Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1847/2025 10.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli təchizat müqaviləsi üzrə 618,93 (altı yüz on səkkiz manat, doxsan üç qəpik) manat məbləğində əsas borc, 61,89 (altmış bir manat, səksən doqquz qəpik) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 710,82 (yeddi yüz on manat, səksən iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli təchizat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında mallar iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh elektron qaimə-fakturalara əsasən ƏDV daxil olmaqla hesablanmış 618,93 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq iddiaçıya ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 27 noyabr 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək cavabdehin ifadəsinin nəzərə alınaraq, iddiaçı təşkilatın sabiq əməkdaşı X1 şahid qismində dindirilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixli iclasında həmin vəsatətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, Vaqif Salmanov adlı şəxs iddiaçı şirkətdə audit vəzifəsində işləmişdir. Vaqif Salmanovun müştərilərdən ödənişləri qəbul emək kimi səlahiyyəti olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə 500 manat məbləğində ödəniş etməsi barədə sənədlər təqdim edilsə də, iddiaçı təşkilata yalnız 400 manat məbləğində ödəniş daxil olmuşdur, 17 yanvar 2024-cü il tarixində cavabdeh tərəfindən edilmiş ödəniş iddiaçı təşkilatın hesabına daxil edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında qeyd edilən geri qaytarılan malların dəyəri ilə bağlı məbləğlə geri qaytarma aktındakı məbləğlər arasında fərq mövcuddur. Belə ki, geri qaytarma aktında geri qaytarılan malların dəyəri kimi 2965,55 manat məbləğində göstərilsə də, 05 avqust 2025-ci il tarixli maliyyə arayışında geri qaytarılan malların dəyəri 2710,92 manat məbləğində qeyd edilmişdir. Əgər hər hansı qiymət dəyişimi olmalı idisə, bu prosesdə cavabdeh də iştirak etməli idi. Bu barədə iddiaçı təşkilata müraciət etmiş və ona Vaqif Salmanovun geri qaytarılmış malların qiymətini səhv hesabladığı bildirilmişdir. Bu hal da yazışmalarda öz əksini tapmaqdadır. Əvvəlki ödənişləri ilə bağlı sənəd təqdim edə bilmədiyindən, məhkəmə iclaslarında hesablanmış 264,29 manat məbləğində borcu olduğunu qəbul edir. Cavabdeh məhkəmədən iddiaçı tərəfindən nəzərə alınmayan ödənişlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən təchizatçı (İddiaçı MMC) alıcıya (Cavabdeh) mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrdə əks olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə Əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesabfakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixinin 20-dən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür. Alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam tam ödəniş öhdəliyi yaradır. Bununla belə, təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3 faiz dəbbə pulu (cərimə) ödəyir. 4.2-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçıya təhvil verilmiş bütün mallara görə penya hesablanır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli EBCM seriyalı 303953 nömrəli elektron qaimə-faktura əsasında ümumi dəyəri 433,34 manat; 31 yanvar 2023-cü il tarixli EBCN seriyalı 957412 nömrəli elektron qaimə-faktura əsasında ümumi dəyəri 99,75 manat; 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 713131 nömrəli elektron qaimə-faktura əsasında ümumi dəyəri 1081,92 manat; 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 713174 nömrəli elektron qaimə-faktura əsasında ümumi dəyəri 1860,48 manat; 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 713057 nömrəli elektron qaimə-faktura əsasında ümumi dəyəri 710,82 manat; 12 iyun 2023-cü il tarixli EBDH seriyalı 712973 nömrəli elektron qaiməfaktura əsasında ümumi dəyəri 93,28 manat məbləğində olmaqla, cəmi 4279,59 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir (İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsindən çıxarış sənədlərindən görünür ki, qeyd edilən elektron qaimə-fakturaların hər biri “Sistem tərəfindən təsdiqləndi” statusundadır). İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli 202 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 433,34 manat; 09 yanvar 2023-cü il tarixli 64 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 93,28 manat; 17 yanvar 2023-cü il tarixli 293 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 99,75 manat; 18 yanvar 2023-cü il tarixli 326 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 1081,92 manat; 22 fevral 2023-cü il tarixli 1779 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 1860,48 manat, 30 mart 2023-cü il tarixli 2807 nömrəli müştəri sifarişi (“заказ клиента”) adlı sənəd üzrə ümumi dəyəri 710,82 manat məbləğində olmaqla, ümumilikdə dəyəri 4279,59 manat təşkil edən mallar cavabdeh tərəfindən sifariş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfdən Vaqif Salmanov adlı şəxs və cavabdeh tərəfindən imzalanmış 21 dekabr 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehin həmin tarixə olan borc məbləği 764,29 manat təşkil etmişdir. Həmin aktın məzmununda cavabdeh tərəfindən “10 yanvar 2024-cü il tarixdə Qırmızı şərab evindən 2965,55 manat malı geri dönüş etdim. Geri dönüşü mağaza sahibəsi Aygün Novruzova ilə etdim” qeyd edilmişdir. İş materiallarında olan təhvil alan qismində Vaqif Salmanov adlı şəxs və təhvil verən qismində cavabdeh tərəfindən imzalanmış 10 yanvar 2024-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, 304 ədəd ümumi dəyəri 2965,55 manat dəyərində olan mallar cavabdeh tərəfindən təhvil verilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli 347157 nömrəli kassa mədaxil orderi üzrə 99,75 manat, 23 mart 2023-cü il tarixli 359168 nömrəli kassa mədaxil orderi üzrə 50 manat, 29 mart 2023-cü il tarixli 359275 nömrəli kassa mədaxil orderi üzrə 100 manat, 19 may 2023-cü il tarixli 393096 nömrəli kassa mədaxil orderi üzrə 50 manat, 23 iyun 2023-cü il tarixli 412851 nömrəli kassa mədaxil orderi üzrə 200 manat, 06 iyul 2023cü il tarixli 413138 nömrəli kassa mədaxil orderi üzrə 50 manat, 02 fevral 2024-cü il tarixli 507369 nömrəli kassa mədaxil orderi üzrə 100 manat, 22 fevral 2024-cü il tarixli 507369 nömrəli kassa mədaxil orderi üzrə 200 manat, 15 mart 2024-cü il tarixli 507405 nömrəli kassa mədaxil orderi üzrə 100 manat məbləğində olmaqla, cavabdeh tərəfindən iddiaçıya cəmi 949,75 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “Whatsapp” sosial şəbəsi vasitəsilə “Vaqif Salmanov” adlı şəxslə aparılmış yazışmaların məzmunundan görünür ki, 17 yanvar 2024-cü il tarixdə 100 manat, 28 yanvar 2024-cü il tarixdə 100 manat, 19 fevral 2024-cü il tarixdə 200 manat və 06 mart 2024-cü il tarixdə 100 manat məbləğində olmaqla, cavabdeh tərəfindən cəmi 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 05 avqust 2025-ci il tarixli 103/25 nömrəli maliyyə arayışından görünür ki, 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli təchizat müqaviləsi üzrə yazılan qaimələrin məbləği 4279,59 manat, ödənilən məbləğ 949,75 manat, qaytarılan malların dəyəri 2710,91 manat, qalıq borc 618,93 manat müəyyən edilmiş, borcun ödənilməsinin gecikdirilməsinə görə 61,89 manat məbləğində dəbbə pulu hesablanmış və iddia tələbinin məbləği 680,82 manatdır. İş materiallarına, həmçinin 31 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktı və malların təhvil-qəbul aktları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli təchizat müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq təchizatçı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan 4279,59 manat dəyərində olan məhsulları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmişdir. Belə ki, iş materiallarında olan “Whatsapp” sosial şəbəsi vasitəsilə “Vaqif Salmanov” (Vaqif Salmanovun iddiaçı təşklatda işləmiş olduğu iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmişdir) adlı şəxslə aparılmış yazışmaların məzmununu və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərini qarşılıqlı müqayisə edən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 28 yanvar 2024-cü il tarixdə, 19 fevral 2024-cü il tarixdə və 06 mart 2024-cü il tarixdə həyata keçirilmiş ödənişlər nəzərə alınsa da, cavabdeh tərəfindən 17 yanvar 2024-cü il tarixdə ödənilmiş 100 manat məbləğində ödəniş nəzərə alınmamış və 05 avqust 2025-ci il tarixli 103/25 nömrəli maliyyə arayışı tərtib edilərkən “ödənilən məbləğ”in 949,75 manat olduğu qeyd edilmişdir. Halbuki, həmin məbləğ də nəzərə alınmaqla cavabdeh tərəfindən 28 dekabr 2022-ci il tarixli S176/22 nömrəli müqavilə üzrə cəmi 1049,75 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan əlavə, 05 avqust 2025-ci il tarixli 103/25 nömrəli maliyyə arayışında “qaytarılan malların dəyəri”nin 2710,91 manat məbləğində olduğu qeyd edilsə də, iş materiallarında olan təhvil alan qismində Vaqif Salmanov və təhvil verən qismində cavabdeh tərəfindən imzalanmış 10 yanvar 2024-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, ümumi dəyəri 2965,55 manat dəyərində olan mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin 618,93 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 264,29 manat (4279,59 manat - (1049,75 manat + 2965,55 manat) = 264,29 manat) məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 61,89 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (təchizat müqaviləsinin yuxarıda istinad edilmiş 5.1-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 61,89 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 15 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli **********53 nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 264,29 manat məbləğində borc, 15 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 309,29 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 264,29 (iki yüz altmış dörd manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 15 (on beş) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 309,29 (üç yüz doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1847/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1847/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver