Məhkəmə qərarları › İş №e-2-2(119)-1829/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1829/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1829/2024 09.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: alqı-satqı müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 09 oktyabr 2024-cü il tarixdə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1970 (min doqquz yüz yetmiş) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1970 (min doqquz yüz yetmiş) manat penya və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4000 (dörd min) manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, “Mətanət A” şirkəti ilə bağladığı 405/19 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən, malların verilməsindən 15 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulları götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2023-cü il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”-ı tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 1970 (bir min doqquz yüz yetmiş) manat borc qalığını ödəməmişdir. Beləliklə, cavabdeh bu günədək öz borcunu ödəməmiş və buda o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 15 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 405/19 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 1970 (min doqquz yüz yetmiş) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 1970 (min doqquz yüz yetmiş) manat penya və 60 (altmış) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4000 (dörd min) manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. Belə ki, iş materiallarından görünür ki, “Satıcı” - İddiaçı “Alıcı” - Cavabdeh arasında 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqavilə bağlanmışdır.

9. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.

10. 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən, Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda və ya Qaimə-Fakturada öz əksini tapır.

11. Həmin alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən, “Alıcı” və “Satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir.

12. Alqı-satqı müqaviləsinin 5.1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”dan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir.

13. 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsinin 5.2.3-cü bəndinə əsasən, “Alıcı” malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.

14. 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, “Satıcı” öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

15. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” aktından görünür ki, Cavabdeh İddiaçınə 1970 (min doqquz yüz yetmiş) manat borcu vardır. Həmin akt Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir.

16. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli MA/X/0/359/2024 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı, Cavabdeh ilə Alqı-satqı müqaviləsi üzrə əməkdaşlığa başladığı dövrdən indiyənədək İddiaçı Cavabdeh ümumi dəyəri 5779,01 manat olan malları Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən 3809,01 manat məbləğində ödəniş edilmiş və onun 1970 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh mallar satılmış və cavabdeh tərəfindən həmin mallar üzrə müəyyən ödənişlər olunsa da, işin konkret halları ilə müəyyən olunur ki, 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsi üzrə almış olduğu mallara görə 1970 (min doqquz yüz yetmiş) manat əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir.

21. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

31. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqısatqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 1970 (min doqquz yüz yetmiş) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1970 (min doqquz yüz yetmiş) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır.

36. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 44,70 (qırx dörd manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 02 oktyabr 2019-cu il tarixli 405/19 nömrəli alqı-satqı müqaviləsi üzrə 1970 (min doqquz yüz yetmiş) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə və 44,70 (qırx dörd manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2514,70 (iki min beş yüz on dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

40. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

43. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) 1970 (min doqquz yüz yetmiş) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə və 44,70 (qırx dörd manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2514,70 (iki min beş yüz on dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar