Məhkəmə qərarları › İş №e-2-2(119)-185/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-185/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-185/2025 19.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı verilmiş “müqavilənin və protokolun etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 02 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 18592,66 (on səkkiz min beş yüz doxsan iki manat, altmış altı qəpik) manat məbləğində əsas borc və 146,4 (yüz qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 11/22 nömrəli müqavilənin 1 nömrəli Qiymətlərin razılaşma protokoluna uyğun olaraq, cavabdeh tərəfindən ümumi məbləği ƏDV daxil 54870 manat olan mallar əldə edilmiş və bu barədə 12 sentyabr 2022-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən malların dəyərindən ƏDV daxil 33277,78 manat məbləğində ödəniş edilmiş, yerdə qalan ƏDV daxil 21592,22 manat borc məbləği isə ödənilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 mart 2022-ci il tarixli 167 nömrəli məktubla cavabdeh ƏDV daxil 21592,22 manat borc məbləğini etiraf edərək 4 ay ərzində ödəyəcəyini bildirmişdir. Bununla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 09 oktyabr 2023-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Pretenziya məktubu ünvanlandıqdan sonra 12 mart 2024-cü il tarixində borc üzrə qismən ödəniş həyata keçirildiyindən hazırda borc məbləği ƏDV daxil 18592,66 manat təşkil edir. Cavabdehin borc məbləğini ödəmə niyyətini bildirməsi səbəbindən tərəflər arasında borc məbləğinin hissə-hissə ödəniləcəyinə dair 16 fevral 2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, cavabdeh iddiaçı qarşısında ƏDV daxil 18592,66 manat məbləğində borc öhdəliyinin mövcud olduğunu qəbul edərək, sözügedən borc məbləğinin 3000 manat hissəsini 2024-cü ilin fevral ayının sonunadək, yerdə qalan hissəsini isə 5 ay ərzində bərabər hissələrlə ödəniləcəyini öhdəsinə götürsə də, buna riayət etməmişdir. Cavabdehin nümayəndəsi 17 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında imzalanmış 20 iyul 2022-ci il tarixli 11/22 nömrəli müqavilənin və həmin müqavilə üzrə 1 nömrəli Qiymətlərin razılaşma protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 20 iyul 2022-ci il tarixli 11/22 nömrəli müqavilə və həmin müqavilənin 1 nömrəli Qiymətlərin razılaşma protokoluna uyğun olaraq, cavabdeh tərəfindən ümumi məbləği ƏDV daxil 54870 manat olan malların əldə edilməsinə heç bir lüzum olmamış, satıcı tərəfindən bu mallar sifarişçiyə-alıcıya bilərəkdən əvəzolunmaz mal və xidmət kimi təqdim olunmuşdur. Belə ki, əsasən idxal əməliyyatlarında tətbiq edilməli olan bu mal və xidmətlər, ilk əməliyyatlar zamanı öz yararsızlığını ortaya qoymuş və alıcı olan cavabdehə ciddi problemlər yaşatmış və idxal əməliyyatlarında qırılmalara səbəb olmuşdur. Buna baxmayaraq, satıcı tərəfindən tezliklə problemlərin aradan qaldırılmasına dair sözlər verilmiş, lakin satılan malların istifadəsindəki effektsizlik getdikcə özünü daha qabarıq göstərməyə başlamışdır. Yekunda isə məlum olmuşdur ki, bu mallar-xidmətlər tətbiq edilmədən də bütün idxal əməliyyatları daha operativ və səmərəli həyata keçirilə bilər və hazırda da keçirilir. Satıcının, yəni iddiaçının təqdim etdiyi mal və xidmətlər, ilk öncə təqdim olunduğu kimi idxal əməliyyatları zamanı tətbiq edildikdə nəzərdə tutulan funksiyalarını tam həyata keçirə bilməmişdir. Sonradan isə məlum olmuşdur ki, bu kimi əməliyyatlarda bu malların tətbiq edilməsinə ehtiyac belə yoxdur. Hazırda həmin mallar cavabdeh təşkilatda saxlanılır və iddiaçı gərəksiz malı satdığına və təbliğ etdiyinə görə cavabdeh qarşısında məsuliyyət daşıyır. Həmçinin müqavilənin bağlanmasından təsisçinin xəbəri olmamışdır. Əvvəlki rəhbərlik tərəfindən bu işlər tam araşdırılmadan həyata keçirilmiş, satıcı tərəfindən malın təbliğ edilməsi onu aldada bilmişdir. Əvvəlki proseslərdən xəbər tutan cavabdehin təsisçisi tərəfindən ödənişlər müvafiq olaraq dərhal dayandırılmışdır. Məhkəmə iclaslarında ilkin iddia üzrə iddiaçının qanuni təmsilçisi iddia ərizəsini müdafiə edərək qarşılıqlı iddia ərizəsinə isə etiraz edərək izahatlarında bildirmişdir ki, Rusiya Federasiyasının müvafiq qanunundan irəli gələn prosedurları (məsələn, məhsulların üzərinə QR kod vurulması) Azərbaycanda təmsil etdiyi təşkilat həyata keçirir. Cavabdah təşkilatın rəhbəri Rusiya Federasiyasına müəyyən məhsullar göndərəcəyini bildirmişdir. Həmin məhsulların qanunauyğun şəkildə göndərilməsini təmin etmək üçün təmsil etdiyi təşkilat tərəfindən müəyyən xidmətlər göstərilmişdir. Məhsulun üzərinə QR kod vurulmasını təmin edən avadanlıqlar qarşı tərəfə satılmış, proqram təminatı quraşdırılmış, həmçinin məhsulların üzərinə QR kod vurulmuşdur. Göstərilən xidmətlərə görə cavabdeh təşkilat tərəfindən ilkin ödəniş həyata keçirilmiş, qalan məbləğ üzrə sonradan ödəniş həyata keçiriləcəyi bildirilmişdir. Lakin cavabdeh təşkilatın rəhbərliyi müxtəlif bəhanələrlə ödənişi həyata keçirməkdən yayınmışdır. O, qarşı tərəfə məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra barışıq sazişi bağlanmış və pulun ödəniləcəyi vəd edilmişdir. Lakin bundan sonra da hansısa ödəniş həyata keçirilməmişdir. Barışıq sazişi bağlayarkən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Həmin sazişdə qeyd olunan məbləğdə ƏDV nəzərə alınmamışdır. Həmin dövr üçün borcun ümumi məbləği ƏDV də daxil olmaqla 21591,64 manat məbləğində olmuşdur. Barışıq sazişindən sonra cavabdeh tərəfindən 2542,38 manat məbləğində ödəniş həyata keçirilmiş və borc 15755,62 manat məbləğinə qədər azalmışdır. Qeyd edilən məbləğin üzərinə ƏDV-ni gəldikdə hazırda iddia tələbində qeyd edimiş məbləğ, yəni 18592,66 manat məbləğində borc yaranmış olacaqdır. Qarşı tərəfin hansısa etirazı var idisə, rəsmi olaraq müraciət edilməli idi. Lakin 2 il ərzində hansısa etiraz edilməmiş, hətta borc məbləği üzrə ödəniş həyata keçiriləcəyi vəd edilmişdir. Satılan malların keyfiyyəti yüksək olduğuna görə, həmin malların dəyəri də digər avadanlıqlarla müqayisədə daha yüksəkdir. Əgər bununla da bağlı etiraz var idisə, qiymətlərin razılaşma protokolu imzalanmamalı idi. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında ilkin iddia üzrə cavabdehin qanuni təmsilçisi qarşılıqlı iddia ərizəsini müdafiə edərək ilkin iddia ərizəsinə isə etiraz edərək izahatlarında bildirmişdir ki, Rusiya Federasiyasına ixrac olunan məhsullarda problem yaranmışdır. Belə ki, həmin məhsullara QR kod, yəni məhsulun tanınma nişanı vurulmalı idi. Bu proses ilk dəfə həyata keçirildiyindən müvafiq araşdırma aparılmadan avadanlıq iddiaçı təşkilatdan alınmışdır. Avadanlıq quraşdırılmış, ödəniş təsdiqlənmiş və istehsal başlanmışdır. Aparatı quraşdıran zaman qırılmalar, ləngimələr olmuş, avadanlıq işi sürətləndirmək əvəzinə yavaşlatmışdır. İddiaçı təşkilatın qanuni təmsilçisi Ceyhun bəyə avadanlıqla bağlı şikayətlər olmuş və iddiaçı təşkilatın əməkdaşları problemi aradan qaldırmışdırlar. Hazırda avadanlıq anbardadır, istifadə olunmur. Bazarda həmin məhsul 5-10 dəfə ucuz qiymətə təklif edilmişdir. Qarşı tərəflə münasibətləri yaxşı olduğuna görə avadanlıqda olan nasazlıqları yazılı yox, şifahi qaydada telefon vasitəsilə dəfələrlə iddiaçı təşkilata bildirmişdir. Həmçinin qarşı tərəflə münasibətlərin pozulmamasına görə borcu ödəməyi və razılığa gələ biləcəklərini düşünmüş, lakin qurğuda problemin olduğunu iddiaçı tərəf özü də qəbul etmiş və bir neçə dəfə həmin qurğunu sərgidə də nümayiş etdirmişdir. Cavabdehin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 18 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, müqaviləni və qiymətlərin razılaşma protokolunu imzalayan təmsil etdiyi təşkilatın keçmiş direktoru Məharət Abdullayev olmuşdur. Həmin şəxs şirkətin möhüründən istifadə edərək etibardan sui-istifadə etmiş, təmsil etdiyi təşkilatın təsisçisini aldatmışdır. Təmsil etdiyi təşkilatın hazırkı təsisçisi iddiaçı təşkilatdan alınan avadanlıqların hazırda istifadə edilmədiyini, həmin avadanlıqların baha qiymətə satıldığını və Məharət Abdullayevin vasitəsi ilə aldadıldığını bildirir. Həmin avadanlıqlardan istifadə edilməsi məhsulların xaricə ixrac edilməsi prosesini ləngidir. Təmsil etdiyi təşkilat tərəfindən avadanlıqlardan yalnız printer və mono blok istifadə edilir. Bu günə qədər iddiaçı təşkilata rəsmi olaraq etiraz irəli sürülməməsinin səbəbi həmin avadanlıqlar anbarda istifadəsiz vəziyyətdə qalmasıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 11/22 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, satıcı (İddiaçı MMC) müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifarişi ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı alıcının (Cavabdeh MMC-nin) mülkiyyətinə vermək, alıcı isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəmək barədə öhdəlik götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış malın ümumi dəyərini həmin ay ərzində satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 5 (beş) iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə üzrə hər hansı vergilər (ƏDV istisna olmaqla), rüsumlar, malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər və digər xərclər malın ümumi qiymətinə daxil edilir. Həmin müqavilənin 4.2.2-ci yarımbəndinə əsasən, bu müqavilə üzrə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini müqavilədə və alış sifarişində müəyyən edilmiş müddətdə və məbləğdə satıcıya ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 4.3.1-ci yarıməndinə əsasən, bu müqavilə üzrə alınması nəzərdə tutulan malın razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, satıcı malın keyfiyyətinə görə məsuliyyət daşıyır. Malda hər hansı bir qüsurun aşkar edildiyi və ya təchiz olunan malın bu müqavilədə müəyyən edilən şərtlərə və/və ya spesifikasiyalara və/və ya miqdara və/və ya keyfiyyətə uyğun gəlmədiyi təqdirdə, alıcı 15 (on beş) iş günü ərzində satıcıya bu barədə məlumat verməlidir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 655007 nömrəli elektron qaimə-fakturadan görünür ki, “proqram təminatı, treyninq, avadanlığın quraşdırılması” xidmətlərinin dəyəri 46500 manat, ƏDV məbləği isə 8370 manat təşkil etmişdir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli “расходная накладная” adlı sənəddən görünür ki, 12 adda mal (monoblok, printer, scaner, namotçik, Kamera Cognex, elektro şkaf, kabel kreplenie, İntex 100, intex üçün stoyka, yararsız məhsulu xaric edən, siqnal mayakı, konveyer) cavabdehə təhvil verilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 16 fevral 2024-cü il tarixli barışıq sazişinin 1.1-ci bəndinə əsasən, alıcı satıcı qarşısında mövcud olan ƏDV xaric 18298 manat məbləğində borc öhdəliyini qəbul edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən, alıcı etiraf etdiyi borcu satıcıya 2024-cü ilin fevral ayının sonunadək 3000 manatı, yerdə qalan məbləği isə 2024-cü ilin mart ayından başlamaqla 5 ay ərzində bərabər hissələrlə ödəməyi öhdəsinə götürür. Həmin sazişin 1.5-ci bəndinə əsasən, alıcı tərəfindən 18298 manat borc məbləğinin sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə satıcıya ödənilməməsi alıcının saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal barışıq sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, 18298 manat məbləğində borcun alıcı tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli PB/VB-OUT-04999-2024 hesabdan çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 30743,9 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 mart 2022-ci il tarixli 167 nömrəli məktubun məzmununda qeyd edilmişdir ki, “20 iyul 2022-ci il tarixli 11/22 saylı müqaviləyə əsasən təqdim edilən ƏDV daxil 54870 manat məbləğində hesabınızın ƏDV daxil 33277,78 manat məbləği ödənilmişdir. 28 mart 2023-cü il tarixinə kreditor borcu ƏDV daxil 21592,22 manat təşkil edir. Bildirilir ki, müqavilə üzrə qalıq məbləğ 4 ay müddətində ödəniləcəkdir.” İş materiallarında olan cavabdehin qanuni təmsilçisi tərəfindən məhkəməyə 06 fevral 2025-ci il tarixində təqdim edilmiş ərizənin məzmununda qeyd edilmişdir ki, “avadanlıqların işləməsindəki problemlər barədə satıcı "xxxx" MMC-nin rəhbərliyi ilə dəfələrlə danışıqlar aparılsa da, mövcud nöqsanların aradan qaldırılması satıcı tərəfindən təmin edilməmiş, satıcının təqdim etdiyi formada avadanlıqların işləməsi mümkün olmamışdır. Alıcı olaraq bizə hər dələ deyilmişdir ki, problem aradan qaldırılacaqdır. Lakin ixrac məhsullarının hər istehsalı zamanı biz bu kimi nöqsanlı faktlarla yenidən qarşılaşdıq və qərara gəldik ki, məhsul istehsalına yalnız zərər verən bu gərəksiz və yararsız avadanlıqların tətbiqini dayandıraq. Satıcının nümayəndəsi tərəfindən təklif olundu ki, avadanlığı kənar şəxsə satmaq olar və təklif etdiyi qiymət bizə satdığı qiymətdən 5-6 dəfə aşağı qiymət oldu. Bu barədə satıcının nümayəndəsi məhkəmə prosesində özü də bildirdi ki, alıcının istəmədiyi avadanlığı satmağı onlara təklif etdim. Hazırda istehsal zamanı tətbiqi yalnız ziyan verən bu avadanlıqların istifadəsi tam dayandırılmışdır. Və satıcıdan tələb olunur ki, təqdim etdikləri kimi geniş və səmərəli funsiyalara malik olmayan bu avadanlıqları geri götürməli və alıcıya dəyən ziyan qarşısında məsuliyyət daşımalıdır. Bunun da ən ədalətli və obyektiv yolu müqavilənin ləğv edilməsidir. Əlavə olaraq da belə baha qiymətə satılmış avadanlıqların pulunun ölkəmizdən xaricə çıxması ölkəmizin dəyərləri üçün ziyandır. İstehsalat prosesində baş verən neqativ hallar, yaranan problemlər müəyyən vaxtlarda aktlaşdırılaraq rəsmiləşdirilmişdir. Və bu aktlar məhkəməyə təqdim edilir. Müxtəlif vaxtlarda müəyyən edilərək aktlaşdırılan bu nöqsanlar barədə MMC-nin sabiq direktoru qarşı tərəfə bildirsə də, satıcının inandırıcı sözləri hər dəfə münasibətlərin rəsmi qaydada dayanmasının qarşısını almışdır. Yekunda şifahi razılığa gəlinmişdir ki, ödəniş dayansın və ya avadanlıqlar müvafiq qiymətə satılmaqla problemlər öz həllini tapsın. Lakin satıcı baha qiymətə satdığı avadanlıqların ucuz qiymətə satıla bilməsini təklif etməklə bu danışıqları da pozmuş və əsassız, ədalətsiz qaydada iddia qaldırmışdır.” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) arasında bağlanmış 20 iyul 2022-ci il tarixli 11/22 nömrəli müqaviləyə uyğun olaraq, cavabdeh tərəfindən ümumi məbləği ƏDV daxil 54870 manat olan mallar əldə edilmiş və bu barədə 12 sentyabr 2022-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır. Həmçinin tərəflər arasında bağlanmış 16 fevral 2024-cü il tarixli barışıq sazişi ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşısında mövcud olan ƏDV xaric 18298 manat məbləğində borc öhdəliyini qəbul etmiş, həmçinin iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) ünvanlanmış 28 mart 2022-ci il tarixli 167 nömrəli məktubun məzmununda qalıq borc məbləğinin 4 ay müddətinə ödəniləcəyi bildirilmişdir. Bütün bu hallar cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşısında icra edilməmiş borc öhdəliyinin mövcudluğunu təsdiq etdiyindən, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) borcun tutulması tələbi barədə iddiası əsaslıdır və istinad edilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) 18592,66 manat məbləğində əsas borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) 18592,19 manat məbləğində pul vəsaiti iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli elektron qaimə-fakturaya əsasən, satılan malların və göstərilən xidmətlərin dəyəri 46500 manat, ƏDV məbləği isə 8370 manat təşkil edir. İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli hesabdan çıxarış sənədində cavabdehin (ilkin iddia üzrə iddiaçının) etdiyi ödənişlər öz əksini tapmışdır və həmin sənəddə qeyd edilmiş məbləğlərin cəmi 30743,9 manat təşkil edir. Nəzərə alınmalıdır ki, bu məbləğlər ƏDV-ni, yəni əlavə dəyər vergisini özündə ehtiva etmədiyindən, göstərilmiş xidmətlərin ƏDV xaric dəyəri, yəni 46500 manat ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən yerinə yetirilmiş ödənişlərin fərqi 15756,1 təşkil edir. Bu məbləği ƏDV (18 %) ilə birlikdə hesabladıqda isə yekun tutulmalı məbləğ 18592,19 manat təşkil edir (15756,1 x 18 % = 2836,09, 15756,1 + 2836,09 = 18592,19). Qarşılıqlı iddia tələbinin məzmunu və onu müdafiə edən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndələrinin izahatları nəzərdən keçirildikdə, müəyyən edilir ki, alqısatqı müqaviləsinin və qiymətlərin razılaşma protokolunun etibarsız hesab edilməli olmasına dair dəlillər aşağıdakılardan ibarətdir: 1) Alqı-satqı müqaviləsi əsasında təqdim edilmiş mal və xidmətlərin cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nəzərdə tutduğu funksiyaları yerinə yetirə bilməməsi və həmin malların lüzumsuz yerə baha satılması; 2) Müqavilənin bağlanmasından şirkətin hazırkı təsisçisinin xəbərinin olmaması, şirkətin əvvəlki rəhbəri tərəfindən iddiaçı ilə (qarşılıqlı iddia üzrə cavabdehlə) müvafiq araşdırma aparılmadan müqavilənin bağlanması və iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) malı təbliğ etməsi nəticəsində onun aldadılması. Birinci halla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, malda hər hansı bir qüsurun aşkar edildiyi və ya təchiz olunan malın bu müqavilədə müəyyən edilən şərtlərə, spesifikasiyalara, miqdara və ya keyfiyyətə uyğun gəlmədiyi təqdirdə, alıcı 15 iş günü ərzində satıcıya bu barədə məlumat verməlidir (6.7-ci bənd). Həmçinin müqavilədə bu müqavilə üzrə malın keyfiyyətini yoxladıqdan sonra onun dəyərini satıcıya ödəmək alıcının vəzifəsi kimi müəyyən olunmuşdur. (4.2.2-ci yarımbəndi). Göründüyü kimi, tərəflər müqavilə ilə malda yaranmış hansısa qüsurla bağlı satıcıya (iddiaçıya) məlumat verilməsini razılaşdıqları halda, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) qanuni təmsilçisi məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) malın nəzərdə tutulan funksiyaları yerinə yetirmədiyi barədə yalnız telefon vasitəsilə şifahi məlumat verildiyini bildirmiş, bunu təsdiq edən hansısa sübut, o cümlədən iddiaçı təşkilata ünvanlanan hansısa rəsmi müraciət iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş “avadanlığın işləməsində yaranan problemlər, mövcud nöqsanlar (ləngimələr) barədə” aktlar cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndələrinin iştirakları ilə tərtib olunduğundan və həmin aktların tərtibatında qarşı tərəfin nümayəndələri iştirak etmədiyindən həmin birtərəfli sənədləri hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmək olmaz. Bundan başqa, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) borc məbləği üzrə müəyyən məbləğdə ödənişləri həyata keçirməsi malın keyfiyyətini yoxladığını və hansısa etirazının olmadığını təsdiq edir. Həmçinin cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) avadanlıqların baha satılması ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) müqavilə bağlanarkən ona təqdim olunacaq mallar və həmin malların qiymətləri barədə məlumatlı olmuş və müqaviləni imzalayaraq orada göstərilən şərtlərlə razı olduğuna dair iradəsini ifadə etmişdir. Həmçinin cavabdehin müqavilə ödənişlərinin çox hissəsini ödəməsi, borcun mövcudluğu ilə bağlı barışıq sazişi bağlaması göstərilən dəlilin əsassız olmasına gətirib çıxarır. İkinci halla bağlı məhkəmə qeyd edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi məhkəmə iclaslarında verdikləri izahatlarda da bu hala istinad edərək, hazırda şirkətin direktorunun dəyişməsini və əvvəlki direktorun şirkətin möhüründən istifadə edərək etibardan sui-istifadə etdiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, hazırkı iş üzrə müqavilə və onun əsasında tərtib edilmiş sənədlərdə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) təşkilatın möhürü vardır, buna görə də iddia tələbi haqlı olaraq, fiziki şəxsə (direktora) qarşı deyil, hüquqi şəxsə qarşı irəli sürülmüşdür. Həmin sənədlərdə hüquqi şəxsin möhürü olduğundan və direktor sənədləri imzalamaqla bağlı fəaliyyətini məhz hüquqi şəxsin adından həyata keçirdiyindən, hazırkı iddia üzrə cavabdeh qismində cəlb edilməli olan və borca görə məsuliyyət daşıyan məhz Cavabdeh MMC-dir və bu MMC-nin icra orqanının əvvəlki rəhbərinin onun təsisçisini aldatması barədə iddialar Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında mülki-hüquqi məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iş materiallarında olan 31 oktyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 146 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 145,78 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MMC-dən 18592,19 manat məbləğində bоrc və 145,78 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18737,97 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməli, habelə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə qarşı verilmiş “müqavilənin və protokolun etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 18592,19 (on səkkiz min beş yüz doxsan iki manat, on doqquz qəpik) manat məbləğində bоrc və 145,78 (yüz qırx beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18737,97 (on səkkiz min yeddi yüz otuz yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən İddiaçınə qarşı verilmiş “müqavilənin və protokolun etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar