdir. Onu Rumıniyada yerləşən şirkətə yönləndirmişdilər. O, lazım olan sənədləri - avtomobilin nəqliyyat şəhadətnaməsinin, xarici pasportunun fotoşəkillərini “Whatsapp” sosial platforması vasitəsilə cavabdehə göndərmiş, cavabdeh də həmin sənədləri Rumıniyada olan şirkətə təqdim etmişdir. 20 may 2024-cü ildə yükü daşımaq üçün götürmüş, 05 iyun 2024-cü ildə yükü təyinat nöqtəsinə çatdırmışdır. Cavabdeh yükü təhvil verib boşaltdıqdan 10 gün sonra xidmət haqqını hesaba köçürəcəyini vəd etmişdir. Lakin sonradan cavabdeh Rumıniya şirkətinin pul vəsaitini köçürmədiyini bildirərək pulu ödəməkdən yayınmışdır. Halbuki həmin şirkətlə cavabdehin əlaqəsi var, o nə həmin şirkəti, nə də şirkət onu tanımışdır. Ona 4200 avro məbləğində pul köçürülməli idi. 4000 avro yükün pulu olmuş, yükü boşaldana qədər 48 saatdan artıq saxladığına görə 200 avro hesablanmışdır. Avtomobilin sənədlərini, firmanın məlumatlarını göndərdiyinə görə yazışmalardan bəzi hissələri silmişdir. Yükləri daşıdığı avtomobil öz adınadır. "xxxx" MMC ilə aralarında müqavilə var və o, həmin şirkətin yalnız möhüründən istifadə edir. Müştərilərlə özü razılığa gəlir və yükü də özü boşaldır. Aralarındakı xidmət müqaviləsinə əsasən, o, həmin şirkətə 50 manat məbləğində ödəniş edir. Cavabdehlə danışıqlar 15 may 2024-cü il tarixindən etibarən aparılmışdır. Lakin CMR sənədində yükləmənin 20 aprel 2024-cü il tarixində edildiyi görünür. CMR sənədində həmin tarixlə bağlı texniki səhv olmuşdur və həmin sənədin 21-ci bəndində yüklənmənin 20 may 2024-cü il tarixində olması öz əksini tapır. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdeh Rumıniyadan Azərbaycana yükü gətirənə qədər iddiaçı ilə mütəmadi olaraq əlaqə saxlamışdır. İddiaçı elektron qaiməfaktura göndərmək üçün cavabdehə məxsus şirkətin rekvizitlərini istəsə də, cavabdeh göndərməmişdir. Hazırkı gündə də “Whatsapp” sosial platformasında yaradılmış qrup vasitəsilə xidmətlər göstərilməsi davam edir, yəni işgüzar adətlər belə formalaşdığına görə, iddiaçıda inam yaranmışdır. O, Tenaris Global Services S.A.-ya elektron poçt vasitəsilə müraciət etmiş və ona həmin şirkət tərəfindən Cavabdeh2 MMC-yə 2300 avro olmaqla 2 dəfə köçürmə edildiyini təsdiq edən qəbzlər göndərilmişdir. Bunun 4000 avrosu yükün daşınma haqqı olmuş, 200 avro yükün boşaldılması zamanı gecikdirilmiş 2 gün üçün hesablanmışdır. Qalan 400 avro isə cavabdehin öz xidmət haqqı məbləği olduğunu hesab edir. Səs yazılarından da göründüyü kimi cavabdeh pulu ödəmək üçün iddiaçıdan vaxt istəyir. İddiaçı və cavabdeh arasında zənglər də dəfələrlə olmuşdur. İddiaçının xidmət göstərdiyi daşıyıcı şirkətlə olan müqaviləsində də onun daşıyıcı adından xidmət göstərmək, möhüründən istifadə etmək hüququ vardır. Hazırkı müqavilə isə “Whatsapp” üzərindən cavabdehlə şifahi olaraq bağlanmışdır. Burada daşıyıcı şirkət olan "xxxx" MMC müqavilə tərəfi deyildir. Cavabdeh tərəfindən malların hər dəfə izlənilməsi, gəlib çatması ilə bağlı onun iradə ifadəsi vardır. Təklif sonradan cavabdeh tərəfindən davam etdirilmişdir. Bu da onun bu müqavilədə tərəf olduğu anlamını verir. Cavabdehin nümayəndəsi izahatında X2 SA, Silcotub və Dineda şirkətlərin müxtəlif şirkətlər olduğunu qeyd etsə də, iddiaçı və cavabdeh arasında olan yazışmalarda qəbz vardır ki, həmin qəbzdə Dineda şirkətinin bir “kompaniya” olduğu, X2 SA və Silcotub şirkətlərinin isə onun tərkibinə daxil olan zavodlar olduğu öz əksini tapır. Cavabdehə ödənişi edən də “kompaniya”nın özü olmuşdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi məhkəməyə təqdim etdiyi etirazların məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, daşımanın 4000 avro dəyərində olmasını inkar etmir. Yükün daşınması iddiaçıya yox, "xxxx" şirkətinə həvalə edilmişdir. Sadəcə olaraq həmin məbləğ ondan tələb edilməli deyildir. Crocus Logistics həmin məbləği ya malı göndərən olan Tenaris Global Services S.A-dan, ya da malın alıcısı olan Caspian İndustry LLC-dən istəməli idi. İddiaçıdan onda sənədlərin göndərilməsini xahiş etdikdə o, həmin sənədləri göndərmiş və sonradan ikinci sənədi silmişdir. Həmin sənəddə möhür var idi. O, bu işdə vasitəçi olmuşdur. İddiaçı bu işin qarşılığında vasitəçilik xidməti göstərdiyi üçün ona ödəniş etməli idi. O, tərəziyə düşdüyü zaman cəriməni ödəmək üçün ona bu pulu verməyini və ödəniş olunduqda həmin pulu oradan çıxmağını istəmişdir. Bu səbəbdən də iddiaçıya təxminən 500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 MMC-nin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. CMR sənədində sifarişçi, daşıyıcı və təhvil alan şirkətlər öz əksini tapmışdır. Cavabdeh şirkət bu sənəddə nə sifarişçi, nə daşıyıcı, nə də alıcı kimi göstərilmişdir. İddiaçının daşıyıcı şirkətlə hər hansı bağlılığını təsdiq edən sənəd də məhkəməyə təqdim edilməmişdir. Həm Cavabdeh2 MMC-nin, həm də Cavabdeh1 işdə ayrı-ayrılıqda cavabdeh kimi cəlb edilməsi prosessual pozuntudur. Cavabdeh kimi Cavabdeh1 cəlb edilməsi ona əlavə öhdəliklərin yaranmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Hazırda məhkəməyə təqdim edilmiş mesajların Cavabdeh2 MMC-yə məxsus olmasını təsdiq edən sübutedici hal yoxdur. “Whatsapp” qrupunda hər hansı elanın verilməsi müqavilə öhdəliklərinin yaranması üçün əsas deyildir. Bunu istənilən şəxs edə bilər. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırığında bankın hər hansı möhürü öz əksini tapmamışdır. Bu səbəbdən həmin sənədin reallığına və həqiqiliyinə əsaslı şübhələr vardır. Səs yazılarından da göründüyü kimi cavabdeh ödənişi özünün edəcəyini bildirməmiş, ödəniləcəyini qeyd etmişdir. Buradan da aydın olur ki, ödənişi cavabdeh özü etmir, həmin ödənişlər kiminsə tərəfindən edilir. Bu səbəbdən ödəniş daşıyıcı şirkətə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə verilmiş sorğuya cavabda qeyd edilir ki, İddiaçıla "xxxx" MMC arasında əmək münasibətləri olmuş və münasibətlərə 2024-cü ilin yanvar ayında xitam verilmişdir. Həmin ilin fevral ayında isə tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Əmək qanunvericiliyinin müddəalarından da aydın olur ki, davamlı münasibətdə olan şəxslər arasında mülki hüquqi müqavilələr bağlana bilməz. Həmin münasibətlər əmək münasibətləri çərçivəsində rəsmiləşdirilməli idi. Xidmət müqaviləsinin müddəalarına diqqət yetirdikdə aydın olur ki, tərəflər arasında müqavilə sərbəstliyi prinsipi pozulmuşdur. Belə ki, müqavilənin 2.2.13-cü yarımbəndində sahibkara özbaşına olaraq başqa şirkətlərə keçməmək barədə öhdəlik qoyulmuşdur. Nəticə olaraq, tərtib edilən xidmət müqaviləsi qanunvericiliyə zidd olan bir müqavilədir. Həmçinin iddia ərizəsi ilə tələb olunan cərimənin hər hansı hüquqi əsası yoxdur, məbləğ formal olaraq qeyd edilmişdir. Cavabdehlərin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 000143 nömrəli Beynəlxalq qaimədən (CMR) görünür ki, yük göndərən SC Silcotub S.A (SİLCO on the behalf of TGSU) (Tenaris Global Services S.A), yükü alan Caspian İndustry LLC olmuş, yükün yüklənmə yeri Rumıniya Respublikasının Zalau şəhəri, boşalma yeri isə Azərbaycan Respublikasının Bakı şəhəri qeyd edilmişdir. Həmin sənədin məzmunundan aydın olur ki, qaimə 20 may 2024-cü il tarixində Rumıniya Respublikasının Zalau şəhərində tərtib edilmiş (sənədin 21-ci qrafası), 05 iyun 2024-cü il tarixində isə yük Bakı şəhərində qəbul edilmişdir (sənədin 24-cü qrafası). İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 MMC (MMC-nin adından Cavabdeh1) arasında “Whatsapp” sosial platforması vasitəsilə 15 may 2024-cü il tarixində aparılmış yazışmaların məzmunundan görünür ki, iddiaçı və cavabdeh Rumıniya Respublikasının Zalau şəhərindən yükün Bakı şəhərinə daşınmasını 4000 avroya daşınmasını razılaşdırmışlar. Həmin yazışmalarda cavabdeh iddiaçının suallarına cavab olaraq daşınma haqqının forması (“köçürmə yolu ilə”), yükləmənin vaxtı (“cümə günü”) və razılaşdırdıqları pul məbləğinin valyutası (“euro”) barədə məlumat vermiş, eyni zamanda ondan maşın və sürücü məlumatlarını istəmişdir. Həmin danışıqların sonrakı gedişindən aydın olur ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikasının ərazisinə keçib-keçməməsini soruşmuş, iddiaçı buna müsbət cavabdeh verdikdən sonra onda olan barkodun göndərilməsini xahiş etmişdir. Tərəflər arasında “Whatsapp” sosial platforması vasitəsilə 04 iyul 2024-cü il tarixində aparılmış danışıqlar zamanı iddiaçı cavabdehdən daşınma haqqının məbləğinin ödənilməsini tələb etmiş (“Mən pul gözləyirəm axı belə etməyin”), cavabdeh buna cavab olaraq ona gözləməsini bildirmiş, iddiaçı nə vaxta qədər gözləməli olduğunu, cavabdehdən pul gözlədiyini bildirərək narazılığını qeyd etmiş, cavabdeh isə iddiaçıya zəng edəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 fevral 2024-cü il tarixli 0001 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, firma ("xxxx" MMC) sahibkarı (İddiaçı) beynəlxalq yük daşımalarını həyata keçirmək üçün müəyyən edilmiş müvafiq sənədlərlə təmin etməyi (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ona ayrılmış müxtəlif ölkələrə məxsus olan icazə blankların və BNF kitabçaların (1 ədəd İcazə blankın və BNF kitabçaların Dövlət rüsumu və komissiya haqqı Nazirlər Kabiteni tərəfindən təyin olunur), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiyası tərəfindən TİR CORNET və CMR (Beynəlxalq əmtəə nəqliyyat qaiməsinin) ABADA Assosiyası tərəfindən müəyyən edilmiş məbləğdə alınması, Dövlət Gömrük keçid məntəqələrindən keçidi üçün şirkət adından lazımlı sənədlərin: müqavilələrin, etibarnamələrin verilməsi) öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, sahibkar isə firmanın göstərdiyi mütəmadi xidmətin əvəzində firmaya aylıq 50 manat məbləğində nağd və ya köçürmə yolu ilə xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.1.6-cı və 2.1.7-ci yarımbəndlərinə əsasən, sahibkarın “ABADA”ya (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası) üzvlüyə qəbul edilməsini təmin etmək və sahibkarı BYD-də istifadə edilən bütün növ sənədlərlə təmin etmək (kamet - TİR, SMR) firmanın vəzifələridir. Həmin müqavilənin 2.2.2-ci-2.2.4-cü yarımbəndlərinə əsasən, beynəlxalq yük daşımaları üçün sərbəst şəkildə sifarişçilər ilə müqavilə bağlayıb yüklərin daşınmasını həyata keçirmək, daşıma haqqı və ödəniş qaydalarını sərbəst şəkildə müəyyən etmək, firmadan beynəlxalq yük daşımalarında istifadə edilən bütün növ sənədlərlə təmin edilməsini tələb etmək sahibkarın hüquqlarıdır. İş materiallarında olan “Cyber receipt” adlanan 20 may 2024-cü il tarixli və 06 iyun 2024-cü il tarixli ödəniş sənədlərindən görünür ki, DİNEDA İNT SRL tərəfindən Cavabdeh2 MMC-nin hesabına (AZ33AİİB401500E**********123) həmin tarixlərdə hər biri 2300 avro olmaqla, cəmi 4600 avro pul məbləği köçürülmüşdür. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 MMC arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, cavabdehin iddiaçıya göndərdiyi “Tenaris Silcotub” şirkətinin məlumatlarının əks olunduğu vəsiqədə “Compania: DİNEDA İNT” (yuxarıda istinad edilən ödəniş qəbzlərində cavabdehin hesabına pul köçürən təşkilat) qeyd edilmişdir. Həmin yazışmada cavabdeh iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat verir. İş materiallarına əlavə edilmiş, mailto:darius@dineda.roElektron ünvan elektron poçt ünvanından iddiaçının nümayəndəsinə 20 may 2024-cü il tarixli və 06 iyun 2024-cü il tarixli ödəniş sənədləri göndərilmiş və həmin ödənişlərin Cavabdeh2 MMC-yə ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan iddiaçı və “X3” adlandırılmış nömrə arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, “X3” daşıma haqqının 2 dəfə 2300 avro olmaqla 20 may 2024-cü (yük yükləndikdə) və 06 iyun 2024-cü il (yük boşaldıldıqda) tarixlərində Cavabdeh2 MMC-nin hesabına köçürüldüyünü və həmin məbləğin Cavabdeh2 MMC-dən tələb edilməli olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən “Ekol” Vəkil bürosuna ünvanlanmış 18 mart 2025-ci il tarixli 3-17-5/2-25989/2025 nömrəli məktuba əlavə edilmiş sənəddən görünür ki, İddiaçıla "xxxx" MMC arasında 01 noyabr 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə 31 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 41-ci bölməsindən İddiaçı ünvanlanmış 13 avqust 2024-cü il tarixli 47-4/2- A-5498 nömrəli məktubda iddiaçının 31 iyul 2024-cü il tarixdə DİN-in “102” xidməti-zəng mərkəzinə daxil olmuş müraciətinin araşdırıldığı və qeyd olunan məsələ mülki xarakterli olduğundan aiddiyəti üzrə məhkəməyə müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və Cavabdeh2 MMC arasında Rumıniya Respublikasının Zalau şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə yük daşınmasının təşkil edilməsi ilə bağlı şifahi qaydada tapşırıq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) qismində çıxış edən iddiaçı cavabdehin (vəkalət verənin) ona tapşırdığı xidməti (yükün daşınmasını) icra etsə də, cavabdeh həmin xidmətin müqabilində ona ödəməli olduğu haqqı (muzdu) ödəməyərək öhdəliyi pozmuşdur. Tərəflər arasında tapşırıq müqaviləsinin mövcudluğu və onların tapşırıq müqaviləsinin subyektləri qismində çıxış etməsi aralarında “Whatsapp” sosial platforması vasitəsilə aparılmış danışıqlarla tam sübut edilməkdədir. Belə ki, həmin yazışmalarda cavabdeh iddiaçının suallarına cavab olaraq daşınma haqqının forması (“köçürmə yolu ilə”), yükləmənin vaxtı (“cümə günü”) və razılaşdırdıqları pul məbləğinin valyutası (“euro”) və iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat vermiş, ondan maşın və sürücü məlumatlarını istəmiş, daha sonrakı müddətdə isə Azərbaycan Respublikasının ərazisinə keçib-keçməməsini soruşmuş, iddiaçı buna müsbət cavabdeh verdikdən sonra onda olan barkodun göndərilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh2 MMC (hüquqi şəxsin adından onun qanuni təmsilçisi olan digər Cavabdeh1) arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan danışıqları Cavabdeh1 inkar etməmiş, əksinə məhkəmə iclaslarında verdiyi izahatlar zamanı bilavasitə həmin danışıqların məzmununa istinad edərək öz dəlillərini irəli sürmüşdür. Bu isə ona dəlalət edir ki, həmin danışıqlar iş üzrə mötəbər sübutdur. Cavabdehin müqavilə öhdəliyini icra etməməsi sözügedən sosial platforma vasitəsilə tərəflər arasında 04 iyul 2024-cü il tarixində aparılmış danışıqların məzmununa əsasən tam sübut edilməkdədir. Belə ki, iddiaçı həmin tarixdə cavabdehdən daşınma haqqının məbləğinin ödənilməsini tələb etmiş (“Mən pul gözləyirəm axı belə etməyin”), cavabdeh buna cavab olaraq ona gözləməsini bildirmiş, iddiaçı nə vaxta qədər gözləməli olduğunu, cavabdehdən pul gözlədiyini bildirərək narazılığını qeyd etdikdə isə, cavabdeh iddiaçıya zəng edəcəyini bildirmişdir. Başqa sözlə, cavabdeh həmin danışıqlar zamanı tapşırıq müqaviləsi üzrə muzdun məbləğini ödəmək öhdəliyini bir dəfə də olsun inkar etməmiş, əksinə yükün yığılmasından daha əvvəlki müddətdən başlayaraq cavabdehlə daşıma haqqını şərtləşdirmiş, iddiaçı tərəfindən xidmət göstərilərək yük boşaldıldıqdan sonra muzd tələb edildikdə isə, iddiaçıya gözləməsini, ona zəng edəcəyini bildirərək öhdəliyin icrasından yayınmışdır. İddianı qəbul etməyən cavabdehin əsas dəlili daşımanın "xxxx" MMC-nin adından həyata keçirilməsi səbəbindən iddiaçının hazırkı iş üzrə iddia tələbini irəli sürmək hüququnun olmamasıdır. Bu halla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan X1 Xidmətinin 18 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş sənəddən görünür ki, İddiaçıla (sahibkar) "xxxx" MMC (firma) arasında 01 noyabr 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə 31 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. Həmin tarixdən sonra, yəni 01 fevral 2024-cü il tarixində tərəflər arasında 0001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmunundan və bu qətnamənin “İş materialları” hissəsində istinad edilmiş bəndlərindən görünür ki, firma ("xxxx" MMC) sahibkarı (İddiaçı) beynəlxalq daşıma üçün zəruri olan sənədlərlə təchiz etməyi, sahibkar isə bunun müqabilində aylıq 50 manat məbləğində xidmət haqqı ödəməyi öhəsinə götürmüşdür. Sahibkar daşımaları öz adından həyata keçirir. Beynəlxalq yük daşımaları üçün sərbəst şəkildə sifarişçilər ilə müqavilə bağlayıb yüklərin daşınmasını həyata keçirmək, daşıma haqqı və ödəniş qaydalarını sərbəst şəkildə müəyyən etmək, firmadan beynəlxalq yük daşımalarında istifadə edilən bütün növ sənədlərlə təmin edilməsini tələb etmək sahibkarın hüquqlarıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı sözügedən şirkətin 31 dekabr 2023-cü il tarixdən etibarən işçisi olmamışdır və tərəflər arasında xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Buna görə də, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququ - həyata keçirdiyi yükdaşıma xidməti üzrə yaranan borcu tələb etmək hüququ vardır. Göstərilənlərdən savayı, məhkəmə qeyd edir ki, iş materiallarında olan “Cyber receipt” adlı 20 may 2024-cü il tarixli və 06 iyun 2024-cü il tarixli ödəniş sənədlərindən görünür ki, DİNEDA İNT SRL tərəfindən Cavabdeh2 MMC-nin hesabına (AZ33AİİB401500E**********123) həmin tarixlərdə hər biri 2300 avro olmaqla, cəmi 4600 avro pul məbləği köçürülmüş, mailto:darius@dineda.roElektron ünvan elektron poçt ünvanından iddiaçının nümayəndəsinə yazılmış məktubda həmin ödənişlərin Cavabdeh2 MMC-yə ödənildiyi qeyd edilmiş, eyni zamanda iddiaçı və “X3” adlandırılmış nömrə arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmalardan görünür ki, daşıma haqqının 2 dəfə 2300 avro olmaqla 20 may 2024-cü (yük yükləndikdə) və 06 iyun 2024-cü il (yük boşaldıldıqda) tarixlərində Cavabdeh2 MMC-nin hesabına köçürüldüyü və həmin məbləğin Cavabdeh2 MMC-dən tələb edilməli olduğu bildirilmişdir. Məlumdur ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Eyni zamanda, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllənin 89.2-ci və 88-ci maddələri). Bundan başqa, mülki qanunvericiliyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Məhkəmə DİNEDA İNT SRL tərəfindən göndərilmiş ödəniş qəbzlərini və iddiaçının nümayəndəsi ilə mailto:darius@dineda.roElektron ünvan elektron poçt ünvanı arasında, o cümlədən digər yazışmaların işə aidiyyətini qiymətləndirərkən nəzərə alır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında “Whatsapp” sosial platforması vasitəsilə aparılan yazışmada cavabdehin iddiaçıya göndərdiyi “Tenaris Silcotub” şirkətinin məlumatlarının əks olunduğu vəsiqədə “Compania: DİNEDA İNT” (yuxarıda istinad edilən ödəniş qəbzlərində cavabdehin hesabına pul köçürən təşkilat) qeyd edilmişdir. Həmin yazışmada, həmçinin cavabdeh iddiaçıya yüklənməyə dəvət olunacağı barədə məlumat vermişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə sübutlara hərtərəfli və tam baxdıqdan sonra müvafiq qiymətləndirməli aparmalı, müqavilə şərtlərini təfsir edərkən isə bütün müvafiq halları, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı və tərəflərin sonrakı hərəkətləri nəzərə almalıdır. Mülki və mülki-prosessual qanunvericiliklərin məhz bu tələbləri baxımından məhkəmə işin faktiki halları ilə iddiaçının təqdim etdiyi bütün sübutları məcmu halda qiymətləndirdikdə, belə qənaətə gəlir ki, həmin sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla biri digərini inkar etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərdən 4200 avro məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, Cavabdeh2ndən 4000 avro ödəniş anında Azərbaycan manatının məzənnəsilə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddia tələbinin 200 avro məbləğində olan hissəsi iddiaçının yükü Azərbaycan Respublikasına gətirdikdən sonra 2 gün müddətində normadan artıq durması ilə əsaslandırılsa da, tələbin həmin hissədə əsaslılığını təsdiq edən müvafiq sübutlar təqdim edilməmişdir. Eyni zamanda, iddia tələbinin borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin tərəfi qismində məhz Cavabdeh2 MMC çıxış etdiyindən və həmin müqavilə üzrə müvafiq hüquq və vəzifələrə Cavabdeh2 MMC malik olduğundan həmin müqavilədən irəli gələn tələblər üzrə öhdəlik daşıyan Cavabdeh2 MMC-dir və tələb olunan borc məbləği də ondan tutulmalıdır. Bundan başqa, iddia tələbinin 1000 manat məbləğində cərimənin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə razılaşma nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Bundan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 96,8 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən 4000 avro məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsilə və 96,8 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən 4000 (dörd min) avro məbləğində borc ödəniş anında Azərbaycan manatının məzənnəsilə və 96,8 (doxsan altı manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar