Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1850/2022 22.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi 29 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 2022-ci il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1025,65 (min iyirmi beş manat 65 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 20,78 (iyirmi manat 78 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 34,85 (otuz dörd manat 85 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında Maraqlı şəxs ərizə ilə razı olmadığını bildirərək göstərdi ki, o, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur və həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı yaranan vergi və məcburi dövlət ödənişləri üzrə borclarının ödənilməsindən boyun qaçırmır və həmin borcları hissə-hissə ödəyəcəkdir. Lakin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar Vergi Orqanı tərəfindən fərdi sahibkar olaraq onun özünə hesablanmış 1141,23 manat məbləğində vergi borcu yoxdur. Çünki, həmin borcun hesablanmasına səbəb olan əməliyyat ləğv olunmuş və o, bütün ödənişləri edib, 08 avqust tarixində vergi orqanına fiziki şəxs kimi VÖEN-in 5 il müddətinə dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Vergi orqanı da həmin ərizəni təsdiq edib onun vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Fəaliyyəti dayandırıldıqdan təxminən 3 ay sonra təsadüfən X3 baxarkən ona yenidən borc hesablandığını görmüş və bununla əlaqədar vergi orqanına məktub yazıb borcun yazılma səbəbini soruşduqda, ona vergi hesabatını düzgün göstərmədiyini bildirmişlər. O, Vergi Orqanı əməkdaşına məlum vergi borcunun hesablanmış olduğu müqavilənin ləğv olunduğunu və VÖEN-nin dayandırıldığını demiş və bu mübahisə ilə əlaqədar Vergi Orqanı ilə rəsmi yazışmalar aparmışdır. O, heç bir ödəniş aparmadığı halda, sonradan vergi orqanının əməkdaşı ona 1141,23 manat deyil, 716 manat məbləğində borcunun qaldığını və bu borcu ödəməli olduğunu bildirmişdir. Yəni, o, heç bir ödəniş etməsə də, Vergi Orqanı 1141,23 manat məbləğində olan borcu azaldaraq, 716 manat məbləğində göstərmişdir. Lakin, o, həmin məbləğdə də borc hesablanması ilə razı deyildir və hal-hazırda da Vergi Orqanı ilə bu borcun mübahisəsini aparır. Çünki, onun borcun hesablandığı əməliyyatla bağlı müqaviləsi ləğv olunmuş və bu sistem tərəfindən təsdiqlənmişdir. Buna görə də, o, ərizəçi Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə hüquqi şəxs "xxxx" MMC-nin vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar təmin olunmalıdır. Belə ki, ərizənin məzmunu ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1Terra Beauty” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 1025,65 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 20,78 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs özünün də (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 1141,23 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 34,85 manat məbləğində borcu vardır. Həmin vergi ödəyicilərinə qeyd olunan həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 29 sentyabr 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə araşdırması zamanı vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizədə qeyd olunan 22 sentyabr 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 1025,65 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 20,78 manat məbləğində borcu mübahisə yaratmamış və ərizəyə əlavə edilmiş sənədlərlə həmin borcların mövcudluğu öz təsdiqini tapmışdır. Lakin, həmin ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 22 noyabr 2022-ci il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.etaxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 22 noyabr 2022-ci il tarixə ödənilməmiş cəmi 758,79 (yeddi yüz əlli səkkiz manat 79 qəpik) manat məbləğində borcu qalmışdır. Eləcə də, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 oktyabr 2022-ci ildə çap olunmuş X1 vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 07 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində, 10 oktyabr 2022-ci ildə çap olunmuş X1 vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 10 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində və 25 oktyabr 2022-ci ildə çap olunmuş X1 isə vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 25 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 716,46 (yeddi yüz on altı manat 46 qəpik) manat məbləğində göstərilir. Halbuki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) məlum borc üzrə heç bir ödəniş aparmamışdır. Yəni, vergi ödəyicisi olan xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 1141,23 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna 34,85 manat məbləğində borcunun olması mübahisəlidir və həmin borcların mövcudluğu məhkəməyə təqdim olunmuş sənədlərlə (mötəbər sübutlarla) mübahisəsiz olaraq təsdiq edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi öhdəliklərini və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Vergilər İdarəsinin ərizəsi həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 22 sentyabr 2022-ci il tarixə hesablanmış 1025,65 (min iyirmi beş manat 65 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 20,78 (iyirmi manat 78 qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri - xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1850/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1850/2022
22.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver