Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1860/2025 07.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 8891,99 (səkkiz min səkkiz yüz doxsan bir manat, doxsan doqquz qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1390 (min üç yüz doxsan) manat məbləğində xidmət haqqının və 121 (yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 oktyabr 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 8891,99 manat məbləğində ödəniş həyata keçirilməsi qarşılığında alqı-satqı olunması nəzərdə tutulmuş və xidmət göstərilmişdir. Lakin cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini icra etməyərək xidmətlərin göstərilməsi müqabilində borcunu ödəməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 24 oktyabr 2024-cü il tarixli müqavilənin 1-ci bəndinə əsasən, satıcı (İddiaçı MMC) alıcının (Cavabdeh MMC-nin) yazılı və ya şifahi sifarişlərində nəzərdə tutulan malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malların çeşidi, miqdarı və qiyməti onların təhvil verilməsi zamanı tərəflərin hər bir sifariş üzrə imzaladıqları müvafiq qaiməfakturalarda və ya elektron qaimə-fakturalarda əks olunur. Satıcı alıcının ilk şifahi və ya yazılı sifarişində nəzərdə tutulan mal dəstini nümunəsi bu müqavilənin 1 saylı Qoşmasında verilmiş təhvil-təslim aktı vasitəsilə alıcının sərəncamına verir. İlk sifariş üzrə malların çeşidi, miqdarı və qiyməti tərəflərin imzaladıqları müvafiq təhvil-təslim aktında əks olunur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı sifarişlər üzrə müvafiq təhvil-təslim aktını və müqavilə üzrə sonrakı sifarişlər üzrə müvafiq qaimə-fakturaları imzalamaqla malların çeşid, miqdar, keyfiyyət, komplektlik, qablaşdırma və digər mühüm göstəricilərinin müvafiq sifarişə tam uyğun olmasını təsdiq edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ay ərzində verilən sifarişlərin məbləği həmin ayın son iş günü ərzində alıcı tərəfindən nağd və ya köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 3.1.2-ci yarımbəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq qaimə-faktura sənədlərində göstərilən məbləğin ödənişinin həyata keçirilməsini alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, alıcı satıcıdan təhvil aldığı malın məbləğini müqaviləyə uyğun olaraq tam həcmdə və vaxtında ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcının təqdim etdiyi qaimə-fakturada göstərilən məbləğ alıcı tərəfindən nağd şəkildə və ya köçürmə yolu ilə satıcının hesablaşma hesabına həmin ayın son iş günü ərzində ödənilməlidir. Həmin müqaviləyə 01 nömrəli Əlavə olan 25 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi dəyəri 8892 manat məbləğində olan mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11713460 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 8891,99 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. İş materiallarına həmçinin 01 oktyabr 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək, 06 yanvar 2025-ci il tarixdən 27 oktyabr 2025-ci il tarixədək olan dövrləri əhatə edən İddiaçı MMC-yə məxsus olan bank hesabından çıxarış sənədləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 24 oktyabr 2024-cü il tarixli nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktından və 25 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11713460 nömrəli elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 8891,99 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 01 oktyabr 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək, 06 yanvar 2025-ci il tarixdən 27 oktyabr 2025-ci il tarixədək olan dövrləri əhatə edən İddiaçı MMC-yə məxsus olan bank hesabından çıxarış sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına hansısa ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 8891,99 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələb əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1390 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarından görünür ki, "UNİON" Vəkil Bürosu tərəfindən iddiaçıya 1390 manat məbləğində xidmətin göstərilməsi ilə əlaqədar 04 avqust 2025-ci il tarixli MT2508 seriyalı 10270964 nömrəli elektron qaimə-faktura göndərilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1390 manat məbləğində pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1390 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 700 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 108,91 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 8891,99 manat məbləğində əsas borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 700 manat məbləğində xidmət haqqının və 108,91 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9700,9 manat məbləğində pul vəsaiti pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 8891,99 (səkkiz min səkkiz yüz doxsan bir manat, doxsan doqquz qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı ödənilmiş 700 (yeddi yüz) manat məbləğində xidmət haqqının və 108,91 (yüz səkkiz manat, doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9700,9 (doqquz min yeddi yüz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1860/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1860/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver