Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1877/2025 24.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16148 (on altı min yüz qırx səkkiz) manat məbləğində borcun, 1614,8 manat (min altı yüz on dörd manat, səksən qəpik) məbləğində faiz borcunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 18362,8 manat (on səkkiz min üç yüz altmış iki manat, səksən qəpik) məbləğində pul vəsaitinin və 145,1 manat (yüz qırx beş manat, on qəpik) məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə iaşə xidmətlərinin göstərilməsinə dair 25 iyun 2019-cu il tarixli CCS/C/007/19 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1 saylı Əlavəsinin şərtlərinə əsasən, iddiaçı (icraçı) cavabdehin (sifarişçinin) işçilərini Qaradağ rayonunda yerləşən obyektində nahar yeməyi ilə təmin etməyi öz öhdəsinə götürmüş və hər 1 nəfər üçün gündə bir dəfə təmin edilən nahar yeməyinin qiyməti ƏDV-siz 4,2 manat olaraq razılaşdırılmışdır. Müvafiq müqaviləyə dair tərəflər arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən, qeyd edilmiş qiymət dəyişdirilərək ƏDV daxil olmadan 5,5 manat olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş və qarşılıqlı təsdiq edilmiş üzləşmə aktları, təqdim edilmiş hesab-fakturalar və elektron qaiməfakturalar olmasına baxmayaraq, iddiaçı tərəfindən 2023-cü ilin aprel, may, iyun, iyul ayları üzrə göstərilmiş iaşə xidmətlərinin dəyəri, ümumilikdə ƏDV daxil olmadan 16148 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən bu günədək ödənilmədən qalmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 30 oktyabr 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin fəaliyyəti ilə əlaqədar hüquqi ünvanı dəyişdirilərək “AZ1030, ünvan 1ydiyyata alınmışdır. Vəsatətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci, 35.2-ci, 44.2.2-ci və 45.1-ci maddələrinə istinad edilərək işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1877/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin edilərək işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli e-2-2(119)- 1877/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 dekabr 2025-ci il tarixli 2-2(105)-181/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli e-2-2(119)- 1877/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, iddia ərizəsində qeyd edilən borc məbləği 2023-cü ilin aprel, may, iyun, iyul aylarında göstərilmiş xidmətin əvəzi olaraq tələb edilir. 17 iyul 2024-cü il tarixli üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddia tələbində qeyd edilmiş faiz borcu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, müddətin başlanğıc tarixi elektron qaiməfakturanın göndərildiyi tarix - 2023-cü ilin iyul ayı qəbul edilməklə və ödənişin 2 il müddətinə gecikdirilməsi nəzərə alınmaqla, gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik 5 faiz olmaqla hesablanmışdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC və Cavabdeh MMC arasında bağlanmış 25 iyun 2019-cu il tarixli CCS/C/007/19 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən, icraçı (iddiaçı) müqavilənin əlavələrində müəyyən edilmiş iaşə xidmətlərini müqavilədə nəzərdə tutulan şərtlərə əsasən göstərməyi, sifarişçi (cavabdeh) isə xidmətlərin yerinə yetirilməsinin müqabilində icraçıya müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4.2-ci yarımbəndinə əsasən, xidmətlərin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə icraçıya ödəmək sifarişçinin vəzifələrindən biridir. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, hər ay üzrə yerinə yetirilmiş xidmətlər ilə bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalanır. Xidmətlərin qəbulu tarixi təhvil-təslim aktının hər iki tərəfdən imzalandığı tarix hesab edilir. İcraçı hər ay üzrə yerinə yetirilmiş xidmətləri ilə bağlı sifarişçiyə təhvil-təslim aktını təqdim edir. Sifarişçi təhvil-təslim aktının aldığı gündən 5 təqvim günü müddətində onu imzalamalı və ya əsaslandırılmış imtinanı göndərməlidir. Bu zaman imtinanın səbəbləri kimi xidmətlərin bu müqavilənin şərtlərinə uyğun olmaması təchiz edilən ərzağın keyfiyyətsizliyi əsas götürülür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, təhvil-təslim aktı sifarişçiyə təqdim olunduğu tarixdən 5 (beş) təqvim günü ərzində sifarişçi tərəfindən iınzalanmadıqda və/və ya əsaslandırılmış imtina sənədi İcraçıya göndərilmədikdə, həmin təhvil-təslim aktı imzalanmış və xidmətlər qəbul edilmiş hesab olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə yerinə yetirilən xidmətin ödənişi hər aylıq dövrünə görə həyata keçiriləcəkdir. Hər ay ərzində göstərilmiş xidmətin dəyəri həmin müddətdə icraçı tərəfindən faktiki göstərilmiş xidmətin həcminə və müqavilənin ayrılmaz hissəsi olan əlavələrində göstərilən tariflərin tətbiqi ilə müəyyən olunacaqdır və bununla bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktının imzalanmasından sonra, icraçı təqdim etdiyi hesab-fakturaya əsasən təhvil-təslim aktı imzalanma tarixindən 10 təqvim günü ərzində sifarişçi tərəfindən ödəniləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında hesablaşma bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə 01 nömrəli əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin adları qeyd edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə 01 nömrəli əlavə razılaşmanın 1-ci bəndinə əsasən, müqavilə üzrə göstərilən xidmətlərin qiymətində (tariflərində) dəyişikliklərin edilməsi nəzərdə tutulduğu üçün, müqavilənin 1 saylı Əlavəsinin “D” bəndinin (Qiymət cədvəli) 1-ci yarımbəndi dəyişdirilərək, qeyd edilən redaksiyada veriləcəkdir: “Hər bir nəfər üçün gündə 1 dəfə yeməyin (nahar) təmin olunması üzrə xidmət tarifi ƏDV-siz 5,5 manat təşkil edir”. İş materiallarından görünür ki, 04 may 2023-cü il tarixli EBDE seriyalı 894391 nömrəli elektron qaimə-faktura üzrə 5243,92 manat, 06 iyun 2023-cü il tarixli EBDH seriyalı 150751 nömrəli elektron qaimə-faktura üzrə 5769,61 manat, 03 iyul 2023-cü il tarixli EBDJ seriyalı 047406 nömrəli elektron qaimə-faktura üzrə 4925,91 manat və 04 avqust 2023-cü il tarixli EBDL seriyalı 397934 nömrəli elektron qaimə-faktura üzrə 3115,2 manat məbləğində olmaqla, cəmi 19054,64 manat dəyərində görülmüş işlərlə bağlı həmin elektron qaimə-faktura iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, 30 aprel 2023-cü il tarixli hesab-faktura üzrə 5243,92 manat, 31 may 2023-cü il tarixli hesab-faktura üzrə 5769,61 manat, 30 iyun 2023-cü il tarixli hesab-faktura üzrə 4925,91 manat və 31 iyul 2023-cü il tarixli hesab-faktura üzrə 3115,2 manat məbləğində olmaqla, cəmi 19054,64 manat dəyərində görülmüş işlərlə bağlı həmin hesab-fakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan iddiaçı və cavabdehin möhürləri ilə təsdiqlənmiş və nümayəndələri tərəfindən imzalanmış 17 iyul 2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında cavabdehin 01 iyul 2024-cü il tarixinə iddiaçıya 19054,64 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli maliyyə arayışının məzmununda cavabdehin iddiaçıya 25 iyun 2019-cu il tarixli CCS/C/007/19 nömrəli xidmət müqaviləsi üzrə ƏDV-siz 16148 manat məbləğində borcu olduğu qeyd edilmişdir. İş materiallarına, həmçinin xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024- xx.xx.2025-ci il dövrlərini əhatə edən iddiaçının "xxxx" ASC-də mövcud olan bank hesabından çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 25 iyun 2019-cu il tarixli CCS/C/007/19 nömrəli podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi bağlanılmış, həmin müqavilə icraçı qismində iştirak edən iddiaçı müqavilə öhdəliyinə uyğun olaraq sifarişçi qismində çıxış edən cavabdehin sifarişinə əsasən onun tapşırdığı, razılaşdırılmış xidmətləri icra etmiş, lakin cavabdeh göstərilən xidmətlərin dəyərini ödəməyərək müqavilə öhdəliklərini pozmuş və 16148 (ƏDV-siz) manat məbləğində borcu yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq möhürlənmiş 17 iyul 2024-cü il tarixli il tarixli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 01 iyul 2024-cü il tarixinə ƏDV daxil olmaqla 19054,64 manat məbləğində borcunun olduğunu qəbul etmişdir. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC-dən iddiaçıya məxsus hesabdan çıxarış sənədlərindən görünür ki, cavabdeh tərəfindən üzləşmə aktının imzalandığı tarixdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 16148 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin illik 5 faiz hesablanmaqla 1614,8 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi izahatında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7ci maddəsinin müddəalarına əsasən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik 5 faiz olmaqla hesablanma aparıldığını qeyd etmişdir. Borcun ödənilməsinin gecikdirilməsinin iki ildən artıq davam etməsi, hazırkı iddia ərizəsi ilə məhkəməyə 15 sentyabr 2025-ci il tarixində müraciət edilməsi nəzərə alındıqda iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilir və cavabdehdən iddiaçının xeyrinə 1614,8 manat ((16148:100)*10=1614,8) məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, vəkilin göstərdiyi yardıma görə “Femida” Vəkil bürosunun bank hesabına 600 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 manat məbləğində xidmət haqqının əvəzinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bunlardan əlavə, iddia tələbinin 145,1 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 145,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia təmin edildiyindən ödənilmiş 145,1 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 16148 manat məbləğində əsas bоrc, 1614,8 manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 manat məbləğində xidmət haqqının və 145,1 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18507,9 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdehndən 16148 (on altı min yüz qırx səkkiz) manat məbləğində əsas bоrc, 1614,8 (min altı yüz on dörd manat, səksən qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqının və 145,1 (yüz qırx beş manat, on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18507,9 (on səkkiz min beş yüz yeddi manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1877/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1877/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver