Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1874/2025 19.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2025-ci il tarixinə hesablanmış hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 26906,18 (iyirmi altı min doqquz yüz altı manat, on səkkiz qəpik) manat məbləğində vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 20225,34 (iyirmi min iki yüz iyirmi beş manat, otuz dörd qəpik) manat məbləğində vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 11033,26 (on bir min otuz üç manat, iyirmi altı qəpik) manat məbləğində vergi borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 10409,42 (on min dörd yüz doqquz manat, qırx iki qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri - xx xxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxs izahatlarında bildirmişdir ki, ərizəni qəbul etmir. Məhkəməyə təqdim edilən ərizədə qeyd edilən hüquqi şəxslər barədə məlumatı yoxdur, bu hüquqi şəxslərin təsis edilməsində hər hansı formada iştirak etməmişdir. Daha əvvəl hazırkı ərizədə qeyd edilməyən başqa bir hüquqi şəxsin borcu ilə əlaqədar vergi orqanı tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və imzaların ona məxsus olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə də təqdim edilmiş 01 dekabr 2025-ci il tarixli ekspert rəyindən də görünür ki, qeyd edilən şirkətlərlə maraqlı şəxsin hansısa əlaqəsi yoxdur. Maraqlı şəxs göstərilənlərin nəzərə alınaraq məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. İş materialları: İş materiallarından görünür ki, 21 oktyabr 2025-ci il tarixli təhvil-təslim aktına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “TEXNO ENGİNEERİNG" MMC-yə, "xxxx" MMC-yə, “MEGA CONSEPT GROUP" MMC-yə və "xxxx" MMC-yə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələr məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli e-2-2(119)-1874/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 01 dekabr 2025-ci il tarixli 4/1689 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 16 avqust 2023-cü il tarixli “TEXNO ENGİNEERİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), “MEGA CONSEPT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələrdə 15.4 “rəhbər” (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası(ları) qrafalarındakı imzalar Maraqlı şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmənin mövqeyi: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən göründüyü kimi, vergi ödənişlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi əsas gətirilərək Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxslər - "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 26906,18 manat məbləğində vergi borcunun, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 20225,34 manat məbləğində vergi borcunun, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 11033,26 manat məbləğində vergi borcunun və "xxxx" MMCnin (VÖEN: **********) dövlət büdcəsinə 10409,42 manat məbləğində vergi borcunun olması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Yuxarıda - qətnamənin “İş materialları” hissəsində istinad edilən 01 dekabr 2025-ci il tarixli 4/1689 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, adı çəkilən 4 hüquqi şəxsə aid “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizələrdə 15.4 “rəhbər” (qanuni təmsilçi) və ya onun səlahiyyətli nümayəndəsinin imzası(ları) qrafalarındakı imzalar Maraqlı şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Təsvir olunanlarla müəyyən edilir ki, Maraqlı şəxs borclu hüquqi şəxslərin, yəni vergi ödəyiciləri “TEXNO ENGİNEERİNG" MMC, "xxxx" MMC, “MEGA CONSEPT GROUP" MMC və "xxxx" MMC-nin icra orqanlarının rəhbəri təyin olunması barədə rəsmi sənədlər saxtalaşdırılmışdır və nəticədə Maraqlı şəxs rəsmi olaraq vergi ödəyicisi “TEXNO ENGİNEERİNG" MMC, "xxxx" MMC, “MEGA CONSEPT GROUP" MMC və "xxxx" MMCnin icra orqanlarının rəhbəri, yəni həmin vergi ödəyicilərinin qanuni təmsilçilik funksiyasına malik direktoru olması təsdiq edilmədiyindən, hazırkı ərizədə qeyd olunan vergi borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 305, 355-5, 355-6, 355-7, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1874/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1874/2025
19.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver